Azərbaycanın
enerji ixracı imkanları artır
Yeni İES-in istifadəyə
verilməsindən sonra ildə 1 milyard kubmetrə yaxın mavi
qaza qənaət ediləcək
Azərbaycanın enerji sahəsində imkanları getdikcə güclənir. Elə bunun nəticəsidir ki, xüsusən Avropa ölkələri Azərbaycanı bu sahədə özlərinə etibarlı tərəfdaş görürlər. Eyni zamanda "yaşıl enerji" sahəsinə xüsusi diqqət ayıran dövlətimiz bu sahədə xarici investorlarla yeni sazişlər imzalayır.
Digər layihələr kimi, Mingəçevirdə tikiləcək istilik-elektrik stansiyası da Azərbaycanın elektroenergetika sahəsində gücünü artıracaq. Beləliklə, enerji istehsalının artırılması istiqamətində davamlı işlər görən ölkəmiz regionda enerji ixrac edən əsas ölkə kimi mövqelərini daha da möhkəmləndirir.
İldə 2 milyon ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq
Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qəzetimizə açıqlamasında qeyd edib ki, enerji müstəqilliyi milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. Deputat Ulu Öndər Heydər Əliyevin səyi və rəhbərliyi ilə Mingəçevirdə 1981-ci ildə istismara verilən "Azərbaycan" İstilik-Elektrik Stansiyasının o zaman və bu gün üçün də regionun ən böyük elektrik stansiyası olduğunu vurğulayıb. O qeyd edib ki, stansiya bu günə qədər ölkəmizin elektrik enerjisi təchizatında mühüm yerə və rola malikdir. Təsadüfi deyil ki, Vətən müharibəsi dövründə Ermənistanın hədəf aldığı əsas infrastruktur obyektlərimizdən biri də məhz bu stansiya idi.
Tahir Mirkişili bildirib ki, Mingəçevirdə güclü elektroenergetika infrastrukturu yaradılıb: "2018-ci ildə stansiyada baş verən qəzadan sonra Prezident İlham Əliyevin tapşırığı ilə orada əsaslı yenidənqurma işləri aparılıb. Ötən il ölkəmizdə istehsal olunan 29 milyard kVt/saat elektrik enerjisinin 93 faizi istilik-elektrik stansiyalarında istehsal edilib, 3 milyard kVt/saat enerji isə ixrac edilib".
Deputat bildirib ki, məhz "Heydər Əliyev İli"ndə Mingəçevirdə gücü 1280 meqavat olan yeni istilik-elektrik stansiyasının təməlinin qoyulması vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən başladılan elektrik enerjisi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin göstəricisidir. Eyni zamanda bu stansiyada tətbiq olunacaq texnologiya az qaz həcmi ilə yüksək iş məhsuldarlığı əldə etməyə imkan yaradacaq. Müstəqillik dövrünün ən böyük elektrik stansiyası layihəsi olaraq yeni İES ildə 2 milyon ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq.
"İnvestisiya planına görə, bir neçə il ərzində yatırılan vəsaitin geri qayıtması layihənin kifayət qədər uğurlu olacağından xəbər verir. Son zamanlar ölkəmizin elektrik enerjisi ixracını artırması ilə bağlı həyata keçirilən layihələr Azərbaycanın bu sahədə gələcək perspektivlərə sürətlə hazırlaşmasından xəbər verir. Enerji ötürücü infrastruktura investisiyalar yatırılması, partnyor ölkələrin sayının durmadan çoxalması, Azərbaycanın praqmatik siyasətinə etibarın artması, dövlət başçısının geniş və uğurlu iqtisadi siyasəti ölkəmizə elektrik enerjisi istehsalı və ixracından böyük gəlirlər əldə etməyə imkan verəcək", - deyə T.Mirkişili qeyd edib.
Azərbaycanın gücünü göstərən faktor
Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında deyib ki, 1280 meqavat gücündə yeni istilik-elektrik stansiyasının təməlqoyma mərasiminin keçirilməsi Azərbaycanın gücünü göstərən əsas faktorlardandır. Deputatın sözlərinə görə, ölkəmiz enerji sahəsində artıq kifayət qədər ciddi sərmayə qoyuluşu həyata keçirib. Bu da ondan xəbər verir ki, bütövlükdə bu istiqamətdə sərmayənin genişləndirilməsi həm də Azərbaycanda elektrik enerjisinin istehsalının artmasına və təminatının gücləndirilməsinə imkan verəcək.
Vüqar Bayramov qeyd edib ki, bu, Azərbaycanda həm enerji təminatı sisteminin daha da yaxşılaşdırılması, həm də bu sektorun inkişafı baxımından vacibdir: "Bu sərmayə, həm də yeni iş yerlərinin yaradılması anlamına gəlir. Digər tərəfdən, yeni İES-in istifadəyə verilməsi mavi qaza olan tələbatın azaldılması, qaza qənaət edilməsi baxımından da vacibdir. Layihə nəticədə təbii qaza xeyli qənaət edilməsinə imkan verəcək. Eyni zamanda bununla Azərbaycanın ixrac imkanları artacaq".
Yeni İES-in istifadəyə verilməsi ilə ölkəmizdə təxminən 1 milyard kubmetrə yaxın mavi qaza qənaət ediləcəyini vurğulayan deputat bildirib ki, Azərbaycanda illik istehlak 13 milyard kubmetrdir. Elektrik stansiyalarının sayının artması ilə mavi qaza olan tələbin azalması və qənaət həm də Azərbaycan üçün qaz ixracının imkanlarının genişləndirilməsi və ölkəyə daha çox valyutanın daxil olmasına gətirib çıxaracaq. Eyni zamanda ölkəmizin Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunun artmasına imkan yaradacaq. Ümumilikdə bu, Azərbaycanın geosiyasi mövqeyinin gücləndirilməsi, ixrac imkanlarının artması, Avropanın enerji təhlükəsizliyindəki rolu, həmçinin yeni iş yerlərinin açılması, daxildə elektrik təminatının gücləndirilməsi baxımından əhəmiyyətli layihə kimi qiymətləndirilir.
Əsmər QARDAŞXANOVA
Azərbaycan.- 2023.- 16 fevral. S. 4.