"Dəmir yumruq" növbəti dəfə
Hayastana və xarici havadarlarına başa saldı ki, təxribatların
qarşısı artıqlaması ilə alınacaq
"Son iki il yarım ərzində biz bir neçə
dəfə məcbur olub Ermənistan tərəfinə öz
gücümüzü göstərmişik, birincisi,
onların hərbi təxribatlarına cavab olaraq. İkincisi,
onlara bir siqnal göndərmişik ki, özlərini
yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr,
nəticə onlar üçün acınacaqlı olacaq".
Silahlı Qüvvələrin Müzəffər Ali
Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin
komando hərbi hissələrinin birində yaradılan şəraitlə
tanış olan zaman bu fikirləri bəyan etmiş və rəşadətli
Azərbaycan Ordusunun ölkəmizə qarşı törədilən
istənilən təxribatın qisasını qətiyyətlə
alacağının mesajını vermişdi.
Eyni zamanda İlham Əliyev həmin
çıxışında bölgədə sülhə təhdid
olan Hayastana və onun xarici havadarlarına qətiyyətlə
xəbərdarlıq etmişdi ki, biz son iki il yarım ərzində
ordumuzu böyük dərəcədə gücləndirmişik.
Əgər bütün bu amilləri Ermənistan və onun
arxasında dayanan xarici qohumları başa düşmürlərsə,
onda günah onların boynundadır.
İyunun 26-da Ermənistanın Azərbaycana
qarşı təxribatına cavab olaraq dərhal qüdrətli
ordumuz tərəfindən keçirilən "Qisas" əməliyyatı
nəticəsində düşmənin yerinə
otuzdurulması Müzəffər Ali Baş Komandan İlham
Əliyevin bu sözlərinin əyani təzahürü oldu.
Necə deyərlər, təxribata cavab olaraq, növbəti
dəfə elə gecə ilə "dəmir yumruq"
işə düşərək həm qanunsuz silahlı dəstələri,
həm Hayastanı, həm də onların məkrli xarici
qahmarçılarını başa saldı ki, Cənubi Qafqazın lider ölkəsi Azərbaycan
milli maraqlarına təhdid olan bütün qüvvələrlə
istənilən platformada, istər siyasi, istərsə də hərbi
olsun, mübarizə aparmaq və qalib gəlmək əzmində,
gücündədir.
Danışıqlar ərəfəsində yenə
"hay taktika"sı işə düşdü
2020-ci il noyabrın 10-da kapitulyasiya aktını rəsmən
imzalayan Hayastan ötən dövr ərzində üçtərəfli
Bəyanatla üzərinə götürdüyü müddəaları
yerinə yetirməkdən müxtəlif "hay
taktika"ları ilə yayınmağa
çalışıb.
Həmin tarixdə Rusiya, Azərbaycan və Ermənistan
liderlərinin imzaladığı üçtərəfli Bəyanata
zidd olaraq Hayastan minbir bəhanə ilə bölgədə
bütün nəqliyyat-kommunikasiya yollarının
açılmasına maneçilik törətməyə
çalışır.
Eyni zamanda erməni silahlı qüvvələri hələ
də Azərbaycan ərazilərindən
çıxarılmayıb. Ötən müddətdə
Hayastan ərazilərimizdən bu silahlı
tör-töküntülərini çıxarmaq əvəzinə,
havadarlarının köməyi ilə onları qanunsuz yolla
silahlandırmaqda davam edib. Hayastanın bu təxribatçı
əməlləri ilə bağlı Azərbaycan tərəfi
dəfələrlə videokadrlar da yayıb və bunu beynəlxalq
ictimaiyyətin nəzərinə çatdırıb.
Bir nüansı da qeyd edək ki, ölkə liderləri
səviyyəsində keçirilən son üçtərəfli
danışıqlarda İrəvan rəsmi şəkildə
Qarabağı Azərbaycan ərazisi kimi
tanıdığını bəyan edib.
Amma Hayastan hələ də erməni silahlı
qüvvələrini beynəlxalq hüquqla tanınan Azərbaycan
ərazilərindən çıxarmamaqla, faktiki olaraq ölkəmizə
qarşı ərazi iddiasından heç də əl çəkmək
niyyətində olmadığını göstərmiş
olur.
Deyəsən, Hayastan 44 günlük müharibədə
Azərbaycan tərəfindən uğradıldığı
biabırçı məğlubiyyətini unudub. Təcavüzkar
ölkə məkrli xarici havadarlarına güvənərək
ölkəmizə qarşı təxribatlar törətmək
kimi quduz iştahaya düşüb.
Hayastanın növbəti ağılsız
addımı ona baha başa gəldi
Xarici havadarlarının təhriki ilə Azərbaycana
qarşı təxribatlara cürətlənən Hayastan
növbəti belə ağılsız addımı iyunun
26-da atıb. Həmin gün qeyri-qanuni erməni silahlı dəstələri
tərəfindən Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki
Ağdam rayonunun Qalayçılar kəndi istiqamətindəki
mövqelərimiz atıcı silahlardan atəşə
tutulub. Nəticədə Azərbaycan Ordusunun hərbi
qulluqçusu Əli Bəkirov yaralanıb. Qanunsuz erməni
silahlı birləşmələrinin bu təxribatı
cavabsız qalmayıb. Belə ki, ordumuz elə gecə ilə
hərbçimizin yaralanmasına cavab olaraq, "Qisas" əməliyyatı
həyata keçirib. Qanunsuz birləşmələrin
infrastrukturuna ciddi zərbələr endirilib, 5 terrorçu məhv
edilib.
Diqqət etdikdə görürük ki, ənənəvi
"hay taktikası"na uyğun olaraq, hiyləgər ermənilər
bu dəfə də təxribatlarının tarixini Azərbaycan
və Ermənistan xarici işlər nazirlərinin növbəti
Vaşinqton görüşü ərəfəsinə
tuş gətiriblər. Yenə də hədəflədikləri
pozuculuq, barışa xələlgətirici
"missiya"larını yerinə yetirmək olub.
Təsadüfi deyil ki, bu təxribat həm də
hayların məzlum qiyafəsinə bürünərək
Laçında qurulan nəzarət-keçid məntəqəsini
"blokada" kimi dünyaya sırımaq istədikləri və
bununla bağlı hay-şivən qopardıqları zamanla da
üst-üstə düşür.
O da təəccüblü deyil ki, bəzi korrupsioner Qərb
siyasətçiləri və təşkilatları, ermənipərəst və islamafob qüvvələr, o
cümlədən Avropa Parlamenti daxilində məlum qüvvələr
də bu yalan iddialarında erməni dəyirmanına uzaqdan su
tökməklə məşğuldurlar, arada ölkəmizə
qarşı böhtan xarakterli kağız parçaları
filan da qəbul edirlər...
Uzaqdan ona görə deyirik ki, elə həmin riyakar və
məkrli qüvvələrə də Azərbaycan həqiqətləri,
Qarabağın tarixi və hüquqi Azərbaycan
torpağı olması gerçəkliyi gün kimi
aydındır. Onlara da əyandır ki, Azərbaycan milli
maraqlarının müdafiəsi uğrunda
qarşısındakı istənilən düşməni məhv
etməyə qadir ölkədir.
Sadəcə, Qərb "çoxbilmiş"ləri
fürsəti fövtə verməyərək, erməni
lobbisinin xəstə ideologiyasından yararlanaraq ciblərini
doldururlar.
Kim gəlib ermənilərin yerinə bizimlə
vuruşacaq?!
Əgər Qarabağ bölgəsində yaşayan ermənilər
də, nəhayət, öz qondarma
başçılarının əsarətindən qurtulmaq, ləyaqətli
yaşama qovuşmaq istəyirlərsə, özləri
üçün düzgün qərar verməlidirlər.
Onlar son iki il yarım ərzində baş verənlərdən
dərs çıxarmalıdırlar və bilməlidirlər
ki, Qarabağda, Azərbaycanda yaşamaları yalnız ölkəmizin
qanunları çərçivəsində
mümkündür.
Buna görə artıq onlar da xam xülyalarından
ayılaraq gerçəkliklər dünyasına
qayıtmalı, kimlərəsə arxalanmaqdan vaz keçməlidirlər.
"İkinci Qarabağ müharibəsi zamanı biz
güclü iradə göstərmişik və əgər o
vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə
cürət etmədisə, bu gün bütün bu torpaqlara
yenə də sahib olandan sonra kim gəlib ermənilərin
yerinə bizimlə vuruşacaq". Mayın 28-də
Laçında bu yurdun doğma sakinləri ilə
görüşü zamanı qalib lider İlham Əliyevin də
söylədiyi kimi, bu gün ermənilərin
yaşadıqları Qarabağ bölgəsi bizim əzəli,
hüquqi torpağımızdır. Və burada yaşayan ermənilərin
xam xəyalları uğrunda heç bir xarici qüvvə gəlib
vuruşmayacaq, onlara kömək etməyəcək,
çünki, bu ilk növbədə qanunsuzdur: "Sadəcə
olaraq, hesab edirik ki, onlar özləri başa düşəcəklər,
özləri gəlib Azərbaycan Bayrağı altında
yaşamağa addım atacaqlar".
Ermənistanın sülhdən başqa
çıxış yolu yoxdur
Hayastan hər dəfə ölkəmizə
qarşı təxribatlara əl atdıqda qəhrəman Azərbaycan
Ordusu tərəfindən layiqincə yerində otuzdurulub.
Elə ötən il avqustun 3-də Ermənistanın
növbəti təxribatına cavab olaraq "Qisas" əməliyyatının
keçirilməsi və ordumuzun Qırxqız yüksəkliyini,
həmçinin Kiçik Qafqaz dağ silsiləsinin
Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər
əhəmiyyətli hakim yüksəklikləri nəzarətə
götürməsi də buna bariz sübutdur.
Həmçinin bu il iyunun 26-da qeyri-qanuni erməni
silahlı dəstələri tərəfindən törədilən
təxribatın qisasının Azərbaycanın şanlı
Ordusu tərəfindən dərhal və layiqincə
alınması Hayastana, separatçılara, onlara himayədarlıq
etmək istəyən məkrli qüvvələrə yaddan
çıxarmayacaqları dərs oldu...
Bu həm də bir daha onu göstərdi ki, Ermənistanın
sülhdən başqa çıxış yolu yoxdur. Necə
ki Hayastan 2020-ci ildə hərb meydanında Azərbaycanın
qarşısında diz çökməyə məcbur oldu,
indi də üçtərəfli Bəyanatın şərtlərini
yerinə yetirməyə məhkumdur, ya öz xoşu ilə,
ya da güclə...
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.- 4 iyul.- S.6.