Ermənistan
Respublikasının dağ-mədən
sənayesinin Cənubi
Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə Baş nazir Nikol Paşinyana açıq məktub
Cənab Baş
nazir!
Biz, aşağıda
imzası olan Azərbaycan Respublikasında
fəaliyyət göstərən
vətəndaş cəmiyyəti
təşkilatları beynəlxalq
ekoloji norma və standartları kobud şəkildə pozmaqla, Ermənistan Respublikasının dağ-mədən
sənayesində aparılan
işlərin ətraf
mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi
ekoloji böhranla bağlı dərin narahatlığı ifadə
edən bu məktubu sizə ünvanlayırıq.
Ermənistanın vətəndaş
cəmiyyəti təşkilatlarının
da ölkədə genişlənən ekoloji
problemlərlə bağlı
artan həyəcanını
diqqətlə izləyir,
onların da dərin narahatlığını
bölüşürük. Davam edən mədən əməliyyatları
nəticəsində ekosistemin
korlanması təkcə
Ermənistanın ətraf
mühiti üçün
təhdid deyil, həm də qonşu ölkələrə
böyük təhlükədir.
Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və
rifahını riskə
atır.
Biz, beynəlxalq
ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla
aparılan dağ-mədən
sənayesi işlərinin
dayandırılmasını tələb edirik.
Qeyd edirik ki, Birləşmiş Millətlər Təşkilatının
Dayanıqlı İnkişaf
Məqsədləri (DİM) ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli
çərçivə təqdim
edir. BMT-yə üzv dövlətlər
təmiz hava, təhlükəsiz içməli
su və sanitariya kimi amilləri sağlamlığın
ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri
törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin,
xüsusən “Yaxşı
Səhiyyə və Rifah” üzrə 3-cü,
“Təmiz su və Sanitariya” ilə bağlı
6-cı, Məsuliyyətli İstehsal
və İstehlak üzrə 12-ci, “İqlim
Dəyişikliyinin Fəsadlarına
qarşı Mübarizə”yə
dair 13-cü, “Torpaq Ekosisteminin Mühafizəsi”
üzrə 15-ci Məqsədlərinin
tamamilə əleyhinə
çıxış edir.
Biz, Ermənistan
Respublikasını regionda
ekosistemi ciddi şəkildə korlayan aşağıda adları
çəkilən müəssisələrin
fəaliyyətini dərhal
dayandırmağa çağırırıq:
1.Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatının,
Qafandakı dağ-mədən
kombinatının xrom,
nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları
Oxçuçayı və
Araz çayını
çirkləndirir. Zəngəzur
Mis-Molibden Kombinatının
səhmlərinin 60%-i Almaniyanın
“Cronimet Mining GmbH” şirkətinə
məxsusdur. Burada heç bir ekoloji norma gözlənilmədən
il ərzində orta hesabla 20 milyon ton filiz
emal edilir. Kombinatın mədən tullantıları hovuzu olan 270 milyon kvadrat metrlik Artsevanik su anbarı
bütün region üçün təhdiddir;
2.Qafan dağ-mədən kombinatı 2019-cu ildən
Böyük Britaniyanın
“Chaarat Gold International Limited” şirkətinin tərkibindədir
və hazırda “Chaarat Kapan” adlanır. İl ərzində burada
orta hesabla 1.3 milyon ton filiz emal edilir. Qafan
dağ-mədən kombinatının
tərkibində 4.6 milyon
kvadrat metr ərazini əhatə edən Gütqum (Qeqanuş) mədən tullantısı anbarı
region üçün təhlükə
saçır;
3.Əkərək
(Aqarak) Mis-Molibden Kombinatının da ağır
metal tərkibli mədən
tullantıları Kərçivançay
(Karçevançay) vasitəsilə
Araz çayını
zəhərləyir. ABŞ-ın “Comsup Commodities” şirkəti kombinatın
bütün səhmlərini
satın alaraq onun tam payçısıdır.
İl ərzində burada
orta hesabla 4 milyon ton filiz emal edilir. Kombinatın
Davazam tullantı anbarında hazırda təxminən 36,8 milyon kubmetr təhlükəli tullantı toplanması barədə məlumatlar yayılıb. Tullantı anbarının suyu transsərhəd Araz çayına tökülür;
4.İşğal
dövründə Ermənistan
hakimiyyəti Azərbaycanla
sərhəddə yerləşən
Kəlbəcərin Zod yatağını
qeyri-qanuni olaraq “GeoProMining” şirkətinin
tam istismarına verib.
2009-cu ildə buradan
320,5 min ton, 2010-cu ildə 490 min ton, 2011-ci
ildə 880 min ton miqdarında
hasil edilmiş filizin emalı Dəvəli (Ararat) qızıl
emalı kombinatında
həyata keçirilib.
Nəticədə mədən
yaxınlığındakı Zod (Sotk) çayı mis, dəmir, kadmium və molibden kimi ağır metallarla çirkləndirilib.
Çirklənmiş Zod (Sotk)
çayının Kür
çayına töküldüyünü
nəzərə alsaq
bu, milyonlarla insanın həyatı üçün böyük
təhdiddir. 2018-ci ildə
Avropa İnsan Hüquqları Məhkəməsi
bu mədənin işləməsinə icazə
verməklə regionu çirkləndirməsinə görə,
Ermənistan tərəfindən
ekoloji tarazlıq hüquqlarının pozulmasına
dair qərar da çıxarıb;
5.Avropa İnsan Hüquqları Məhkəməsi 14 fevral
2019-cu il tarixli qərarı
ilə Şınıx
(Şnoq) və Tuğut (Teqout) kəndlərinin məhkəməyə
müraciət etmiş
sakinlərinin torpaqlarında
qanunsuz mədən sənayesi istismarını
təsbit edib, bununla bağlı Ermənistan hökumətindən
zərərdəymiş kəndlilərə
69400 avro dəyərində
təzminat ödənməsi
tələb olunub;
6.Göyçə
vilayətindəki Daşdəm
(Daşdam) Qızıl
Mədəni ildə təxminən 10.000 unsiya qızıl hasil edir. Mədən yerli su təchizatını
aramsız şəkildə
çirkləndirir. Mədənin
çirkab sularında
arsen və civə kimi insan sağlamlığına
və ətraf mühitə zərərli
ağır metalların
yüksək qatılığı
aşkar edilib. Mədənin çirkab suları yaxınlıqdakı
çayları, o cümlədən
əsas içməli
su mənbəyi olan Bərgüşad (Vorotan) çayını
da zəhərləyir. Bərgüşad
çayı Araza tökülür. Mədən
Kanadanın “Lydian International” şirkəti tərəfindən
idarə olunur;
7.Ermənistanın
Lori vilayətindəki Axtala
mədəni ildə təxminən 5 min ton mis və
qurğuşun istehsal
edir. Mədənin tullantı sularında mis,
qurğuşun və
sink kimi insan sağlamlığına və
ətraf mühitə
zərərli ağır
metalların yüksək
qatılığı aşkar
edilib. Mədən
“Metal Prince” şirkətinin tərəfindən idarə
olunur. Mədənin çirkab suları yaxınlıqdakı Tona
(Debed) çayını
çirkləndirir. Həmin
çay Kür çayına tökülür.
Axtala mədəni
2017-ci ildə ekoloji problemlərə görə
bağlanıb. Lakin 2020-ci ildə
mədən yenidən
istismara açılıb;
8.Qafan Manqan Zavodu nəinki
Ermənistandakı, dünyanın
ən böyük manqan zavodlarından biridir. Zavod manqan filizi, manqan dioksidi və digər manqan məhsulları istehsal edir, illik hasilatı təxminən 1,5 milyon ton
filizdir. Manqan filizinin çıxarılması
və emalı zamanı hava və suya ağır metallar, toz və
digər çirkləndiricilər
buraxılır. Bu çirkləndiricilər
tənəffüs problemləri,
nevroloji xəstəliklər
və xərçəng
də daxil olmaqla, bir sıra
sağlamlıq problemləri
yaradır. Zavod həmçinin Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan yaxınlıqdakı Bərgüşad
çayını əhəmiyyətli
dərəcədə çirkləndirir;
9.Ellər (Qotayq) zavodu mis, sink və qurğuşun istehsal edən metallurgiya zavodudur. Zavod Arpaçayını
mis, qurğuşun və
kadium kimi insan sağlamlığına
mənfi təsir göstərən ağır
metallarla çirkləndirir.
Zavod kükürd dioksidi, azot oksidləri və bərk hissəciklər də daxil olmaqla,
böyük miqdarda hava çirkliliyi yaradır. Bu çirklənmə
insan sağlamlığına
mənfi təsir göstərərək tənəffüs
problemləri, ürək
xəstəlikləri və
digər ağır xəstəliklərə səbəb
olur. Zavod tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçaya axıdır. Zavodda yaranan, tərkibi ağır metallarla zəngin olan böyük miqdarda bərk tullantılar torpağı çirkləndirir
və yeraltı sulara sızır;
10.Göyçə
(Geqarkunik) Mis Əritmə
Zavodu Ermənistanda əsas mis əritmə zavodlarından biridir. İldə təxminən
100 min ton mis istehsal edir.
Zavod Ermənistanın
“GeoProMining” şirkətinə
məxsusdur. Zavod atmosferə çoxlu miqdarda kükürd dioksidi və digər çirkləndiricilər
atır ki, bu da havanın çirklənməsinə
və turşu yağışlarına səbəb
olur. Zavod tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçayına axıdır. Arpaçay isə öz növbəsində çirkləndirici
maddələri Araza daşıyır. Çirkab
suları Arpaçayda
su canlılarını
məhv edir. Göyçə Mis Əritmə
Zavodu ətraf mühit və insanlar üçün böyük təhlükə
mənbəyidir;
11.Arazdəyəndə
(Yerasx) ekoloji normaların, beynəlxalq konvensiyaların tələblərinə
zidd inşa olunan yeni metallurgiya zavodunun tikintisi də dayandırmalıdır.
Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli
ekosistemə potensial təsirləri çox böyük ola bilər. Tullantıların Araz çayına axıdılması
çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə
edən iri təsərrüfatlar üçün
faciə deməkdir. İçməli su təchizatına bu təsir həm də sərhəd ərazilərdə yoluxucu
xəstəliklərin yayılmasına
gətirib çıxara
bilər. Bu, həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yaradacaq;
12.Beynəlxalq qurumlar tərəfindən
də fəaliyyətinə
dəfələrlə etiraz
edilmiş, əleyhinə
qərarlar qəbul edilmiş Amuldağ (Amulsar) qızıl yatağının istismarı
nəticəsində formalaşan
ağır metal tərkibli
mədən tullantıları
da Bərgüşad (Vorotan)
çayına axıdılaraq
Həkəri çayı
vasitəsilə Araz çayını çirkləndirir.
Qızıl hasilatı
sənayesi milli sərhədlərdən
kənara çıxan
ekoloji çirkləndirməyə
səbəb olub. Belə ki, mədən geridə böyük həcmdə tullantı süxurları və tullantı yığınları
qoyur, bu isə torpağı çirkləndirir, dağlarda
aşınma prosesinin
kəskin sürətlənməsinə
gətirib çıxarır.
Amuldağ (Amulsar) qızıl yatağının
bu cür istismarı Qafqaz dağları ilə əhatə olunmuş
region və onun əhalisi üçün
ciddi təhdiddir;
Amuldağ yatağı
təbii mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən 13 kilometr
məsafədə yerləşir,
yatağın istismarı
İstisu (Cermuk)
mineral bulaqlarına məhvedici
zərər vurur. Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə
yerləşir. Hər
iki çay Azərbaycan ərazisindən
keçərək Araz
çayına tökülür.
Amuldağ yatağının
istismarında çoxdan
qadağan edilmiş, ətraf mühit üçün yüksək
təhlükə törədən
zəhərli maddələrin
istifadəsi təbiəti
məhv edir, çay sularının turşulaşmasına, suyun
zəhərlənməsinə səbəb olur. Qızıl hasilatının
bu çayın sularını çirkləndirməsi
ilə yanaşı, əraziyə yaxın yerləşən Ermənistanın
ən böyük şirin su gölü
olan Göyçə
(Sevan) gölünün ekosisteminə
də mənfi təsir göstərir.
Eyni zamanda bu sənaye Xəzər dənizi hövzəsi üçün
də ciddi təhlükə törədir.
Azərbaycan Respublikasının
Naxçıvan Muxtar
Respublikası ərazisindən
axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür.
Beləliklə, bu, təkcə Azərbaycanın
deyil, həm də İranın, eləcə də digər Xəzəryanı
ölkələrin ekologiyasına
ciddi ziyan vurur.
Qızıl yatağını
“Lydian Armenia” şirkəti istismar edir. Bu şirkətinin tam payçısı
Böyük Britaniyanın
“Lydian International” şirkətidir. Şirkətin əsas səhmdarları “Orion Mine Finance” (ABŞ),
“Resource Capital Funds” (ABŞ), “Merk Investments” və
“Tocqueville Asset Management LP” şirkətləridir.
Yuxarıda sadalanan
12 fakt hələ törədilmiş ekoloji
fəlakətlərin görünən
hissəsidir, ictimaiyyətdən
gizlədilən faktlar
daha çoxdur. Təsadüfi deyil ki, bir müddət öncə Ermənistanda fəaliyyət göstərən
60-dan çox vətəndaş
cəmiyyəti təşkilatı
sizə müraciət
ünvanlayaraq xəbərdarlıq
ediblər ki, Amuldağ
(Amulsar) mədəninin
işi ətraf mühitə böyük ziyan vuracaq və
buna görə də
Ermənistan hakimiyyəti
onun fəaliyyətini
bərpa etmək qərarını ləğv
etməli, prokurorluq isə mədənin ətraf mühitə təsiri ilə bağlı ekspertizanın
nəticələrini yoxlamalıdır.
Cənab Baş
nazir!
Bildiririk ki, 2014-cü ildə qüvvəyə minən Birləşmiş
Millətlər Təşkilatının
(BMT) Beynəlxalq Su Axarlarının Qeyri-Naviqasiya
İstifadəsi Hüququ
Haqqında Konvensiyası
- Transsərhəd Çaylar
Konvensiyasının tələbləri
Ermənistan hökuməti
tərəfindən kobud
şəkildə pozulur.
Konvensiyanın məqsədi
transsərhəd su axarlarından ədalətli
və davamlı istifadəni təmin etməkdir. Bu Konvensiya su ehtiyatlarının sosial, iqtisadi və ekoloji inkişaf üçün
risk yaratdığı təqdirdə,
təsirə məruz
qala biləcək icmalarla yaxından işləməyi, onların
rəyini nəzərə
almağı nəzərdə
tutur. Lakin Ermənistan
hökuməti regionun
şirin su ehtiyatına təsir göstərə biləcək
dağ-mədən sənayesinin
təşkilində qonşu
kəndlərdə yaşayan
gürcü, azərbaycanlı
və o cümlədən
ermənilərin bu günədək rəylərini,
fikirlərini nəzərə
almayıb və onları ətraf mühitin qiymətləndirilməsi
prosesinə cəlb etməyib.
BMT-in Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri mədən sənayesi də daxil olmaqla, biznesdə məsuliyyətli
davranışın təşviqi
üçün çərçivəni
müəyyən edir.
Bu prinsiplər şirkətlərin
insan hüquqlarını
müdafiə etməsi,
ətraf mühitə
mənfi təsirlərin
qarşısının alınması
və təsirə məruz qalan icmalarla şəffaf, inklüziv şəkildə
əlaqə saxlaması
zərurətini vurğulayır.
Ermənistan hökuməti
yuxarıda qeyd olunan mədənlərin istismarı ilə həm də Transsərhəd Kontekstdə
Ətraf Mühitə
Təsirin Qiymətləndirilməsi
üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasında
(Espoo Konvensiyası) ifadə
edilənlərə açıq
şəkildə məhəl
qoymur. Espoo Konvensiyası
ekoloji məsələlərin
milli sərhədləri aşdığını
ifadə edir və ekoloji məsələlərin transsərhəd
xarakteri daşığıdı
halda, beynəlxalq danışıqların zəruriliyini
vurğulayır.
Orhus Konvensiyası
ətraf mühitlə
bağlı məsələlərdə
məlumat əldə
etmək, ictimaiyyətin
iştirakını və
ədaləti təmin
etməkdə mühüm
rol oynayır. Bu konvensiyanı imzalayan ölkə kimi Ermənistan təsirə məruz qalmış
region əhalisinin mədən
hasilatı fəaliyyətləri,
qərarların qəbulu
proseslərində iştirakı
və ətraf mühitə dəyən zərərin aradan qaldırılması yolları
ilə bağlı məlumatlara çıxışını
təmin etməklə,
öz öhdəliklərini
yerinə yetirməlidir.
Biz Ermənistan hökumətini
vətəndaş cəmiyyəti
təşkilatları və
yerli icmalar üçün mədən
hasilatı ilə bağlı dialoq və qərar qəbuletmə proseslərində
fəal iştirak etmək üçün əlverişli mühit yaratmağa çağırırıq.
Kanadalı professor Steven Emermanın
dediyi kimi, “Bu bir həqiqətdir ki, mədən sənayesinin iş qurbanı həmişə su hövzələri olur. Haradakı mədən sənayesi var, orada suyun tullantılarla daimi çirklənməsi
təhlükəsi mövcuddur”.
Biz Ermənistandakı mədənlərdə
hasilat ilə məşğul olan bütün maraqlı tərəfləri, xarici şirkətləri öz
fəaliyyətlərini bu
prinsiplərə uyğunlaşdırmağa
və onları əməliyyat təcrübələrinə
inteqrasiya etməyə
çağırırıq. Biz yataqda kəşfiyyat işlərinə və hasilat sənayesinə investisiya qoyanları hansı ekoloji fəlakəti yaratdıqlarının
fərqində olmağa,
məsuliyyətli davranmağa
dəvət edirik.
Cənab Baş
nazir!
Yuxarıda qeyd olunan faktlardan da məlum olduğu kimi, Ermənistanın dağ-mədən sənayesi
Cənubi Qafqaz regionunu ciddi ekoloji fəlakətlə üz-üzə qoyub.
Biz sizə müraciət edirik ki, yuxarıda sadalanan beynəlxalq standart və prinsipləri nəzərə
alaraq Ermənistanın
bütün dağ-mədən
sənayesi obyektlərinin
qapılarını ekologiya
və səhiyyə sahəsində ixtisaslaşmış
ekspertlər, Azərbaycanın
bu sahədə ixtisaslaşmış vətəndaş
cəmiyyətləri təşkilatları
üçün açasınız,
yerində müəssisələrə
baxış keçirilməsinə,
qiymətləndirmə və
monitorinq aparılmasına,
müvafiq nümunələr
götürülməsinə, ölçmə işləri
edilməsinə tam şərait
yaradasınız.
Həmçinin tövsiyə
edirik ki, güvən,
inklüzivlik və ortaq məsuliyyəti gücləndirmək üçün
dialoq və məsləhətləşmələr üçün əlverişli
müvafiq platformalar yaradasınız. Mədən
sənayesində şəffaflıq
və hesabatlılığı
təmin edərək,
zəruri islahatlar həyata keçirib və hasilat sənayesi ilə bağlı vaxtında, etibarlı və hərtərəfli məlumatların
açıqlanmasını təmin etmək üçün siyasi iradə və liderlik nümayiş etdirəsiniz.
Biz Ermənistan hökumətini
məsuliyyətli idarəetməyə,
regionumuza, planetimizə
təhlükə yaradan
dağ-mədən sənayesindəki
işləri dərhal
dayandırmağa, region əhalisi
üçün davamlı
inkişafı, sağlam
gələcəyi təmin
edən qərarlar qəbul etməyə çağırırıq.
İmzalar:
1.“Sağlamlığa
Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva
2.“Sudan İstifadə Sahəsində
Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov
3.“Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev
4.“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli
5."Şəfəq"
Ekoturizm İctimai Birliyinin prezidenti Vamiq Babayev
6.Pasiyent Təşkilatları İttifaqı
və Hemofiliyalı Xəstələr İctimai
Birliyinin sədri Ayaz Hüseynov
7.Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova
8.Pediatrik Kardiologiya və
Revmotologiya İctimai Birliyinin sədri Rəfiyeva Sveta
9."Vərəmsiz Gələcəyə
Doğru" İctimai
Birliyinin direktoru Çingiz Ramazanlı
10.“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Cəfərli Elman
11.“Sosial İqtisadi və
Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva
12.Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı
13."Sağlam həyata doğru" Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov
14.“İnkişafa Doğru Qadın Təşəbbüsü”
İctimai Birliyinin sədri Ziba Nəbiyeva
15."Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial
Yardım" İctimai
Birliyinin rəhbəri
Cəmile Abdulova
16.Leykemiya ilə Mübarizə
İctimai Birliyinin sədri Mehriban Bağırova
17.“Ekoleks” Ekoloji Hüquq
Mərkəzinin direktoru
Sevil İsayeva
18.“Davamlı Turizmin İnkişafına Dəstək”
İctimai Birliyinin sədri Nərminə Qəribova
19."Səhiyyə və Sağlam Həyat" İctimai Birliyinin sədri Əlizadə Cahangir
20."Eko-TES" Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərov
21.“Ana Kür” Ekoloji
Promlemlərin Öyrənilməsinə
Kömək İctimai
Birliyinin sədri Rüstəm Məlikov
22.“İnkişaf və Rifah Naminə” İctimai Birliyinin sədri Zəminə Səfərova
23.Yoluxucu Xəstəliklərlə
Mübarizə İctimai
Birliyinin icraçı
direktoru Əminə Kərimli
24.“Səma və Eko” Sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova
Azərbaycan.-2023.-8
iyul.-S.10.