Azərbaycan
Respublikası Konstitusiya
Məhkəməsinin 25 illiyinə
həsr olunmuş beynəlxalq konfrans keçirilib
İyulun 4-də Bakıda
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin
25 illiyinə həsr olunmuş “Konstitusiya normalarının tətbiqi
vasitəsilə qanunvericiliyin
inkişafı” mövzusunda
beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda
Azərbaycan Respublikası
Milli Məclisinin, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, İnsan Hüquqları üzrə
müvəkkilin (ombudsman),
Vəkillər Kollegiyasının,
Bakı Dövlət Universitetinin rəhbərləri
və nümayəndələri,
habelə bir çox məhkəmələrin
sədrləri və hakimləri, tanınmış
alimlər, hüquq ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.
Həmçinin tədbirdə
iştirak etmək üçün Türkiyə,
Qazaxıstan, Özbəkistan,
Rusiya, Albaniya, Belarus, Bolqarıstan, Gürcüstan,
Qırğızıstan, İndoneziya,
Macarıstan, Serbiya və Tailand Konstitusiya məhkəmələrinin
nümayəndə heyətləri
Bakı şəhərinə
gəliblər.
Konfransda Azərbaycan
Respublikasının Dövlət
Himni səsləndirilib.
Beynəlxalq konfransı
açıq elan edən Konstitusiya Məhkəməsinin sədri
Fərhad Abdullayev əvvəlcə Azərbaycan
Prezidenti İlham Əliyevin Konstitusiya Məhkəməsinin 25 illiyinə
həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına ünvanlandığı
təbrik məktubunu oxuyub.
Sədr Fərhad
Abdullayev təbrik məktubuna görə Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
İlham Əliyevə
Konstitusiya Məhkəməsinin
bütün kollektivi və konfrans iştirakçıları adından
öz dərin təşəkkürünü və minnətdarlığını
bildirib. Fərhad Abdullayev vurğulayıb ki, dövlətimizin başçısı İlham
Əliyev məhkəmə
hakimiyyətinin müstəqilliyinin
təminatçısı olaraq
hakimlərin və ümumilikdə məhkəmə
orqanlarının qərəzsiz,
müstəqil və şəffaf fəaliyyətini,
onların maddi-sosial təminatını daim diqqət mərkəzində
saxlayır.
Daha sonra sədr Fərhad Abdullayev dahi şəxsiyyət Heydər
Əliyevin xalqımız
və dövlətimiz
qarşısındakı əvəzolunmaz
xidmətlərindən biri
olan uğurlu dövlət quruculuğu prosesinin əsasının
qoyulması haqqında
söhbət açıb.
Qeyd edib ki, həmin proses çərçivəsində
ən əlamətdar
hadisələrdən biri
1995-ci il noyabrın
12-də ümumxalq səsverməsi
yolu ilə müstəqil Azərbaycanın
ilk Konstitusiyasının
qəbul olunması idi. Vurğulayıb ki, insan hüquq
və azadlıqlarının
müdafiəsini dövlətin
ali məqsədi elan etmiş Konstitusiyanın aliliyinin təmin edilməsi, Əsas Qanunda təsbit olunmuş insan hüquq və azadlıqlarının
dövlət tərəfindən
müdafiə olunması
məqsədilə 1998-ci il
iyulun 14-də Azərbaycan
Respublikasının Konstitusiya
Məhkəməsi yaradılıb.
Qeyd edilib ki, müstəqil Azərbaycanın Konstitusiyasının
müəllifi olan Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu tarixi torpaqlarımızın
işğaldan azad edilməsi və doğma Azərbaycanın
ərazi bütövlüyünün
bərpası idi. Ümummilli Liderin bu arzusunu və
vəsiyyətini onun siyasi kursunun layiqli davamçısı,
Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin
Müzəffər Ali
Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə igid Azərbaycan Ordusu yerinə yetirdi. 44 günlük Vətən müharibəsi
nəticəsində dövlətimizin
ərazi bütövlüyü
bərpa edildi. Xüsusilə vurğulanıb
ki, torpaqlarımızın
işğaldan azad olunması ilə Azərbaycan Respublikası
Konstitusiyasının hüquqi
qüvvəsi həmin
ərazilərdə də
bərpa edilib.
Sədr Konstitusiya
Məhkəməsinin fəaliyyətindən
danışaraq bildirib
ki, bu qurumun
fəaliyyət göstərdiyi
25 il ərzində 545
qərar və 160 qərardad qəbul edib. Hüquqi dövlət quruculuğuna
öz töhfəsini
vermiş həmin qərar və qərardadlarda Konstitusiyanın
aliliyinin təmin edilməsinə yönəlmiş
mühüm hüquqi
mövqelər əksini
tapıb.
Tədbirdə iştirak
edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli, ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri İnam Kərimov, İnsan Hüquqları üzrə
müvəkkil (ombudsman)
Səbinə Əliyeva,
Baş prokurorun müavini Heydər Məmmədov və Vəkillər Kollegiyasının
sədri Anar Bağırov təbrik nitqləri ilə çıxış ediblər.
Daha sonra konfransda Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri
Zühtü Arslan “Fərdi şikayət: Türkiyədə son inkişaflar”, Serbiya Respublikası Konstitusiya Məhkəməsinin sədri
xanım Snejana Markoviç “Əsas konstitusiya prinsiplərinin müdafiəsində Konstitusiya
Məhkəməsinin rolu”,
Qazaxıstan Respublikası
Konstitusiya Məhkəməsinin
sədri xanım Elvira Azimova “Qanunun aliliyi və insan hüquqlarının
müdafiəsi üzrə
öhdəliklərə əməl
olunmasına konstitusiya
nəzarətinin səmərəliliyi”,
Albaniya Respublikası Konstitusiya Məhkəməsinin
sədri xanım Holta Zaçay “Albaniya Konstitusiya Məhkəməsi məhkəmə
islahatları və konstitusiya dəyişiklikləri
fonunda - əldə edilmiş nəticə”, Bolqarıstan Respublikası
Konstitusiya Məhkəməsinin
sədri xanım Pavlina Panova “Ənənə və tərəqqi arasında tarazlıq”, Qırğız
Respublikası Konstitusiya
Məhkəməsinin sədri
Emil Oskonbayev “Konstitusiya nəzarəti orqanının məhkəmə
fəallığının qanunvericiliyin inkişafına
təsiri”, İndoneziya
Respublikası Konstitusiya
Məhkəməsinin sədri
Anvar Usman “İndoneziyada qanunvericiliyin
inkişafına töhfə
verilməsində insan
hüquqlarının və
qanunun aliliyinin rolu”, Özbəkistan Respublikası Konstitusiya Məhkəməsinin sədri
Mirza Uluqbek Abdusalomov “Özbəkistanda
konstitusiya islahatı və konstitusiya nəzarətinin inkişafının
yeni mərhələsi”,
Belarus Respublikası Konstitusiya
Məhkəməsinin hakimi
xanım Alla Bodak “Konstitusiya nəzarəti: qanunvericiliyin
konstitusiyalaşdırılması”, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin
hakimi Qadis Hacıyev “Rusiya Federasiyası qanunvericiliyinin
konstitusiya əsaslarının
formalaşdırılmasında Konstitusiya Məhkəməsinin
iştirakı”, Bakı
Dövlət Universitetinin
Əmək və ekologiya hüququ kafedrasının müdiri
Alış Qasımov
“Əmək məzuniyyətlərinin
hüquqi tənzimlənməsi:
mövcud boşluqlar və onların konstitusiya normalarının
şərhi vasitəsilə
aradan qaldırılması”
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi
Rövşən İsmayılov
“Konstitusiya nəzarəti
orqanlarının təcrübəsində
qanunların konstitusiyaya
uyğun təfsiri” mövzularında çıxış
edərək təmsil
etdikləri ölkələrdə
konstitusiya ədalət
mühakiməsi sahəsində
mövcud təcrübəni
təqdim ediblər.
Məruzə və
çıxışlardan sonra
müzakirələr və
geniş fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda
sədr Fərhad Abdullayev çıxış
edərək konfransın
gedişində müxtəlif
aktual mövzularda səmərəli fikir mübadiləsi aparıldığına
nail olunduğunu bildirib.
Bununla da, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin
25 illiyinə həsr olunan beynəlxalq konfrans işini başa çatdırıb.
Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan Konstitusiya məhkəmələrinin sədrlərinin Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TDKYK) çərçivəsində işçi iclası keçirilib. İclasda konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycan.-2023.- 5 iyul.- S.2.