Terrorçu rejimin isterikası
Sırf etnik
mənsubiyyətlərinə görə cənubi azərbaycanlı soydaşlarımız
hədəfə çevriliblər
İranda 6 aydır ki, molla-fars rejiminə qarşı mübarizə davam edir. İslam adı altında dinsiz əməllər törədən mollalar öz tapdanan hüquq və azadlıqları uğrunda ayağa qalxan insanların gözünü terrorla, ölüm hökmü ilə qorxutmağa çalışırlar...
Bir sözlə, gözünü qan bürümüş dinsiz əmmaməlilər günahsız insanların qanını su yerinə axıdırlar.
O da diqqətçəkən faktdır ki, fars rejimi hər zaman olduğu kimi, hazırkı qarışıq vəziyyətdə də daha çox cənubi azərbaycanlı soydaşlarımızı hədəfə alıb. Hazırda İranda ən çox izlənənlər, təqiblərə məruz qalanlar, döyülənlər, güllələnənlər, edam olunanlar arasında cənubi azərbaycanlı soydaşlarımız üstünlük təşkil edir.
Dinsiz mollaların azərbaycanlı soydaşlarımıza qarşı mənfur əməllərini bu yaxınlarda İranda baş verən zəlzələnin fonunda da bir daha aydın gördük.
Qansız rejim Xoyda zəlzələ nəticəsində xəsarət alan, ev-eşiyi dağılaraq gecə-gündüz çöldə ac-susuz qalmağa məcbur qalan soydaşlarımıza heç bir kömək göstərməməklə yanaşı, Azərbaycanın yardım təkliflərini də qəbul etməyərək, mənfurluğunu bir daha nümayiş etdirdi. Rejim həmin azərbaycanlılara sırf etnik mənsubiyyətinə görə yardım etməyərək insanlıqdan uzaq davranış sərgilədi.
Azərbaycana qarşı düşmənçilik
Saxta "islam" respublikasında soydaşlarımıza qarşı törədilən bu xəbis əməllərin arxasında isə, heç şübhəsiz fars rejiminin Azərbaycana qarşı duyduğu düşmənçilik hissi yatır. Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra, sözün əsl mənasında, riyakar İranın kürkünə birə düşüb. Çünki fars rejimi görür ki, tarixi zəfərimiz həm də Cənubi Azərbaycandakı soydaşlarımızın iki yüz ildir tapdanan hüquq və azadlıqları uğrunda mübarizəyə qalxmaları üçün bir təkan, onlarda böyük ruh yüksəkliyi yaradan qələbədir.
Onsuz da tarix boyu İran rejimi Azərbaycana qarşı kin və nifrət göstərib və məhz türkofob, islamofob siyasətinə görə erməni ilə "qardaş"laşıb. Buna görədir ki, 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan, təcavüzkar Ermənistana hər cür dəstək göstərib.
Ötən müddət ərzində İran rəhbərləri bir dəfə də olsun Xocalı soyqırımı, işğal dövründə Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerləyeksan olunması, təhqir edilməsi, minlərlə müsəlmanın qətlə yetirilməsi barədə Ermənistana bir kəlmə də deməyib.
Əksinə, terrorçu İran rejimi erməni vandallarının vəhşi əməllərinə ortaq olub. Faktlarla göstərilib ki, molla rejimi torpaqlarımız işğalda olarkən ərazilərimizin talançılığında birbaşa iştirak edib. Ermənistan Qarabağda sökdüyü evlərdən əldə olunan tikinti materiallarını İrana satıb, həmçinin oradakı meşələrimiz qırılaraq qiymətli ağaclar İrana daşınıb.
Ermənistan Azərbaycanın işğal edilmiş Qarabağ ərazilərinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun təşkilatçılığı ilə yük maşınlarında yanacaq və silah daşıyıb.
Azərbaycanın işğal altında olan əraziləri həm narkotik plantasiyalarının yaradılması, bu maddələrin istehsalı, həm də Şərqdən Qərbə doğru gedən narkotrafik marşrutu kimi istifadə olunub. Bu yaramaz işdə İran xüsusi fəallığı ilə seçilib.
Şəhidlərimizin qanının tökülməsində terrorçu İranın əli var
Vətən müharibəsi dövründə də terrorçu İran Azərbaycana qarşı xain davranışlar sərgiləyib, əlini şəhidlərimizin qanına bulayıb. 44 günlük müharibədən sonrakı dövrdə isə açıq düşmənçiliyə keçən riyakar İran Azərbaycana qarşı təxribatçı əməllərə, terrora əl atıb.
Ötən il Ermənistan sərhədlərini özünün "qırmızı cizgi"si elan edən "müsəlman" qonşumuz Azərbaycan sərhədində hərbi təlimlər keçirdi, Qafanda konsulluğunu açdı, Ermənistana öz istehsalı olan silahlar hədiyyə etdi.
Ölkəmizə qarşı bədnam əməllərindən daha da cuşa gələn dinsiz İran yanvarın 27-də Tehrandakı səfirliyimizdə qanlı terror aktı həyata keçirməklə həddini aşdı.
Əgər həmin hücum zamanı səfirliyimizin təhlükəsizlik xidmətinin əməkdaşı Vasif Tağıyev terrorçunu zərərsizləşdirməsəydi, səfirliyin bütün əməkdaşlarının qətlə yetirilməsi planlaşdırılmışdı.
Bütün dünyanın hiddət və qınağına səbəb olan bu terror hadisəsi ilə bağlı İran tərəfi dərhal məsuliyyəti üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə, problemi məişət hadisəsi kimi göstərməyə, bununla da İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunun hədəfdən yayındırılmasına, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılmasına çalışdı.
Lakin bütün bu faktlar sübut edir ki, Tehranda səfirliyimizə qarşı həyata keçirilən bu qanlı hadisə siyasi terrordur və sifarişçisi də İran dövlətidir. Törədilmiş bu terror aktı indiyə qədər İranda aparılmış anti-Azərbaycan təbliğatının və fəaliyyətinin qanlı nəticəsidir.
Soydaşlarımızın haqq və hüquqlarının tapdalanmasına göz yummayacağıq
Qanlı hadisədən dərhal sonra isə fars rejimi bu terror aktını məişət səviyyəsinə endirmək və məsuliyyətdən yayınmaq cəhdləri edib. Lakin Azərbaycan tərəfi bu terror aktını hərtərəfli araşdıracaq və günahkarların məsuliyyətə cəlb olunmasına nail olacaq.
Eyni zamanda Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı xain İranın sərgilədiyi xüsusi amansızlıqlara, qəddarlıqlara, 40 milyona yaxın soydaşımızın haqq və hüquqlarının tapdalanmasına heç vaxt göz yummayacağıq.
Tarixin tələbi, ədalətin təcəllası, zamanın diktəsi ilə dağılmaq üzrə olan ermənipərəst fars-molla rejimi bunu çox gözəl anlayır və Azərbaycana qarşı isterikası da bununla bağlıdır.
Yasəmən
MUSAYEVA
Azərbaycan.- 2023.- 16 fevral. S. 11.