Məramı bəlli olmayan missiya

 

 

Xəbər verildiyi kimi, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində mülki missiyası fevralın 20-dən fəaliyyətə başlayıb. İki il müddətinə göndərilən missiyanın tərkibinə 100 nəfər, onlardan da 50-yə yaxını silahsız olan müşahidəçi daxildir.

Ötən ilin oktyabrında Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının prezidenti arasında keçirilmiş Praqa görüşündə Aİ-nin mülki monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi ilə bağlı razılıq əldə olunmuşdu. Bu razılığa əsasən, missiya iki ay müddətinə 40 nəfərdən ibarət heyətlə fəaliyyət göstərməli idi. Azərbaycan bu fəaliyyətə sülh prosesinin sürətlənəcəyinə, normallaşma prosesinə kömək göstərəcəyinə inanaraq razılıq vermişdi. Missiyanın müddəti dekabrın 19-da başa çatsa da, Aİ növbəti mərhələdə bölgədə sülhün və təhlükəsizliyin bərpasının, etimadın yaradılmasının təmin edilməsi, həmçinin iki ölkə arasında beynəlxalq sərhədlərin delimitasiyası proseslərinin asanlaşdırılması üçün əvvəlki missiyanın effektiv olduğunu bəhanə edərək sərhədə daha uzunmüddətli və böyük tərkibdə heyətin göndərilməsi qərarını verdi. Amma bu dəfə Azərbaycanın heç bir razılığı olmadan, həm də sərhədlərin delimitasiya və demarkasiyası müəyyənləşmədiyi halda. Hər vəchlə sülh prosesini ləngitməyə çalışan Ermənistan üçün bu, əsl fürsətə çevrilib. Belə olan halda Aİ-nin sülhü dəstəkləməsi, prosesin sürətlənməsi üçün göstərdiyi səylər şübhə doğurur.

 

 

 

Aİ-nin müşahidə missiyasının sərhədə göndərilməsi qanunsuzdur

 

 

 

Aİ-nin müşahidə missiyasının sərhədə göndərilməsinin qanunsuz olduğunu deyən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, missiya göndərilməzdən əvvəl bu məsələ Azərbaycanla müzakirə olunmalı və razılaşdırılmalı idi. Ermənistan hərzamankı kimi sülh danışıqlarından qaçmaq üçün müxtəlif yollara əl atır. Beləliklə, Ermənistanın müraciəti ilə Aİ bölgəyə icazəsiz missiya göndərmək qərarını alıb.

Missiyanın məramının məlum olmadığını deyən deputat qeyd edib ki, ortaya müəyyən suallar çıxır: "Bu missiya nəyi yoxlayacaq, nəyə qiymət verəcək?  Onların fəaliyyəti sülh prosesini, həqiqətən, sürətləndirəcəkmi? Eyni zamanda missiyanı göndərən rəsmilər Azərbaycan ərazilərinin atəşə tutulması ilə missiyanın gəlməsinin eyni vaxta düşməsini düşünürmü? Təxribatın ilhamvericilərinin və kənar siyasi dəstəkləyicilərinin olduqlarını anlayırlarmı?"

Deputatın fikrincə, Aİ-nin bu missiyasının problemin həllinə heç bir köməyi olmayacaq. Bu, Ermənistanın növbəti siyasi şousudur. Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaq istiqamətində bütün addımları atıb, bunun üçün konkret təkliflər də verib. Əgər Aİ problemi həll etmək istəyirsə, buna dəstək verməliydi, regiona silahlı nümayəndələrini göndərməli deyildi. 

Missiyanın göndərilməsinin yanlış addım olduğunu deyən A.Mirzəzadə onu da əlavə edib ki, Ermənistanın Aİ-dən xahişi üzərindən məsuliyyəti atması kimi qiymətləndirilməlidir. "Bu, Azərbaycanla sülh müqaviləsi bağlamaq və Zəngəzur dəhlizinin açılmasını ermənilərin bacardıqları qədər ləngitmək istəyindən doğan bir məsələdir. Ermənistan məsələnin həllində maraqlı deyil, buna görə də konstruktiv dialoq aparmır. Ermənistan ictimaiyyətində və iqtidarında hələ də Azərbaycan torpaqlarına iddia əhvali-ruhiyyəsi var.  Bunlara baxmayaraq, Azərbaycan suveren hüquqlarını qorumaq əzmindədir", - deyə A.Mirzəzadə qeyd edib.

 

 

 

Missiya mümkün sülh üçün təhdid kimi çıxış edir

 

 

 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov isə bildirib ki,  Avropa İttifaqının həm Azərbaycana, həm də Ermənistana müşahidə missiyası göndərməsi məsələsi Praqa görüşündə gündəmə gəlib. Deputat qeyd edib ki, Prezident İlham Əliyev missiyanın Azərbaycan ərazisində fəaliyyətə başlamasını qəbul etməyib, lakin Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə iki ay müddətinə 40 nəfərlik müşahidə missiyası göndərməsinə razılıq verib: "Avropa İttifaqının, konkret olaraq Fransanın qeyri-sağlam davranışları ilə Praqa görüşündə missiya ilə bağlı müəyyən olunan çərçivələr pozulub. Cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində də ifadə etdiyi kimi, bu, çox məyusedici bir məqamdır. Biz nəyisə razılaşdırırıqsa, hətta şifahi olsa da buna əməl etməliyik. Daha sonra növbəti missiya göndərilməsi ilə bağlı məsələlər gündəmə gəldi və nəhayət, yanvarın ortalarında Avropa Şurasının "Siyasi məsələlər və təhlükəsizlik", eləcə də "Böhranlı idarəetmə üzrə mülki işlər" komitələrində, habelə Avropa İttifaqı səfirlərinin görüşündə müzakirələrdən sonra Ermənistana ikiillik missiya göndərilməsi qərara alındı".

B.Məhərrəmov vurğulayıb ki, Azərbaycanın məsələ ilə bağlı mövqeyi aydındır. O bildirib ki, Prezident İlham Əliyevin yanvarın 10-da müsahibəsində ifadə etdiyi kimi,  növbəti missiyanın göndərilməsi xoşagəlməz bir haldır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə, danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq.

Deputat dedi ki, dövlət başçısı sülh danışıqlarında vasitəçi rolunda çıxış edə bilməsi üçün Avropa İttifaqının özünü dürüst aparmalı olduğunu vurğulayıb və xatırladıb ki, Avropa İttifaqı Fransanın "müstəsna xidmətləri" ilə ən azı bu missiya məsələsində özünü dürüst aparmalıdır. Bu məqamda haqlı suallar meydana çıxır. "Məsələn, prosesin gedişatı necə ola bilər? Yaxud Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyən edilmədən Avropa İttifaqının missiyası fəaliyyətini hansı sərhədlərlə bağlı müəyyən edəcək? Otuz il rəsmən işğalçı kimi tanınan Ermənistanın təcavüzkar, revanşist tələb və iddiaları əsasındamı? Digər tərəfdən, sirr deyil ki, Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasını səbəbsiz yerə ləngidir. Azərbaycan isə dəfələrlə bəyan edib ki, uzunmüddətli müzakirələr aparmağa niyyətimiz yoxdur və vəziyyət bu cür davam edərsə, sərhədlərimizi tarixi ədalətə əsaslanaraq özümüz təkbaşına müəyyən edəcəyik. Proses bu məcrada inkişaf edərsə, Avropa İttifaqının müşahidə missiyasının davranışı necə olacaq? Yaxud mümkün sərhəd qarşıdurmasında Avropa İttifaqı qərəzsiz qalmağı bacaracaqmı? Ötən ilin oktyabrından başlanan missiyanın hesabatlarında Ermənistan tərəfindən dəfələrlə pozulan atəşkəslə bağlı məlumatlar varmı?", - deyə B.Məhərrəmov əlavə edib.

Deputat onu da bildirib ki, bütün bunlar ciddi sual doğuran məqamlardır və missiyanın tərəfsizliyi əsaslı şübhə doğurur. Digər mühüm məqam isə istənilən ölkənin sərhədləri yaxınlığına həmin dövlətin icazəsi və razılığı olmadan hər hansı adda missiyanın yerləşməsi özlüyündə təhdid kimi qiymətləndirilir, həmçinin özünümüdafiə hüququ və mexanizmlərini zərurətə çevirir. Başqa sözlə, Avropa İttifaqının missiyası özlüyündə sabitləşdirici meyar yox, daha çox mümkün sülh üçün təhdid kimi çıxış edir.

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2023.-23 fevral.- S.1; 5.