Azərbaycanı
qaz ixracatçısı
kimi tanıdan kəmər
Bakı-Tbilisi-Ərzurum
xətti 16 ildir fəaliyyət göstərir
Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərinin istifadəyə
verilməsindən 16 il
keçir. Bu boru xətti Bakı yaxınlığındakı
Səngəçal terminalından
başlayaraq ölkəmizin
və Gürcüstanın
ərazisindən keçməklə
Azərbaycan qazını
Türkiyəyə çatdırır.
"Azərbaycanın təbii qazının Türkiyə Respublikasına
tədarük edilməsinə
dair Azərbaycan və Türkiyə Respublikaları arasında
təbii qazın satışı və alışı haqqında
müqavilə" hələ
2001-ci il martın 12-də
Ümummilli Lider Heydər Əliyevin Türkiyəyə rəsmi
səfəri çərçivəsində
imzalanmışdı. Həmin
il sentyabrın 29-da isə Gürcüstan Prezidentinin Bakıya səfəri zamanı
"Təbii qazın
Gürcüstan Respublikası
ərazisindən tranziti,
nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan Respublikaları arasında
saziş"in imzalanması
baş vermişdi. 6 il sonra "Şahdəniz" yatağının
işlənməsinin birinci
mərhələsi çərçivəsində
çıxarılan mavi
yanacağın Bakı-Tbilisi-Ərzurum
xətti ilə Türkiyənin qaz kəmərləri sisteminə
daxil olması bu sənədlərdə
nəzərdə tutulanların həqiqətə
çevrilməsi idi.
Azərbaycan qazı
Türkiyədən bir
qədər əvvəl
Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə Gürcüstana çatdırılmışdı. Belə ki, CQBK Bakı-Tbilisi-Ərzurum kəmərinin
ön hissəsini təşkil edir. Ümumi uzunluğu 691 kilometr olan CQBK-nin Azərbaycan hissəsi 443, Gürcüstan
hissəsi 248 kilometrdir.
Gürcüstan-Türkiyə sərhədində CQBK-yə
280 kilometrlik boru kəməri birləşir.
Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt
bütövlükdə Bakı-Tbilisi-Ərzurum
kəməri adlanır.
2007-ci il iyulun 3-də
tam istifadəyə verilərək BTƏ Azərbaycanı
həm də qaz ixrac edən
ölkə kimi tanıtdı.
Əslində, Bakı-Tbilisi-Ərzurum
kəməri "Cənub
qaz dəhlizi"nin bünövrəsi, başlanğıcı
rolunu oynamışdır.
Prezident İlham Əliyev çıxışlarında
bunu dəfələrlə
qeyd etmişdir. 2018-ci
il mayın 29-da "Cənub qaz dəhlizi"nin açılış
mərasimində dövlət
başçısı demişdir:
"2007-ci ildə Bakı-Tbilisi-Ərzurum
qaz kəməri istifadəyə verildi. Bu da çox
önəmli layihədir.
Bu layihə olmadan "Şahdəniz"
yatağının işlənməsi
mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır... Doğrudan
da, bunlar tarixi nailiyyətlərdir.
"Şahdəniz" yatağının
gələcək işlənilməsi
ilə bağlı addımlar atılmağa başlanıldı. Əlbəttə,
biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq
üçün qaz kəməri lazımdır.
Beləliklə, "Cənub
qaz dəhlizi"nin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı".
BTƏ-ni
haqlı olaraq "Cənub qaz dəhlizi"nin təməli
adlandırırlar. Məlum
olduğu kimi, "Şahdəniz" yatağının
işlənməsinin ikinci
mərhələsi çərçivəsində
hasilatı qəbul
etmək, həmin mavi yanacağı Türkiyəyə
və Avropaya nəql etmək məqsədilə CQBK sisteminin
genişləndirilməsi həyata
keçirilib. Hacıqabul
rayonunun Muğan qəsəbəsi yaxınlığından
başlayaraq mövcud
kəmərlə yanaşı yeni xətt tikilib. Buradan Gürcüstan sərhədinədək
çatan yeni kəmərin uzunluğu
387 kilometrdir. Onun başlanğıcında 1 ərsinləmə,
marşrutu boyunca isə 5 siyirtmə stansiyası mövcuddur.
CQBK-nin Gürcüstandakı
genişləndirmə işlərinə
isə bu ölkə ilə Türkiyənin sərhədində
yeni kəmərin qısa hissəsi, həmçinin 1 ərsinləmə,
2 kompressor stansiyası,
təzyiqi azaldan və ölçən stansiyaların tikintisi daxil idi. Nəticədə
BTƏ-nin mühüm
hissəsi olan CQBK genişləndirilərək "Cənub qaz dəhlizi"nin güclü
bir qoluna çevrildi.
Beləliklə, CQBK "Cənub qaz dəhlizi"ni təşkil
edən üç kəmərin birincisidir. Boru kəmərinin genişləndirilmiş hissəsi
2018-ci ilin iyun ayından Türkiyəyə
kommersiya qaz həcmlərinin nəqlinə
başlayıb. "Şahdəniz-2" çərçivəsində çıxarılan qaz
TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri)
ixrac edilir. Türkiyə-Yunanıstan sərhədində
TANAP-a birləşən TAP (Trans-Adriatik Qaz Boru
Kəməri) isə
2020-ci ilin son günündən Azərbaycan
qazını Avropaya çatdırır.
Bakı-Tbilisi-Ərzurum kəmərinə gəldikdə
isə, Türkiyənin
ölkəmizdən idxal
etdiyi qazın böyük bir hissəsi bu xətlə
daşınır. Dövlət
Statistika Komitəsinin
məlumatına görə,
bu ilin yanvar-may
aylarında Azərbaycandakı
magistral təbii qaz kəmərləri ilə 17 milyard 896,7 milyon kubmetr mavi yanacaq nəql
edilib və əvvəlki ilin eyni vaxtına nisbətən 5,2 faiz artım müşahidə
olunub. Beş ayda qaz nəqlinin
51,6 faizi Bakı-Tbilisi-Ərzurum kəməri
vasitəsilə həyata
keçirilib. Bu xətlə 9 milyard 229,3 milyon kubmetr təbii qaz ixrac edilib.
Xatırladaq ki,
hazırda 6 ölkə
- Gürcüstan, Türkiyə,
Yunanıstan, İtaliya,
Bolqarıstan və Rumıniya Azərbaycandan mavi yanacaq alır.
Yaxın gələcəkdə
ixracın coğrafiyası
xeyli genişlənəcək.
BTƏ Azərbaycan qazını
dünyaya aparan bu uğurlu yolların başlanğıcında
dayanır.
Flora SADIQLI,
Azərbaycan.-2023.- 4 iyul.-
S.7.