Ədalətin təntənəsi

 

Azərbaycan beynəlxalq hüquq müstəvisində Ermənistanın yalan iddialarını alt-üst etdi

 

Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarını 30 illik işğaldan azad etməsi həm də İlahi ədalətin təcəllisi, haqqın Zəfər çalması idi...

Düz üç onillik ərzində Ermənistan suveren ərazilərimizi işğalda saxladı, erməni silahlı qüvvələri tərəfindən hələ Birinci Qarabağ müharibəsindən başlayaraq azərbaycanlı hərbçilərə, eləcə də mülki şəxslərə qarşı dünyada misli görünməmiş qırğınlar törədildi.

1992-ci il fevralın 26-da Ermənistan Xocalıda soyqırımı törətdi, bütöv ailələri yer üzündən sildi. Bu günə qədər də Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verməyib.

 Dəhşətli məqamlardan biri isə Ermənistanın bütün bu hərbi cinayətləri dünyanın gözü qarşısında törətməsi və beynəlxalq hüquq çərçivəsində heç bir məsuliyyətə cəlb olunmaması, təcavüzkar ölkəyə hansısa bir sanksiya tətbiq olunmaması idi.

Amma dünyanın bəzi qərəzli təşkilatlarının və ölkələrinin bütün müqavimətlərinə, Ermənistanı qorumalarına baxmayaraq, Vətən müharibəsində Azərbaycan işğalçını torpaqlarından qovaraq ədaləti güc yolu ilə özü bərpa etdi.

Postmüharibə dövründə isə dövlətimizin əsas prioriteti beynəlxalq hüquq çərçivəsində əhalisinin hüquqlarının qorunması və Ermənistanın davamlı insan haqları pozuntularına görə məsuliyyətə cəlb edilməsidir.

 

İrəvan hərbi cinayətlərindən əl çəkmək istəmir

 

Ermənistan 44 günlük müharibədəki məğlubiyyətindən dərs almayaraq və havadarlarına güvənərək Azərbaycana qarşı hərbi cinayətlər, təxribatlar törədir. 30 illik işğal dövründə torpaqlarımızı mina tarlasına çevirən Ermənistan insan həyatını hədəfə alan terrorçu fəaliyyətini Vətən müharibəsindən sonra da davam etdirib. Azərbaycanda təkcə 2022-ci ilin avqustundan etibarən 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox mina aşkar edilib.

Eləcə də 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatına zidd olaraq Ermənistan tərəfi Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə edib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində separatçı rejimin "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarını və Laçın yolu vasitəsilə sərvətlərimizin talanmasını həyata keçirməsi buna bariz nümunədir. Eyni zamanda faktlarla təsdiqlənib ki, Ermənistan Laçın yolundan öz ölkəsində istehsal olunan minaları Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonuna daşımaq və Azərbaycana qarşı təxribatlar törətmək məqsədilə istifadə edib.

Bir sözlə, Ermənistan beynəlxalq cəzasızlıq mühitindən həvəslənərək xalqımıza, ölkəmizə qarşı davamlı təxribatlar törədib, cinayətkar əməllərini davam etdirib.

 

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın yolundakı aksiya ilə bağlı vəsatətini ləğv edib

 

Azərbaycan Vətən müharibəsində hərb meydanında Ermənistanı məğlubiyyətə uğratdığı kimi, beynəlxalq hüquq müstəvisində də təcavüzkar ölkənin dünyanı aldatmağa yönəlik yalan iddialarını alt-üst edir.

Bu baxımdan ölkəmizin Ermənistanın soydaşlarımızın insan hüquqlarını məqsədyönlü şəkildə pozmasına cavab olaraq, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinin də mühüm əhəmiyyəti oldu.

Elə cari il fevralın 22-də BƏM-in "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə müvəqqəti tədbirlərə dair qərarı da Ermənistanın soydaşlarımızın hüquqlarını qəsdən pozmasının beynəlxalq hüquq çərçivəsində daha bir təsdiqidir.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarına dair keçirdiyi brifinqdə məlumat verib ki, Ermənistan əsas 3 məsələyə baxılması üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edibbunlardan biri 12 dekabr tarixində Laçın yolunda ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdiyi dinc aksiya ilə bağlı olub. Ermənistan məhkəməyə müraciətində aksiyanın süni şəkildə təşkil olunmasının təsdiqini tapmaq istəyib. Lakin Azərbaycan tərəfi həmin aksiyaların həqiqətən ekofəallar tərəfindən keçirildiyi barədə sübutları məhkəməyə təqdim edib. Fevralın 22-də açıqlanan qərarda məhkəmə Ermənistanın vəsatətini ləğv edib və aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı fərziyyəni ləğv edib.

Nazir müavini onu da bildirib ki, məhkəmə prosesi zamanı işğaldan azad olunmuş ərazilərimizdə Ermənistanda 2021-ci ildə istehsal edilmiş minaların aşkarlanması haqda Azərbaycan tərəfdən ortaya qoyulan faktların heç birini Ermənistan təkzib edə bilməyib: "Həmçinin bu minalar ancaq Laçın yolu vasitəsilə gətirilə bilərdi. Bu da onu göstərdi ki, son 2 ildə Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini pozur".

 

Ermənistanın iddialarının heç bir əsası yoxdur

 

Ermənistan tərəfindən Beynəlxalq Ədalət Məhkəməsi qarşısında qaldırılan ikinci məsələ guya Azərbaycan hökuməti tərəfindən Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan erməniəsilli şəxslərin buya digər ehtiyaclarının ödənilməməsi ilə bağlı idi.

E.Məmmədov Ermənistanın bu məsələləri 2021-ci ilin martından mütəmadi şəkildə qaldırdığını, Azərbaycanın da davamlı şəkildə öz mövqeyini bildirdiyini söyləyib: "Orada yaşayan hansısa bir vətəndaşın hüquqlarının pozulmadığına dair sübutlar məhkəməyə təqdim olunub. Məhkəmə də Azərbaycanın bu mövqeyini dəstəkləyib. Qərarda qeyd olunub ki, Azərbaycan tərəfi qaz, elektrikinternet xidmətinin təchizatına heç bir müdaxilə etməyib və bu iddiaların heç bir əsası yoxdur".

Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsi qarşısında irəli sürdüyü digər məsələ isə bütün şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin tam dayanıqlı və azad şəkildə Laçın yolundan keçməsi ilə bağlı Azərbaycana öhdəliyin müəyyən edilməsinə dair olub. Bununla bağlı da Azərbaycan tərəfi öz mövqeyini bildirib, bu günə qədər olduğu kimi, bundan sonra da öz öhdəliklərinə sadiq qaldığını məhkəmə dinləmələrində səsləndirib. Məhkəmə qərarını açıqlayanda Azərbaycanın öhdəliyinə sadiq olduğunu vurğulayıb.

Göründüyü kimi, ölkəmiz beynəlxalq hüquq çərçivəsində əhalisinin hüquqlarının qorunması və Ermənistanın davamlı insan haqları pozuntularına görə məsuliyyətə cəlb edilməsi istiqamətində mühüm tədbirlər görür.

Necə ki Azərbaycan Vətən müharibəsində ay-ulduzlu üçrəngli bayrağını Şuşada dalğalandıraraq ədaləti təmin etdi, elə həmin qətiyyətlə də Ermənistanı xalqımıza, ölkəmizə qarşı törətdiyi cinayət əməllərinə görə bütün beynəlxalq hüquq platformalarında məsuliyyətə cəlb olunmasına və cavab verməsinə məcbur edəcək.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2023.-24 fevral.- S.1; 3.