Sülh, dostluq, mehribanlıq

 

Mehriban xanım Əliyevanın bəşəri dəyərlərə xidmət edən xoşməramlı missiyası

 

"...Sizə ehtiyacı olanların yanında olacaqsınız, yardımınıza ehtiyacı olanlara əl tutacaqsınız..." Humanizmi, xeyirxahlığı yaşam amalına çevirən, insanlara dayaq-dəstək olmağı həyat məramı sayan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın özünün də ifadə etdiyi kimi, həyat fəlsəfəsinin əsasını insanpərvərlik təşkil edir.

Həm də Azərbaycan dövlətinin, xalqının rifahı və inkişafı naminə uğurlu fəaliyyət göstərən Birinci vitse-prezident Mehriban Əliyevanın insanlıq naminə həyata keçirdiyi xoşməramlı missiyası ölkəmizin hüdudlarını aşaraq dünyaya yayılıb.

 

Daim xalqın yanında

 

Çoxşaxəli fəaliyyətində xüsusilə sosial müdafiəni prioritet müəyyənləşdirən Mehriban xanım Əliyeva Azərbaycandakı bütün kimsəsiz uşaqların doğma hamisi, mənəvi anasıdır. Daun, autizm, talassemiya, əqli, fiziki qüsurlu, xərçəng, şəkər və digər amansız xəstəliklərlə mübarizə aparan uşaqlara daim şəxsi qayğı və diqqət göstərən birinci xanımın təşəbbüsü ilə Azərbaycanda 18 yaşadək, eləcə də digər əlilliyi olan şəxslərin tibbi reabilitasiyası, müalicəsi üçün yüksəksəviyyəli mərkəzlər yaradılıb.

Şəhid ailələri və qazilərə daim diqqət və qayğı göstərən Mehriban xanım onların müalicəsi, sağlamlıqlarının bərpası, işlə, evlə təminatı məsələlərinin həlli istiqamətində mühüm fəaliyyət göstərir.

Aprel döyüşlərində də, Vətən müharibəsinin o çətin anlarında da Mehriban xanım daim xalqımızla bərabər, onlara dayaq, dəstək idi.

Torpaqlarımızın azadlığının sevincini də, şəhid və yaralılarımızın kədərini də xalqımızla birgə yaşayan Mehriban xanım "Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm" deyə 2020-ci il  dekabrın 4-də paylaşımı ilə hər kəsi dərindən duyğulandırmışdı.

Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində şəhid və qazi olanların ailələrinə Heydər Əliyev Fondu tərəfindən hərtərəfli kömək göstərilir, yaralılar yüksəktexnologiyalı protezlərlə təmin olunur, dünyanın ən nüfuzlu xəstəxanalarına müalicəyə göndərilir. Bu kateqoriyadan olan insanlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür.

 

Türkiyə, səninləyik!

 

Ümumiyyətlə, dünyada tolerantlıq mühitinin formalaşması, multikultural dəyərlərə qayğı və diqqət, sivilizasiyalararası dialoqların təşviqi istiqamətində vacib beynəlxalq fəaliyyət həyata keçirən və bəşəri dəyərlərə mühüm töhfələr bəxş edən Mehriban xanımın bu xoşməramlı missiyası insanlığın, dolayısı ilə həyatın var olmasına hesablanıb.  

Elə bu il fevralın 6-da qardaş Türkiyədə baş verən və xeyli sayda insan tələfatına səbəb olan zəlzələdən zərər çəkən türkiyəli-bacı qardaşlarımıza ilk gündən dəstək göstərməsi də Azərbaycanın birinci xanımının xeyirxah əməllərinin daha bir nəcib göstəricisidir.

Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirdiyi paylaşımında Mehriban xanım xüsusilə vurğulamışdı ki, "Türkiyə xalqının kədəri bizim kədərimizdir".

Fəlakətin baş verdiyi ilk zamanlardan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və göstərişi ilə zəlzələdən zərərçəkənlərə yardımın və zəruri ehtiyacların göndərilməsi təkcə humanitar yox, mənəvi baxımdan da mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-dan etibarən fond Türkiyəyə humanitar yardım təyyarələri göndərir. Bu yardımlar çərçivəsində zəlzələdən zərər çəkmiş şəxslərə müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, axtarış-xilasetmə işlərinə dəstək məqsədilə ləvazimat və avadanlıqlar çatdırılır.

Həmçinin Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə yardım göstərilməsi məqsədilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi fevralın 8-dən humanitar kampaniyaya start verib. Bu kampaniya çərçivəsində vətəndaşlardan toplanan humanitar yardımlar  Heydər Əliyev Fondunun dəstəyi ilə zəlzələ bölgəsinə çatdırılır.

 

"Azərbaycanlı olduğuma görə çox qürurluyam!"

 

Eləcə də bu dar günlərdə türkiyəli bacı-qardaşlarına əllərindən gələn köməyi etməyə çalışan Azərbaycan xalqının xeyirxah əməlləri də Mehriban xanımın nəzər diqqətindən yayınmayıb. Birinci xanım xalqının humanizm əməlləri ilə duyduğu qürur hissini paylaşımında belə ifadə edib: "Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur".

Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş xilasedicilərimizə, xəsarət alanların sağlamlığına qovuşması üçün əlindən gələni əsirgəməyən tibb işçilərimizə, faciədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və təxliyəsi ilə məşğul olan diplomatik xidmət əməkdaşlarına, hadisələri yorulmadan işıqlandıran KİV nümayəndələrinə təşəkkürünü bildirən Mehriban xanım, ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardımtoplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə, qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdarlığını bildirib: "İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə çox qürurluyam!"

 

"İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!"

 

Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan dövlətinin Türkiyə xalqına göstərdiyi bu dəstək və dayaq qardaş ölkədə rəğbətlə qarşılanıb və ölkənin ən ali şəxslərindən tutmuş sıravi vətəndaşlarına qədər hər kəsdə minnətdarlıq oyadıb.

Xatırladaq ki, fevralın 9-da zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep Hava Limanında humanitar yardım gətirən Heydər Əliyev Fondunun əməkdaşları ilə görüşmüş, Azərbaycan dövlətinin və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirmişdi.

"İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!" söyləyən Türkiyə Prezidenti, Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu vurğulamışdı: "Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı verdiyi başsağlığına görə tviterdəki paylaşımında təşəkkür edib.

Eləcə də fevralın 16-da Türkiyənin birinci xanımı tviterdəki paylaşımında zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı göstərdiyi dəstəyə görə Azərbaycana və Mehriban xanıma təşəkkür edib: ""Sizin dərdiniz bizim dərdimizdir" deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Humanitar yardıma, xüsusən də axtarış-xilasetmə qrupları göndərdiyinə görə Azərbaycana və əziz dostum Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm".

 

Dünyamızı qoruyaq

 

Hər kəsin xatirindədir, 2005-ci ildə baş verən və xeyli sayda insan tələfatına səbəb olan dəhşətli zəlzələ zamanı Azərbaycan Pakistana yardım edən ilk ölkələr sırasında idi. 2007-ci ildə Pakistanın Müzəffərabad şəhərində təbii fəlakət zamanı dağılmış 150 nəfərlik məktəbin yerində Heydər Əliyev Fondu tərəfindən 500 nəfərlik müasir məktəb binası inşa edilmişdi. 2012-ci ildə isə yenidən əsaslı təmir olunmuş Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva adına qızlar məktəbinin açılış mərasimi keçirilmişdi. Azərbaycanın birinci xanımının Pakistan xalqına, xüsusən də uşaqlara göstərdiyi qayğı yüksək dəyərləndirilmişdi. Həmçinin Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkili, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirakı, Romada Müqəddəs MarçellinioPietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpası və sair kimi xeyli sayda həyata keçirilən bəşəri irsə xidmətləri bütün dünyada böyük əks-səda doğurub, nümunə götürüləsi örnəyə çevrilib.

Gətirdiyimiz bu bir neçə nümunədən də göründüyü kimi, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi çoxşaxəli xoşməramlı fəaliyyət bəşəri dəyərlərin yaşadılmasına, dünyada sülhə, dostluğa, mehribanlığa xidmət missiyasıdır.

 

Yasəmən MUSAYEVA,

 

Azərbaycan.- 2023.- 23 fevral.- S.4.