Amma dövrünün seçilən
pedaqoq, ədəbiyyatşünas
və jurnalisti oldu
Daha çox Abdulla Sur təxəllüsü
ilə tanınmış
pedaqoq, ədəbiyyatşünas,
tənqidçi, jurnalist
Mirzə Abdulla Məhəmmədzadə 1883-cü il iyulun 23-də Gəncədə dünyaya
gəlib. Gəncə
şəhərindəki Xeyriyyə
məktəbində təhsil
alıb. Həmin məktəbdə dünyəvi
elmləri, eləcə
də ərəb və fars dillərini
öyrənib. Hafizəsi
güclü, oxumağa
marağı sonsuz idi. Bu cəhətlərinə
görə ilk vaxtlardan şagird yoldaşları arasında
seçildi, fərqləndi.
Pedaqoji fəaliyyətə
də təhsil aldığı məktəbdə
başladı. Soydaşlarının
çoxu savadsız, cahil olduğu bir zamanda dövrünün
əksər qabaqcıl,
mütərəqqi fikirli
ziyalısı kimi o da millətin, vətənin tərəqqisini
ilk növbədə maarifin inkişafında gördü. Odur ki, dərs deməyi,
savad öyrətməyi
çox sevirdi. Ömrünün sonunadək
də qəlbində bu sevgiyə yer oldu. Abdulla
Sur yazırdı: “Müəllimlikdən bezmədim.
Bu, mənim ən sevimli əməlimdir. Nasıl ondan bezərim, nifrət edərim Əsla!”
Bu millətpərvər
gənc də dövrünün digər
ziyalıları kimi zamanın tələblərini
dərindən duyurdu.
Bir tərəfdən
də XX əsr yeni ab-hava ilə
gəlmişdi. Gərgin
ictimai-siyasi hadisələr
bir-birini əvəz edirdi. Rusiyada və onun müstəmləkəsi
altında olan əyalətlərdə, həmçinin
Azərbaycanda baş verən mühüm hadisələr ziyalıları
ruhlandırır, daha
məsuliyyətli, daha
inadkar olmağa və böyük işlər görməyə
sövq edirdi.
Həlli vacib olan məsələlərdən
biri də yeni mətbu orqanı yaratmaq idi. Çünki fikirlərini bəyan etmək, xalqı oyatmaq, ona doğru
yol göstərmək
üçün Azərbaycan
ziyalılarının mətbuat
kimi geniş kütlələrə xitab
edə bilən tribunaya ehtiyacları var idi. Elə
həmin vaxtlarda nəhayət, Məhəmmədağa
Şahtaxtlı yeni qəzet açmaq üçün Çar Senzura İdarəsinə ünvanladığı müraciətinə
müsbət cavab aldı. 1903-cü il martın 30-da Tiflisdə ana dilində “Şərqi-rus” adlı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi qəzetin ilk sayı işıq üzü gördü. Baş redaktor qəzetin ətrafına savadlı ziyalıları
toplamağa başladı.
Məhəmmədağa Şahtaxtlının
dəvət etdiyi ziyalılardan biri də Abdulla Sur oldu.
Belə bir zamanda Abdulla Sur müəllimlik etməklə kifayətlənə
bilməzdi. Odur ki, M.Şahtaxtlının
dəvətini böyük
məmnuniyyətlə qəbul
etdi və Tiflisə getdi. Bir müddət həmin mətbu orqanda çalışdı.
“Şərqi-rus” qəzetinin
hər sayında məqalələri dərc
olundu.
Böyük çətinliklərlə
fəaliyyətinə icazə
alınmış qəzetin
nəşrini davam etdirmək asan olmadı. Maddi problemlər və çar senzurasının
təzyiqləri “Şərqi-rus”u uzunömürlü
olmağa qoymadı. 1905-ci il yanvarın 15-də
qəzetin son sayı oxuculara təqdim olundu. “Şərqi-rus”
bağlandıqdan sonra Abdulla Sur Gəncəyə
qayıtdı. Maarifçilik işini davam etdirdi, yenə də
müəllimliklə məşğul oldu. “Şərqi-rus” qəzetindən
başlanan jurnalistlik fəaliyyətindən də heç
zaman uzaqlaşmadı. Dövrün vacib, mühüm məsələlərindən
bəhs edən məqalələri mətbu orqanlarda dərc
edildi.
Onun bitib-tükənməz
arzuları arasında təhsilini davam etdirmək də
vardı. Ancaq maddi vəziyyəti arzusunu reallaşdırmaqda
çətinliklər yaradırdı. Xeyirxah, maarifpərvər
şəxslərin ona bu məsələdə öz kömək
əllərini uzatdıqlarını Abdulla Məhəmmədzadə
Gəncəli imzası ilə "İrşad" qəzetinin
1 mart 1906-cı il tarixli sayında dərc olunan "Təşəkkür"
başlıqlı məqaləsində belə bildirdi:
“Mühərrir həzrətləri!
Mənim bu məktubuma
ruznamənizdə yer vermənizi rica edirəm:
Gəncənin
mötəbər və hörmətli tacirlərindən
Hacı Məhəmmədhəsən Rəfiyev Həzrətləri
bana ayda on beş manat məişət xərci verərək
bəni ikmali-təhsil üçün İstanbula göndəriyor.
Yol məsarifim də bu cənabın öhdəsindədir.
Bundan başqa, ildə yüz manat da andlı dava vəkili
Əliəsgər bəy Xasməhəmmədov cənabları
vəd etdi. Təhsil müddətində olası məxaricimin
kəsrini də cavan tanış və yoldaşlarım
üzərlərinə götürürlər. Bunlar bir vəqt
məyinəyə qədər olacaq. Rəfiyev həzrətləri
ilə Xasməhəmmədov cənablarınınkı isə
müddət-təhsilim qədər davam edəcəkdir.
İndi
bunların cümləsinə qarşı ən səmimülqəlb
təşəkkürlər ediyorum... Sağ olsunlar böylə
ehsan sahibləri!.. Yaşasın böylə müsəlmanlar”.
İstanbula
1906-cı il martın 6-da getdi. Darülfunun (universitetin) Ədəbiyyat-tarix
fakültəsinə daxil oldu. İstanbulda təhsil
aldığı illərdə böyük maddi
sıxıntı çəkdi. Amma çətinliklər onu
oxuyub öyrənmək arzusundan döndərə bilmədi.
Vaxtının çoxunu kitabxanalarda keçirdi. Türk ədəbiyyatına
dair materiallar oxudu. Daha çox ədəbiyyatşünaslıqla
bağlı məqalələr yazmağa başladı.
İstanbulda nəşr olunan qəzetlərdə
araşdırma məqalələri dərc edildi. Azərbaycanda
işıq üzü görən mətbu orqanları da
yaddan çıxarmadı, ardıcıl olaraq yazılar
göndərdi. 1908-ci ilin noyabrınadək İstanbulda
yaşadı. Təhsilini başa vurduqdan sonra Gəncəyə
döndü. Gəncə ruhani seminariyasında ana dili və
tarix müəllimi işlədi. Bununla bərabər,
İstanbulda yazmağa başladığı türk ədəbiyyatının
yaranması və inkişafından bəhs edən “Türk ədəbiyyatına
bir nəzər” adlı əsərini bitirdi. Əsəri
Ömər Faiq Nemanzadə və Cəlil Məmmədquluzadənin
açdıqları “Qeyrət” mətbəəsində
çap etdirmək üçün Tiflisə getsə də,
bəzi səbəblərdən məqsədinə çata
bilmədi. Bu dəyərli əsərin əlyazmasının
xeyli hissəsi müəllifin vəfatından sonra
itib-batdı.
Abdulla Sur 1910-cu
ildə istedadlı gəncləri üzə çıxarmaq,
təhsil almalarına kömək etmək məqsədilə
Gəncədə “Ədəbiyyat və Sənət” cəmiyyəti
yaratdı. Amma jurnalistlik fəaliyyətini ömrünün
sonlarınadək böyük həvəslə davam etdirdi, “Həyat”,
“İrşad”, “Füyuzat”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”
və başqa mətbu orqanlarda məqalələri dərc
olundu. O, ayrı-ayrı mətbuat orqanlarında Abdulla Sur, Məhəmmədzadə,
Qafqasiyalı, A.Tofiq, Gəncəli, Abdulla Məhəmmədzadə,
Bir Adam və başqa imzalarla yazdığı məqalələrində
maarif və mədəniyyət məsələlərinə
diqqət çəkir, xalqı cəhalətdən, səfalətdən
qurtulmağa səsləyir, bu yolda maneə yaradanları tənqid
edirdi. İslam dini, ədəbiyyat məsələləri də
daimi mövzuları sırasında idi. Abdulla Sur məqalələrində
dil məsələsinə də geniş yer verirdi. O, Tofiq
Fikrət, Məhəmməd Hadi, Əbdülhaq Həmid kimi
şair və yazıçıların əsərlərində
ərəb və fars sözlərinin çoxluğunu, dillərinin
ağırlığını tənqid edirdi.
Gənc
yaşlarından maarifpərvərliyi, istedadı, vətənsevərliyi
ilə tanınan Abdulla Surun xəstəliyə tutulması xəbəri
hər kəsi sarsıtdı. O, 1912-ci ildə müalicə
üçün Tiflisə getdi. İki ayadək xəstəxanada
qaldı. Həkimlərin səyi fayda vermədi. Abdulla Sur
mayın 8-də Tiflisdə xəstəxanada gözlərini əbədi
yumdu. Son mənzili
Gəncədəki Səbiskar
qəbiristanlığı oldu.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
5 iyul.- S.6.