İlham
Əliyev Qoşulmama Hərəkatına sədrliyi
dövründə mükəmməl
model yaradıb
İyulun 5-6-da Bakıda
keçirilən Qoşulmama
Hərəkatının Əlaqələndirmə
Bürosunun nazirlər
görüşü yekunlaşıb.
Görüşdə ümumilikdə
93 ölkə, 11 beynəlxalq
təşkilat iştirak
edib.
Azərbaycanın sədrliyi
ilə keçirilmiş
iclasda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi, Yekun sənəd, Bakı Bəyannaməsi, Ev sahibi olan ölkəyə
təşəkkür, eləcə
də 2024-cü ildə
Parisdə keçiriləcək
Olimpiya Oyunlarına dair Xüsusi Bəyannamə kimi mühüm sənədlər
qəbul edilib.
İclas çərçivəsində
Qoşulmama Hərəkatı
Gənclər Təşkilatının
mənzil qərargahının
açılış mərasimi
baş tutub, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir və "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru"
mövzusunda konfrans keçirilib.
Qlobal proseslərə
daha effektiv və adekvat reaksiya verən təşkilat
Milli Məclisin
deputatı Bəhruz Məhərrəmov qəzetimizə
açıqlamasında deyib ki, Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun Bakıdakı nazirlər
görüşü həm milli maraqlar, həm də qlobal məqsədlər
baxımdan çox mühüm tarixi-siyasi hadisədir.
Deputat qeyd edib ki,
yeni çağırışlar şəraitində BMT
başda olmaqla, çoxsaylı təsisatların yeni dünya
düzəninin tələblərini ödəmədiyi
heç kimə sirr deyil: "Məsələn, bəzən
saatlar içində icra olunan BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin
30 il ərzində yerinə yetirilmədiyinin şahidi
olmuşuq. Yaxud BMT-nin ixtisaslaşmış təşkilatı
UNESCO 30 il Azərbaycan ərazilərinin işğala məruz
qalmasına, mədəni nümunələrin, elm-təhsil
ocaqlarının, dini abidələrin, qəbiristanlıqların
dağıdılmasına göz yumduğu halda zəfərimizdən
sonra işğaldan azad olunan Azərbaycan ərazilərində
erməni irsi axtarmağa başladı. Yaxud Fransanın əsrlərlə
davam edən kolonial siyasəti, habelə müasir dövrdə
Korsikada milli dilin və kimliyin qadağan olunmasına bu təsisatların
demək olar ki, hamısı susqunluqla yanaşır".
B.Məhərrəmov bildirib ki, bu cür
institutlarla yeni çağırışları
qarşılamaq mümkün deyil. Bu mənada Bakıda
"Qoşulmama Hərəkatı: meydana çıxan
çağırışlarla mübarizədə birgə və
qətiyyətli" mövzusunda nazirlər
görüşündə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının
sədri İlham Əliyevin verdiyi bəyanatlar yeni dünya
düzənində qlobal məqsəd və hədəflərə
doğru birgəfəaliyyət üçün yol xəritəsi
hesab edilməlidir.
Deputat
vurğulayıb ki, BMT-də islahatlar aparılması barədə
ümumi təkliflərdən o yana keçməyən liderlərdən
fərqli olaraq Prezident İlham Əliyev Qoşulmama Hərəkatına
sədrliyi dövründə islahat nümunəsi ortaya qoyub.
"Etiraf edək ki, Qoşulmama Hərəkatı
böyük potensialına baxmayaraq, Azərbaycanın sədrliyinə
qədər ətalətdə olan bir təsisat olub, amma bu
gün cənab İlham Əliyevin rəhbərliyi altında
Hərəkat özünün təsirli parlament və gənclər
şəbəkəsi olan, qlobal proseslərə BMT-dən
daha effektiv formada adekvat reaksiya verən institusional təşkilata
çevrilib. Prezident İlham Əliyev pandemiya dövründə
qlobal səyləri birləşdirərək məhz
Qoşulmama Hərəkatı çərçivəsində
pandemiya ilə səmərəli mübarizəni təşkil
etdi. BMT də, ÜST də cənab İlham Əliyevin rəhbərliyi
altında formalaşan data bazaya istinadən hərəkət
etdi. Yaxud BMT qətnamələrinin icra mexanizmlərinin
yaradılması, BMT Təhlükəsizlik
Şurasının tərkibinin genişləndirilməsi və
məzmunca yeni baxışla bağlı konkret formulun ortaya
qoyulması, BMT-nin dayanıqlı inkişaf məqsədlərinin
genişləndirilməsi məsələləri məhz Azərbaycan
liderinin ideyalarıdır", - deyə o əlavə edib.
Azərbaycan
Prezidentinin yeni çağırışlar fonunda yeni
dünya düzəninə keçid prosesinin aparıcı
simalarından olduğunu vurğulayan deputat bildirib ki, bununla da
əvvəllər bizi görməzdən gələnlər,
dinləmək istəməyənlər artıq özləri
Azərbaycanın qlobal oyunçu olduğunu etiraf edirlər.
Etiraf etməyənlərin, bu reallığı hələ də
anlamaq istəməyənlərin də Makronun simasında aqibəti
bəllidir.
B.Məhərrəmov
qeyd edib ki, Prezident İlham Əliyev iki dəfə BMT TŞ-də,
Ərəb Liqasında, eləcə də Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun Bakıdakı nazirlər
görüşündə Marseldə Azərbaycana təzyiqlərdən
danışan Fransa Prezidentinin artıq qlobal müstəvidə
"fail persona" olduğunu hamıya göstərdi.
QH öz əhəmiyyətini
bir daha göstərdi
Milli Məclisin
deputatı Kamilə Əliyeva bildirib ki, Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun nazirlər
görüşünün açılış mərasimində
Prezident İlham Əliyev müasir dünyada hələ də
ikili standartların, ədalətsizliyin hökm sürməsi
barədə həqiqətləri beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırıb.
Deputat qeyd edib ki,
bu gün millətlərin azadlığının, dövlətlərin
suverenliyinin, ərazi bütövlüyünün
qorunmasının təminatçısı olduğu BMT, əslində,
bir neçə dövlətin maraqlarını müdafiə
edən yararsız quruma çevrilib. BMT Təhlükəsizlik
Şurasının daimi üzvü olmasından sui-istifadə
edən Fransa bir çox dövlətlərə və xalqlara
qarşı həm işğalçılıq, həm də
soyqırımı siyasəti həyata keçirir: "Fransa
Əlcəzairdə, bir sıra Afrika və Şərqi Asiya
dövlətlərində talançılıq həyata
keçirərək, milyonlarla
insanı qətlə yetirib. Bu gün Fransa Prezidenti
Makron da bu siyasəti davam etdirir. Beynəlxalq təşkilatlar
bu dövlətin törətdiyi cinayətlərlə
bağlı səslərini çıxarmırlar. Prezident
İlham Əliyev isə yeganə dövlət
başçısıdır ki, Fransa dövlətinin və rəhbərinin
təcavüzkar, işğalçı siyasət
aparmasını Qoşulmama Hərəkatının
tribunasından qətiyyətlə dünyaya
çatdırdı. Əslində, ölkə rəhbərimiz
bir çox dövlət başçılarının söyləyə bilmədiyi fikirləri
çox cəsarətli şəkildə səsləndirdi".
K.Əliyeva
bildirib ki, Makron işğalçı Ermənistana dəstək
verməklə, çirkin siyasətini Cənubi Qafqazda da həyata
keçirmək niyyətindədir. "Səriştəsiz
"siyasətçi" başa düşməlidir ki,
regionda İlham Əliyev kimi qətiyyətli siyasətçi
və güclü dövlət başçısı var.
Makron onsuz da gec-tez alçalmış şəkildə geri
çəkiləcək", - deyə o əlavə edib.
Prezident İlham Əliyevin
islamofobiya haqqında fikirlərinə toxunan deputat bir sıra
Qərb dövlətlərində islamofobiyanın geniş
yayıldığını qeyd edib. Bu ölkələrdə
müsəlmanların müqəddəs kitabı Quranın
yandırıldığını xatırladan K.Əliyeva əlavə
edib ki, bunu söz və fikir azadlığı
adlandıranlar, əslində, bütün islam
dünyasına qarşı mənəvi terror törədirlər:
"Bu dövlətlərin rəhbərləri Azərbaycanda
tolerantlığa, multikultural dəyərlərə olan
hörmətə baxıb utanmalıdırlar. Ölkəmizdə
digər dinlərə, mədəniyyətlərə göstərilən
qayğıdan ibrət götürməlidirlər.
Qoşulmama Hərəkatının nazirlər
görüşündə dövlət
başçısı bir daha Azərbaycanın dünyada
ikili standartlara son qoyulmasını və ədalətin bərpa
olunmasının tərəfdarı olduğunu
açıqladı. Bu, çox mötəbər tədbir
idi və öz əhəmiyyətini bir daha göstərdi".
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2023.- 8 iyul.- S.9.