Özbəkistanın
inkişafında yeni mərhələ başlayır
Qardaş ölkədə prezident seçkiləri keçiriləcək
Azərbaycan və
özbək xalqları
bir-biri ilə ictimai-siyasi, mənəvi və dini tellərlə
möhkəm bağlıdırlar.
Tarixi, dili, dini, mədəniyyəti,
adət-ənənələri eyni çeşmədən
qaynaqlanan Azərbaycan
və Özbəkistan
bütün dövrlərdə
məhz bu prinsipləri əsas götürərək aralarındakı
münasibətləri daim
inkişaf etdirmişlər.
Xatırladım ki,
Özbəkistan strateji
məhsul olan pambıq istehsalında keçmiş Sovet İttifaqının ən
qabaqcıl respublikası
olduğundan hər il pambıqçılıq
üzrə Azərbaycanın
nümayəndə heyəti
Özbəkistana gedir, Özbəkistanın
nümayəndə heyəti
isə Azərbaycana gəlirdi. Bu münasibətlərin özü
də Azərbaycan-Özbəkistan
dostluğunun möhkəmlənməsinə
dəyərli töhfələr
verirdi.
Müstəqillik əldə
etdikdən sonra müasir Azərbaycanın
və Özbəkistanın
yaradıcıları olan
Heydər Əliyevlə
İslam Kərimov arasındakı dostluq münasibətləri sayəsində
ölkələrimiz arasında
olan qardaşlıq əlaqələri daha da möhkəmlənmişdir.
Azərbaycan bu dostluğa və qardaşlığa sadiq qalaraq Mərkəzi Asiyada özünün ilk səfirliyini məhz 1996-cı ildə Özbəkistanda
açmışdır. Ulu
Öndər Heydər
Əliyev qeyd etmişdir ki, "Azərbaycan və özbək xalqları arasında olan əlaqələr qədim
tarixə malikdir, bütün dövrlərdə
bizim xalqlar dost olmuş, bir-birini müdafiə etmiş, mədəni dəyərlərimizi birlikdə
inkişaf etdirmişlər".
İslam Kərimov isə demişdir: "Biz Azərbaycanı tariximizə, mentalitetimizə,
dinimizə və mənəviyyatımıza görə
yaxın olduğu üçün özümüzə
yaxın ölkə sayırıq".
Ümummilli Lider
Heydər Əliyev və İslam Kərimov ölkələrimiz
arasında münasibətlərin
daha da genişlənməsi
üçün bir neçə dəfə qarşılıqlı səfərlər
etmişlər.
Mən və deputat həmkarlarım Özbəkistan respublikasında
keçirilən prezident
və parlament seçkilərində dəfələrlə
müşahidəçi qismində
iştirak etmişik. Müşahidələrimiz göstərib
ki, bütün seçkilər qardaş ölkədə bayram əhvali-ruhiyyəsində keçirilir,
seçicilərin aktivliyi
həmişə yüksək
olur. Namizədlər üçün bərabər
şərait yaradılır,
seçkilər tam şəffaf keçirilir.
Bu il iyulun 9-da keçiriləcək
növbəti prezident
seçkilərində də
Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynlinin rəhbərliyi
ilə mən, deputat həmkarlarım Cavanşir Paşazadə,
Elman Nəsirov, Anar Məmmədov və MDB Parlamentlərarası
Assambleyanın xətti
ilə deputat Arzu Nağıyev müşahidəçi kimi
iştirak edəcəyik.
Qeyd edim ki, bu prezident
seçkisi Özbəkistanda
bu il aprel
ayının 30-da keçirilən
ümumxalq səsverməsi-referendumla
ölkə Konstitusiyasına
edilən dəyişikliklə
əlaqədar keçirilir.
Hesab edirəm ki, əvvəlki seçkilərdə olduğu
kimi, bu seçki də yüksək səviyyədə
təşkil ediləcək
və seçicilər
öz iradələrinə
uyğun olaraq dəstəklədikləri namizədə
səs verəcəklər.
Heydər Əliyev
və İslam Kərimov arasında olan dostluq münasibətlərini
bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev davam etdirirlər və bu iki qardaş
dövlətin əlaqələrinin
daha da inkişafına
yol açıb. Son bir ildə
Azərbaycan Prezidenti cənab İlham Əliyev Özbəkistanda
bir dəfə dövlət səfərində,
iki dəfə isə işgüzar səfərdə olmuşdur.
Özbəkistan Prezidenti
Şavkat Mirziyoyev isə bu ilin
mart ayında respublikamızda işgüzar
səfərdə olmuşdur.
Ölkələrimiz arasında
indiyə kimi 154 sənəd imzalanmış
və son illər Azərbaycanla Özbəkistanın ticarət
dövriyyəsinin və
investiyaların həcmi
sürətlə artmaqdadır.
Azərbaycan-Özbəkistan münasibətləri hər
iki ölkənin parlamentləri səviyyəsində
də son illərdə genişlənib.
Belə ki, keçən il Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Özbəkistanda, Özbəkistan
Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva və Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının
Sədri Nurdirjon İsmoilov isə Azərbaycanda rəsmi və işgüzar səfərlərdə olmuşlar.
Parlamentlərarası əlaqələr həm də hər iki ölkənin parlamentində yaradılmış
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupları vasitəsilə
də davam etdirilir. Hazırda Azərbaycan-Özbəkistan parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun
26 deputatdan ibarət üzvü vardır və Milli Məclisin
ən böyük işçi qrupundan biridir. Qrupumuz Özbəkistan parlamentinin
yuxarı və aşağı palatasının
üzvlərindən olan
13 deputatın birləşdiyi
qrupla daim əlaqə saxlayır, fikir mübadiləsi aparır.
Qardaş özbək
xalqı ilə dostluq əlaqələrimiz
eyni zamanda Azərbaycan-Özbəkistan "Dostluq Cəmiyyəti" vasitəsilə
də həyata keçirilir. Bu cəmiyyət 2002-ci ildə
təsis edilib və yarandığı tarixdən indiyə kimi öz fəaliyyətini
iki qardaş xalq arasında münasibətlərin daha
da möhkəmləndirilməsi
istiqamətində qurub.
Azərbaycan və
özbək xalqları
arasındakı münasibətlərin
kökü uzaq keçmişə gedir. Əsrlər boyu və hal-hazırda da bizim xalqları
bir-birinə bağlayan
dostluq və qardaşlıq dilimizin, dinimizin, adət-ənənələrimizin
və mədəniyyətimizin
eyni köklərə
mənsub olmasıdır.
Cəmiyyəti yaratmaqda
məqsəd də bu əlaqələri və ənənələri
SSRİ dağılandan sonra
müstəqil dövlət
kimi formalaşan ölkələrimizin suverenliyi
dövründə də
qoruyub saxlamaq və inkişaf etdirməkdir. Bu istqamətdə cəmiyyətimiz
Özbəkistanın Azərbaycandakı
fövqəladə və
səlahiyyətli səfiri
Bahrom Aşrafxanovla sıx əməkdaşlıq
edərək birlikdə
mühüm işlər
görür. Hər iki xalqın dünyaşöhrətli klassik
və müasir yazıçı və şairlərinin, tanınmış
ziyalılarının həyat
və yaradıcılığına
həsr olunmuş konfranslar və ədəbi-bədii görüşlər
təşkil edilir və digər tədbirlər həyata keçirilir.
Ümid edirik ki, iyulun 9-na təyin edilmiş prezident seçkiləri də həmişə olduğu kimi yüksək səviyyədə
təşkil ediləcək,
yeni seçilən Özbəkistan Prezidenti özbək xalqının
və dövlətinin
xoş gələcəyini
təmin edəcək,
Özbəkistan-Azərbaycan dostluğunun daha da mökəmlənməsi
və inkişafına
dəyərli töhfələr
verəcəkdir.
Eldar İBRAHİMOV,
Milli Məclisin
Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun rəhbəri,
Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri, professor
Azərbaycan.-2023.-
5 iyul.- S.3.