Dar gündə də, xoş gündə də bir yerdəyik

 

Ölkəmizin bütün bölgələrində qardaş ölkəyə yardım üçün insanlar səfərbər olub

 

 Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu dar gündə də qardaşının yanındadır.

Dövlətimiz, xalqımız zəlzələdən zərərçəkən türkiyəli bacı-qardaşlarımıza kömək olmaq üçün faciənin baş verdiyi andan etibarən səfərbər olub, ölkəmizin bütün bölgələrində yardım kampaniyalarına başlanılıb. Hər kəs bağrından qopan qardaş payı ilə bu yardım kampaniyalarında cani-dildən iştirak edir, Türkiyəyə kömək üçün könüllü olur...

 

Fevralın 20-dək hər gün Azərbaycandan humanitar yardım təyyarəsi gedəcək

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, fevralın 6-da baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb.

Xatırladaq ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar 6-9 fevral tarixləri ərzində Azərbaycandan Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə humanitar yardım çatdırılıb, həmçinin 855 000 manat maddi yardım edilib.

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri Türkiyədə baş vermiş zəlzələdə zərərçəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib.

Fevralın 20-dək hər gün Azərbaycandan Türkiyəyə humanitar yardım təyyarəsi göndəriləcək.

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər "Qardaş köməyı" adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər.

 

Heydər Əliyev Fondunun yardımları davam edir

 

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərərçəkmişlərə dəstək məqsədilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fond tərəfindən humanitar yardımlar davam etdirilir.

Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə yardım göstərilməsi məqsədilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi də fevralın 8-dən humanitar kampaniyaya start verib. Bu kampaniya çərçivəsində vətəndaşlardan toplanan humanitar yardımlar da Heydər Əliyev Fondunun dəstəyi ilə zəlzələ bölgəsinə çatdırılır.

Fevralın 10-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı paylaşım edib.

Mehriban xanım Əliyeva paylaşımında bildirib ki, hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir: "Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur".

Türkiyəyə yardım üçün Azərbaycan heç zaman təklif gözləməyib

 

Hələ 1999-cu ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı, 2000-ci ilin əvvəllərində baş verən meşə yanğınları zamanı da qardaş xalqa ilk yardım əlini uzadan məhz Azərbaycan dövləti olub. Dövlətimiz heç bir təklif gözləmədən qardaş ölkənin köməyinə yetişib.

Məlum olduğu kimi, 2021-ci ilin yay aylarında Türkiyədə geniş meşə yanğınları baş vermişxeyli fəsadlara səbəb olmuşdu. Azərbaycan xalqının üzüntüsünə səbəb olan həmin çətin anlarda dövlətimiz maddi və mənəvi dəstəyi ilə Türkiyənin yanında olmuş, son ana qədər yardımını əsirgəməmişdi. 

Həmçinin ölkəmiz ötən ilin yay aylarında Türkiyənin Muğla bölgəsində baş verən meşə yanğınları zamanı yaşanan fəlakətin qarşısını almaq üçün qardaş ölkəyə yardım etmişdi.

Azərbaycanın qardaş Türkiyəyə dayaq durması təkcə yaxın tariximizdə deyil, uzaq keçmişimizdə də yaşanıb. O da təsadüfi deyildi ki, Çanaqqala savaşından sonra,  XX əsrin əvvəllərində Türkiyənin ağır iqtisadi böhran yaşadığı bir zamanda Mustafa Kamal Paşa kömək üçün üzünü məhz Azərbaycana tutmuşdu...

Türkiyə tarixinin ən çətin sınaqlardan keçdiyi həmin dönəmdə də Azərbaycan hər cür maddi yardımı ilə qardaşının imdadına yetişmişdi.

Gətirdiyimiz bu bir neçə nümunədən də xalqlarımız arasındakı qardaşlığın hansı yüksək səviyyədə olduğu bariz şəkildə gözlər önünə sərilir.

Azərbaycanın da ən çətin anlarında qardaş Türkiyə hər zaman yanımızda, bizimlə çiyin-çiyinə olub. Eləcə də Vətən müharibəsində qardaş ölkənin yaxından dəstəyini hiss etməyimiz bizə ruh, güc verib.

Əminik ki, bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə qardaşlıq və həmrəyliyinin gücü ilə bütün çətinliklərdən qalib çıxacaq.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2023.- 12 fevral.- S.1; 5.