Azərbaycan - Türkiyə dostluq və qardaşlıq münasibətləri strateji
müttəfiqlik zəminində
uğurla inkişaf edir
İyulun 5-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Türkiyə Respublikasının
xarici işlər naziri Hakan Fidanı
qəbul edib.
AZƏRTAC xəbər verir ki, Hakan
Fidanı Türkiyənin
xarici işlər naziri təyin edilməsi münasibətilə
təbrik edən Prezident İlham Əliyev ona fəaliyyətində uğurlar
arzuladı. Dövlətimizin
başçısı Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra
Azərbaycana dövlət
səfərini ölkələrimiz
arasında qardaşlıq
və müttəfiqlik
münasibətlərinin nümunəsi
kimi qiymətləndirdi.
Təbrikə görə
minnətdarlığını bildirən Hakan Fidan həm çalışdığı əvvəlki vəzifələrdə,
həm də hazırda xarici işlər naziri kimi Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq
və dostluq münasibətlərinin inkişafını
daim rəhbər tutduğunu qeyd etdi, Türkiyənin Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
nazirlər görüşünə
dəvət olunmasına
görə təşəkkürünü
bildirdi.
Türkiyənin xarici
işlər naziri Azərbaycanın Qoşulmama
Hərəkatına uğurlu
sədrliyi münasibətilə
dövlətimizin başçısını
təbrik etdi və bununla da ölkəmizin çox önəmli prosesə rəhbərlik etdiyini vurğuladı.
Dövlətimizin başçısı
Azərbaycanın sədrliyi
dövründə Qoşulmama
Hərəkatının təsisatlanması
prosesində ölkəmizin
gördüyü işlər,
həmçinin sədrlik
prosesi barədə məlumat verdi.
Söhbət zamanı
regional məsələlərə
dair fikir mübadiləsi aparıldı.
Prezident İlham
Əliyev Azərbaycan
ilə Ermənistan arasında münasibətlərin
normallaşdırılması, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin
təmin olunması istiqamətində gedən
proseslər barədə
danışdı.
Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik zəminində, “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin daim bir-birinin yanında olduqları qeyd edildi.
Azərbaycan.-2023.- 6 iyul.- S.4.