İsrailli sabiq nazir Azərbaycanın
haqsız tənqidlərə
məruz qalmasından
yazıb
Azərbaycan və
İsraili yalnız yaxın münasibətlər
birləşdirmir, bu dünyəvi və demokratik müsəlman dövləti ən azından yəhudi dövlətinin mütəmadi
olaraq tuş gəldiyi tənqid atəşinə məruz
qalır.
AZƏRTAC xəbər
verir ki, bu barədə İsrailin sabiq rabitə, peyk və
kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin
prezidenti, tanınmış siyasətçi və politoloq
Ayub Kara özünün ABŞ-ın geniş oxucu kütləsinə
malik “Jewish News Syndicate” nəşrində dərc olunmuş məqaləsində
yazıb.
“Konqresdə
keçirilən tədbirdə Azərbaycanla
“İsrailsayağı” rəftar olundu” sərlövhəli məqalədə
ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyası tərəfindən
2023-cü il iyunun 21-də təşkil olunmuş panel
müzakirələrinin onda çoxdan formalaşmış rəyi
möhkəmləndirdiyini qeyd edən müəllif
“Dağlıq Qarabağ xalqının müdafiəsi”
adlı tədbirin Holokostdan qurtulmuş konqresmenin adını
daşıyan komissiyada müzakirə olunmasını istehza
ilə, Konqres üzvlərinin və digər
tanınmış amerikalıların İran rejiminə qarşı
Amerikanın ən böyük müttəfiqlərindən
olan Azərbaycana hücum etməsini isə hiddətlə
qarşılayıb.
Müəllif
bu qənaətə gəlib ki, Konqresin insan haqları komitələri,
görünür, artıq münaqişənin hər iki tərəfinə
ədalətli yanaşmağa əhəmiyyət vermirlər.
Belə ki, tədbirdə çıxış
edənlər ermənilərə
üstünlük veriblər,
Azərbaycanı müdafiə
edən səslər isə susdurulub. İsrailli politoloq bu mənada Azərbaycanın Qarabağdan
“xristianları qovduğunu”
iddia edən keçmiş ABŞ səfiri
Sem Braunbekin canfəşanlığına xüsusi
diqqət çəkib,
eyni zamanda, ona Azərbaycanda 30 min yəhudi və 450 minə qədər xristianın bərabərhüquqlu vətəndaş
kimi yaşadığını
xatırladıb, Braunbekin
Vaşinqtonun Azərbaycana
“minimum insan haqları standartları”nın
nədən ibarət
olmasını diktə
etməsini və
ABŞ-ın Ermənistana
“əsas təhlükəsizlik
zəmanətləri” verməsini
şərtləndirən qanunun
qəbulunun zəruriliyi
barədə fikrinə
ciddi etirazını bildirib.
Amerika Müəssisəsi
İnstitutunun baş elmi işçisi Maykl Rubinin “Vaşinqton İsraili diplomatik yolla inandırmalıdır ki,
Azərbaycanı kor-koranə
dəstəkləməyə davam etmək onun maraqlarına uyğun olmaya bilər” fikrini şərh edən sabiq nazir istehza
ilə bildirib: “Sözügedən yanaşmaya
görə, İsraili
öz istəklərini
yerinə yetirən “Amerika kuklasına” çevirməyə ümid
edən güclü erməni lobbisi üzündən onun ölkəsi İran və
molla rejiminin əlaltılarının təhdidləri
qarşısında öz
maraqlarına zidd olaraq Azərbaycanı dəstəkləməyi dayandırmalıdır”.
Vaşinqtonun sözügedən təzyiqlərə hansı reaksiyanı verməsi məsələsinə aydınlıq gətirən sabiq nazir İsrailin ABŞ-ın bu cür təzyiqlərə qarşı durmaqla İran təhlükəsi ilə mübarizədə ən böyük və sadiq müttəfiqlərindən olan Azərbaycanın tərəfində olmasını alternativi olmayan seçim adlandırıb.
Azərbaycan.-2023.- 5 iyul.- S.2.