Fransa vətəndaş
itaətsizliyi və tətillər ənənəsi
olan ölkədir. Küçə istehkamları,
qarət olunmuş mağazalar, yandırılmış
avtomobillər və ictimai nəqliyyatın işini dayandırması
Beşinci Respublikada adi haldır.
Fransada ani vəziyyətlərdə belə
iğtişaşlar başlayır
Bununla belə,
son iki ildə
Fransa cəmiyyəti və dövləti elə bir vəziyyətə
düşüb ki, ani vəziyyətlərdə
dərhal iğtişaşlar
başlayır, sonra sürətlə bütün
ölkəyə yayılır.
Bu cür hadisələrdən biri bu günlərdə 17 yaşlı əlcəzairli
Nael Mərzukun Paris yaxınlığındakı Nanter
şəhərində polis
tərəfindən avtomobildə
güllələnərək öldürülməsindən sonra baş verib. Demək olar ki, dərhal
iğtişaşlar başlayıb
və bu, sürətlə digər
şəhərlərə yayılıb. Nanterdə,
Parisdə və digər şəhərlərdə
fransızlar hüquq-mühafizə
orqanları əməkdaşlarını
səlahiyyətlərini aşmaqda
ittiham edərək etiraz aksiyalarına çıxıblar. Onlar istehkamlar qurub, avtomobillərə od vurublar.
İğtişaşlar paytaxtın ətraflarına
- Süren, Anyer-sür-Sen,
Jenvilye, La Qaren-Colomb və Vilnöv rayonlarına, habelə Tuluza, Lion, Marsel,
Strasburq və Qrenobl şəhərlərinə
yayılıb. Etirazçılarla
jandarmlar arasında şiddətli toqquşmalar,
polis məntəqələrinə
hücumlar, zibil qutularının, avtomobillərin,
binaların yandırılması
və talanlarla müşayiət olunan proseslər artıq bir həftədir davam edir.
İğtişaşçılar
Paris ətrafındakı L'Ail-le-Rose şəhər administrasiyasının rəhbəri
Vinsent Janbrunun evinə soxulub, daha sonra binanı
yandırıblar.
Asayişi qorumaq
üçün hökumət
45 min polisi səfərbər edib, ərazilərə zirehli və təzyiqli su vuran maşınlar
gətirilib, insanlara qarşı gözyaşardıcı
qaz və xüsusi qumbaralardan istifadə olunur. Polisə etirazçılara
qarşı odlu silahdan da istifadə
etməyə icazə
verilib. 3200 nəfər
saxlanılıb, jandarmlar
arasında xeyli sayda yaralı var.
Vətəndaş itaətsizliyinin
baş alıb getdiyi ölkə
Parisdə yaşayan
rusiyalı siyasi mühacir publisist, tarix elmləri namizədi Aleksey Saxnin xatırladır ki, dünyada polis zorakılığına
qarşı genişmiqyaslı
etirazlar bir neçə il əvvəl ABŞ-də afro-amerikalı Corc Floydun saxlanması zamanı həlak olması ilə bağlı keçirilib.
İndi də oxşar hadisə Fransada baş verib.
Onun fikrincə,
ümumi sosial diaqnoz belədir: bütün neoliberal hökumətlər onilliklər
ərzində sosial bərabərsizliyi artırır
və vəziyyəti
nəzarətdə saxlamaq
üçün güc
strukturlarını gücləndirirlər. Belə halda hüquq-mühafizə
orqanları işçiləri
getdikcə özlərini
daha inamlı hiss edir, insanlarla
nəzakətsiz və
kobud davranırlar.
Fransadakı həbslər
və silahdan istifadə ilk növbədə aztəminatlı
və yoxsul məhəllələrin sakinlərinin qəzəbinə
səbəb olub.
Əlcəzairəsilli yeniyetməni öldürən
polis əməkdaşı
dindirmə zamanı bildirib ki, guya,
sürücü avtomobili
onun üzərinə
sürməyə cəhd
edib və bu, atışmaya səbəb olub. Bununla belə, artıq internetdə gəncin saxlanması ilə bağlı yayılan görüntülərdən
aydın olur ki, polis əməkdaşlarının həyatı
üçün heç bir təhlükə yoxdur.
Asayiş keşikçisinin
dediyinə əks olaraq, o, hadisə zamanı maşının
kapotunun qarşısında
deyil, tamamilə kənarda olub. Bu da hadisənin
irqi zəmində baş verdiyinə dəlalət edir.
Baş vermiş
hadisə bir daha Emmanuel Makron
hakimiyyətinin xalqın
etimadını tam
itirdiyini və
prezidentin diktator kimi davrandığını
göstərir. Son illər ölkədə müşahidə olunan proseslər mütəmadi
keçirilən nümayişlərin
spontan xarakter daşımadığını və vəziyyətin artıq kütləvi vətəndaş itaətsizliyi
fazasına keçdiyini
sübut edir.
İnsan hüquqlarının
pozulması Makron hakimiyyəti üçün
adi hala çevrilib
Özünü demokratiyanın
beşiyi hesab edən Fransada son illər baş qaldıran irqi ayrı-seçkilik, islamofobiya
və haqlı etirazlarını nümayiş
etdirən ölkə
vətəndaşlarının hüqüqlarının kobud
şəkildə pozulması
artıq Emmanuel Makron hakimiyyəti üçün
adi hala çevrilib. Aksiyalarda iştirak edən işçilərə, həmkarlar
ittifaqları üzvlərinə
və hətta jurnalistlərə qarşı
mütəmadi olaraq polislər tərəfindən
zor tətbiq edilir. Bu da
ilk növbədə fundamental insan haqlarının, sərbəst
toplaşma və fikir azadlığı hüquqlarının kobud
pozulmasıdır.
Bu günlərdə
Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına
da hücum olub. Jurnalistlər çəkiliş apararkən
hücuma məruz qalıblar. Nəticədə müxbir
və operator yüngül bədən xəsarətləri alıblar,
çəkiliş kamerası
isə əllərindən
alınaraq sındırılıb.
Əməkdaşlar kameranı
geri tələb edərkən onları silahla hədələyiblər.
Əslində, Fransanın
uzaq və yaxın keçmişinə
nəzər salsaq, baş verən hadisələr heç də təəccüblü
deyil. Bu, tarixən işğalçı
və müstəmləkəçi
siyasət yürüdən,
dinc insanlara qarşı çoxsaylı
cinayətlər və
soyqırımı törədən
ölkə üçün
adi bir hal
sayıla bilər.
Fransada toplaşma
və ifadə azadlığı kimi anlayışlara artıq məhəl qoyulmur, etirazçıların dinc
nümayişləri qəddarlıqla
dağıdılır, insanların hüquqları
kobud şəkildə
pozulur. Ancaq digər ölkələrə
Paris dərhal "demokratiya"
və "insan hüquqları" dərsləri
keçmək istəyir.
Ötən ay Fransa insan haqlarının
vəziyyətinə görə
BMT üzvləri tərəfindən
sərt şəkildə
tənqid olunub.
"Le Figaro" qəzeti yazır
ki, Makron hakimiyyəti etirazçılara
və miqrantlara qarşı hücumlar, irqi ayrı-seçkilik, müsəlmanlara qarşı
diskriminasiyaya görə
tənqid obyektinə çevrilib.
BMT-nin
İnsan Haqları Şurası Fransada insan haqlarının vəziyyətini üç
saatdan çox araşdırıb. ABŞ, İsveç,
Norveç, İran, Çin,
Malayziya, Braziliya, Yaponiya, Rusiya, Lüksemburq, Tunis, Danimarka, Lixtenşteyn və digər ölkələrin nümayəndələri Fransa hökumətini "asayişin
qorunması ilə bağlı siyasətini yenidən nəzərdən
keçirməyə", "polis məmurlarının
iştirakı ilə
baş verən irqçi insidentlərin bütün hallarının
qeyri-polis orqanları tərəfindən qərəzsiz
araşdırılmasını təmin etmək üçün addımlar
atmağa" çağırıblar.
"Biz Fransaya
müsəlmanlara qarşı
nifrət və antisemitizm kimi dini nifrətə əsaslanan cinayətlər
və zorakılıq
təhdidləri ilə
mübarizə səylərini
gücləndirməyi tövsiyə
edirik", - deyə
ABŞ nümayəndəsi Kelli Billinqsli bildirib.
İsrailin baş
naziri Benyamin Netanyahu Fransada son günlər iğtişaşlar zamanı
özünü göstərən
antisemit əhvali-ruhiyyənin
artdığını açıqlayıb.
O, hökumətin həftəlik
iclasında deyib:
"İsrail hökuməti
Fransada antisemitizmin təzahürlərini və
dalğalarını hədsiz
narahatlıqla izləyir.
Son günlər biz Fransada yəhudilərə
qarşı cinayətkar
hücumların şahidi
oluruq. Biz bu hücumları qətiyyətlə pisləyirik".
İğtişaşlar daha təhlükəli hal alır
Bu arada 17 yaşlı Naeli güllələyərək öldürən
polisə kömək
üçün pul yığılması ilə
bağlı qalmaqal genişlənir. Hüquq-mühafizə
orqanının əməkdaşı törətdiyi
qətlə görə
istintaqa cəlb olunub. Prezidentliyə keçmiş namizəd Erik Zemmurun keçmiş
mətbuat katibinin təqsirləndirilən şəxsə
və onun ailəsinə dəstək
olmaq üçün
pul yığmaqdan ötrü kampaniya təşkil etməsi isə qalmaqala səbəb olub.
Əksəriyyəti solçu partiyalardan olan bir çox
siyasətçilər bu
təşəbbüsü pisləyərək onu
"qalmaqallı" və
"utanmaz" adlandırıblar.
Sosialist Partiyasının
birinci katibi Olivye For pul yığımını dayandırmağı
tələb edib.
Fransada
hökumət əleyhinə
aksiyalar getdikcə daha qorxulu və
təhlükəli hal
alır. Yelisey sarayının Mətbuat xidməti bildirib ki,
Emmanuel Makron Milli Assambleyanın
sədri Yael Bron-Pivet və Senatın sədri Jerar Larşe ilə iyulun 3-də baş verən iğtişaşlar
ətrafında vəziyyəti
müzakirə edib.
Bu gün isə prezident ölkənin 220-dən
çox şəhər
və kommunasının
merləri ilə bu mövzuda görüş keçirəcək.
Qeyd olunur ki,
Fransa dövlətinin başçısı hadisələrin
səbəblərini anlamaq üçün hərtərəfli
və uzunmüddətli işə başlamaq niyyətindədir.
Görəsən,
geç deyilmi?
Rizvan CƏFƏROV,
Azərbaycan.-2023.-
4 iyul.- S.8.