Azərbaycanın
Ermənistan üzərində
daha bir qələbəsi
Bu dəfə
beynəlxalq hüquq müstəvisində
Beynəlxalq Ədalət
Məhkəməsi Ermənistanın
may ayının 12-də
bu məhkəməyə
təqdim etdiyi və 23 aprel 2023-cü il tarixində Laçın yolunun başlanğıcında sərhəd-buraxılış
məntəqəsinin quraşdırılmasının
"qanunsuz" olduğuna
dair vəsatətini yekdilliklə rədd edib.
Xatırladaq ki,
İrəvan Ermənistanla
şərti dövlət
sərhədində - Laçın
yolunun başlanğıcında
Azərbaycanın sərhəd-buraxılış
məntəqəsinin aradan
qaldırılması ilə
bağlı tələb
irəli sürmüşdü.
Ermənistan iddia etmişdi ki, bu sərhəd-buraxılış
məntəqəsinin quraşdırılması
məhkəmənin 22 fevral
2023-cü il tarixli qərarını pozmuşdur.
Azərbaycan tərəfi
məhkəməyə Ermənistan
tərəfindən bu
müddət ərzində
Laçın yolunun qanunsuz istifadə olunmasını sübut edən dəlilləri təqdim etmiş, xüsusilə Ermənistandan
Azərbaycanın Qarabağ
bölgəsinə öz
hərbçilərinin göndərilməsi,
yeni istehsal edilmiş minaların gətirilməsi və bu ərazilərdə basdırılması, ölkəmizin
təbii sərvətlərinin
qanunsuz istismarı və Ermənistana daşınması, üçüncü
dövlətlərin vətəndaşlarının
ölkəmizə qanunsuz
gəlməsinə şərait
yaradılması məqsədi
ilə sui-istifadə hallarına dair çoxsaylı sübutlar
təqdim etmişdir.
İyulun 6-da məhkəmə
Azərbaycanın təqdim
etdiyi sübutlar və gətirdiyi arqumentlərlə tam razılaşaraq Ermənistanın
vəsatətini yekdilliklə
rədd etmiş və bununla Azərbaycanın Ermənistanla
şərti dövlət
sərhədlərində sərhəd-buraxılış
məntəqəsini qurmağa
beynəlxalq hüquq əsasında suveren hüquqa malik olduğunu rəsmi tanımış, Azərbaycanın
Laçın yolundan öz silahlı qüvvələrini çıxarmağa
dair beynəlxalq hüquq əsasında hər hansı bir öhdəliyə malik olmadığını
təsdiqləmiş, habelə
Ermənistan tərəfindən
cari ilin aprel ayından Azərbaycan tərəfindən
öz suveren hüququna əsaslanaraq quraşdırılmış sərhəd-buraxılış
məntəqəsinin fəaliyyətinin
məhkəmənin 22 fevral
2023-cü il tarixli qərarını pozduğuna
dair iddiasını əsassız hesab etmiş və Azərbaycanın sərhəd-buraxılış
məntəqəsi vasitəsilə
Laçın yoluna tam nəzarət həyata keçirməyə
haqlı olduğu ilə razılaşmışdır.
Məhkəmənin Azərbaycanın öz sərhədlərinə nəzarət
etmək hüququnu bir daha təsdiq
edən və Ermənistanın sərhəd-nəzarət
buraxılış məntəqəsinin
aradan qaldırılması
ilə bağlı tələbinin əsassız
olduğunu sübut edən qərarı təqdirəlayiqdir. Bu qərar Azərbaycanın
təhlükəsizliyini və
sülh perspektivlərini
təhdid edən ölkəmizin suveren ərazisinə qanunsuz silah, hərbi texnika və hərbçilərin axınının
dayandırılması zərurətindən
irəli gəlir. Azərbaycanın Laçın
yolunun girişində
sərhəd-buraxılış məntəqəsi təsis
etmək qərarı
onun sərhədlərin
mühafizəsi üzrə
suveren hüququdur.
Bununla da Ermənistanın 1988-ci ildə
başladığı "Miatsyum" layihəsi rəsmən beynəlxalq səviyyədə iflasa uğramışdır.
Qeyd edək ki, Ermənistanın yalan təbliğatına baxmayaraq, sərhəd-buraxılış
məntəqəsi yaradılandan
sonra erməniəsilli
yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəlikləri çərçivəsində
ayrı-seçkilik və
maneə olmadan sərhəd-buraxılış məntəqəsindən keçə
bilirlər.
Rizvan CƏFƏROV,
Azərbaycan.-2023.-
8 iyul.- S.1;8.