"Türkiyənin dərdi dərdimizdir"

 

Xalqımızın adətidir, heç vaxt dərdi olandan "gəlim kömək edim" soruşmaz, gömək etməyə tələsər. Qardaş Türkiyədə zəlzələ xəbərini alan kimi dərhal Azərbaycan Respublikasının Prezidenti can qardaşlarımıza yardıma getmək barədə göstəriş verdi. Vaxt itirmədən Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qrupunun əməkdaşları qardaş ölkəyə yola düşdülər.

Fəlakət zonasına ilk olaraq azərbaycanlı xilaskarlar yetişdi. Dövlətimizin başçısı zəlzələ bölgəsində çalışan texnikanın enerji təminatı xərclərini Azərbaycanın ödəyəcəyini bildirdi. Fəlakət bölgəsində ehtiyac duyulan ən zəruri mallardan ibarət yardımı da ilk olaraq Azərbaycan etdi. Səyyar səhra xəstəxanaları, hərbi və mülki həkimlər, könüllü xilasedici gənclər qardaş ölkəyə tələsdilər. Bir sözlə, xalq bir yumruq, bir can olaraq "Türkiyəm, dərdin dərdimdir", - dedi.

Dərdə təslim olanda dərd insanı yenər. İnsanlarımız dərdin üstə yeridilər. "Birliyimizlə bu bəlanı da aşacağıq", - dedilər. Nənələr "yükdən" yorğan-döşəklərini, analar qızlarına aldıqları cehizliklərini, atalar evdə "dar günü üçün" saxladıqları son manatlarını götürüb yardım məntəqələrinə tələsdilər. Körpələrimiz oyuncaqlarını türk qardaşlarından əsirgəmədilər, gənclərimiz aldıqları təzə paltarlarını fəlakətdən zərərçəkənlərə göndərdilər. Məscidlərdə ehsanlar verilib, dualar oxundu. Kilsələrdə, sinaqoqlarda "zənglər" çalındı. Toy, nişan edəcək gənclərimiz xeyir işlərini təxirə saldılar. "Qardaşımın evində yas var ikən toy edə bilmərəm", - dedi gənclərimiz. Xalqımız "el bir, dil bir" oldu.  Azərbaycanın bütün rayonlarında xalq heç kimsədən tapşırıq almadan, təşəbbüs gözləmədən hərəkətə keçdi. Yardım kampaniyasına qoşulanların içərisində 87 yaşlı qoca da var idi, 5 yaşlı körpə də. Hər yanda yardım məntəqəsi yaradılmışdı. Dövlətimiz edilən yardımın daha tez yetişməsi üçün hava nəqliyyatından istifadə etdi. İnsanlar öz sevgilərini göndərirdilər. Görk üçün, göstərmək üçün etmirdilər, mənəvi rahatlıq üçün edirdilər.

Ötən əsrin əvvəllərində də belə olmuşdur. Azərbaycanlı igidlər Çanaqqala savaşı zamanı heç bir təklif gözləmədən döyüşə qatılıb Türkiyənin bütövlüyü, şərəfi uğrunda canlarını fəda edərək qəhrəmanlıq tariximizə öz adlarını qanları ilə yazmışdılar. 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Zəngəzurda azərbaycanlılara qarşı soyqırımı törədəndə Nuru Paşanın komandanlığı altında "Qafqaz İslam Ordusu" Bakını düşməndən azad etmişdir. 1920-ci illərdə Mustafa Kamal Paşanın "borc istəməsinə rəğmən Nəriman Nərimanov "Paşam, bizdə qardaşa borc vermirlər, qardaşın əlindən tuturlar" cavabını verərək qardaş ölkəyə yardım əlini uzatmışdır. Erməni-daşnak, rus-bolşevik ordusu ilə savaşda yüzlərlə türk əsgər və zabiti canını  döyüşlərdə fəda etmişdir. Biz gözümüzü açandan böyüklərimizdən "Türklər gəlməsəydi, ermənilər bizi qıracaqdı", "Türklər gəldi bizi xilas etdi" dərslərini eşitmişik. Nənələrimiz, analarımız laylaları ilə bu qardaşlığı ruhumuza, canımıza yeridib. Bu qardaşlıq, bu birlik ata öyüdü, ana südü ilə qanımıza yazılıb. Bu gün etdiklərimiz yalnız vəfa borcu deyil, haqq işidir. Allah buyruğudur.

Yardım gətirənlərin sırasında bir əli qabarlı fəhlə qardaşımız da var idi. Gücü iki çörəyə, bir qədər  ərzağa çatmışdı. O, əli qabarlı qardaşımız boğazından kəssə də, yardımı etdiyi o  gün vicdanı rahatlanmışdır. Gecə evində "sakit ol ürəyim, mən də nə isə etdim", - deyib rahat yata bilmişdir. Nə qədər ki zəlzələdən zərərçəkənlərə rahatlıq yoxdur, nə qədər ki əzizlərini itirmiş türk bacı-qardaşlarımız gözyaşı tökəcək, bir o qədər də bizim ürəyimiz qan ağlayacaq.

Günlərdir Türkiyədə zəlzələdən zərərçəkənlərə xalq yardımı davam edir. Etdiyimiz yardımlarla dərdi unutdura, sinəmizdəki yaranı sağalda bilməsək də, "Türkiyəm, dərdin dərdimdir, sevincin sevincimizdir", - deyirik. Təkcə sözlə demirik. Əməlimizlə, ürək yanğısı ilə bu dərdi birlikdə çəkirik.

 

Elşən QƏNİYEV,

Azərbaycan.- 2023.- 16 fevral. S. 6.