Azərbaycan
və Pakistan arasında əmək və sosial müdafiə sahəsində
əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb
Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyində
ölkəmizdə səfərdə
olan Pakistan İslam Respublikasının
xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının
inkişafı naziri Sacid Hüsseyn Turinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Əmək və
əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan
və Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlığa
əsaslanan yüksək
səviyyəli münasibətlərin
olduğunu, iki ölkənin dövlət
başçılarının səyləri ilə bu əlaqələrin daim inkişaf etdiyini vurğulayıb.
Nazirliyin İctimaiyyətlə
əlaqələr şöbəsindən
AZƏRTAC-a verilən məlumata
görə, görüşdə
Pakistanın Azərbaycanın
ərazi bütövlüyünə
daimi dəstəyindən,
xüsusilə 44 günlük
Vətən müharibəsində
ölkəmizə, haqq
savaşımıza ədalətli
mövqedən göstərdiyi
siyasi dəstəkdən
məmnunluq ifadə olunub. İki ölkənin beynəlxalq
təsisatlar çərçivəsində
də sıx əməkdaşlıq etdiyi,
Azərbaycan və Pakistan arasında sosial sahədə əlaqələrin genişlənməkdə
olduğu diqqətə
çatdırılıb.
Ötən ilin
may ayında Azərbaycanın Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Pakistanın Xaricdə Yaşayan Pakistanlılarla
İş və İnsan Resurslarının
İnkişafı Nazirliyi
arasında əmək,
məşğulluq və
sosial müdafiə sahələrində əməkdaşlıq
haqqında Anlaşma Memorandumunun, həmçinin
son illər Əmək Bazarı və Sosial Müdafiə Məsələləri
üzrə Milli Observatoriya ilə Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi
arasında əməkdaşlıq
sənədinin imzalandığı
bildirilib.
Görüşün yekunu olaraq Azərbaycanın
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Pakistanın Xarici Pakistanlılar və İnsan Resurslarının İnkişafı
Nazirliyi arasında əmək, məşğulluq
və sosial müdafiə sahələrində
əməkdaşlıq haqqında
Anlaşma Memorandumunun
həyata keçirilməsinə
dair 2023-2024-cü illər
üçün Fəaliyyət
Planı imzalanıb.
Sənəddə əmək bazarının monitorinqi və proqnozlaşdırılması, məşğulluq, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əlilliyi olan şəxslərin sosial və məşğulluq problemlərinin həlli, onlar üçün xüsusi peşə hazırlığı və peşə istiqamətləri üzrə proqramların hazırlanması, əməyin mühafizəsi və əmək münasibətlərinin tənzimlənməsinə dair qanunvericiliyin tətbiqi, əmək, məşğulluq və sosial müdafiə sahələrində İKT-nin tətbiqi və s. istiqamətlərdə məlumat və təcrübə mübadilələrinin aparılması əksini tapıb.
Azərbaycan.-2023.-
5 iyul.- S.4.