Dövlət ümumi
təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılmış müəllimlərin, həmin müəssisələrin
direktor və direktor
müavinlərinin, habelə gənclərin
çağırışaqədərki hazırlıq rəhbərlərinin
əməkhaqlarının artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları
2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral
2023-cü il
Azərbaycan.- 2023.-24 fevral.-
S.2.