Tatyana Valovaya Azərbaycanın verdiyi dəstəyi qiymətləndirir
Prezident İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib
İyulun 6-da Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Tatyana
Valovaya Qoşulmama Hərəkatının Əlaqələndirmə
Bürosunun nazirlər
görüşündə BMT-ni təmsil etdiyinə görə məmnunluğunu bildirdi və Azərbaycanın Hərəkatda uğurlu sədrliyi münasibətilə
təbriklərini çatdırdı.
O, BMT-nin Cenevrə ofisi və Cenevrədə
ixtisaslaşmış BMT təşkilatları
ilə ölkəmiz arasında əməkdaşlığın
uğurla inkişaf etdiyini vurğuladı.
Tatyana Valovaya
BMT-nin Qadınlar Davamlı İnkişaf Məqsədi üzrə təşəbbüsünün inkişaf etdirilməsində
Azərbaycanın verdiyi
dəstəyi yüksək
qiymətləndirdi, Prezident
İlham Əliyevin minaların təmizlənməsi
üzrə yeni Dayanıqlı İnkişaf
Məqsədinin yaradılması
təşəbbüsünün çox dəyərli və vacib olduğunu
vurğuladı. O, BMT çərçivəsində
üzv dövlətlərlə
birgə bu istiqamətdə müzakirə
aparılmasının mümkünlüyünü
və önəmini diqqətə çatdırdı.
Dövlətimizin başçısı
Azərbaycanın Qoşulmama
Hərəkatının sədri
kimi təşkilatın
təsisatlanmasına və
ölkəmizin multilateralizmə
daim böyük əhəmiyyət verdiyini
bildirdi, Hərəkatın
təsisatlanması istiqamətində
ölkəmiz tərəfindən
aparılan işlərin,
xüsusilə də Parlament Şəbəkəsinin
və Gənclər Təşkilatının yaradılması
təşəbbüslərini qeyd etdi. Prezident
İlham Əliyev, həmçinin Azərbaycanın
Qoşulmama Hərəkatı
çərçivəsində qadın platformasının
yaradılması istiqamətində
təşəbbüslə çıxış etdiyini
vurğuladı. Azərbaycanın
Ermənistan işğalından
azad edilmiş torpaqlarımızın minalarla
çirkləndirilməsi problemi
ilə üzləşdiyini
qeyd edən dövlətimizin başçısı
minaların təmizlənməsinin
də Dayanıqlı
İnkişaf Məqsədi
kimi təsbit olunmasının vacibliyini
bildirdi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama
Hərəkatı çərçivəsində
Minaların Təsirinə
Məruz Qalmış
Ölkələrin Həmfikirlər
Qrupunun yaradılması
təşəbbüsü ilə çıxış
etdiyini və ölkəmizin humanitar minatəmizləmə sahəsində
müasir texnologiyalardan
səmərəli şəkildə
istifadə etdiyini bildirdi. Dövlətimizin başçısı vurğuladı
ki, 2020-ci il noyabrın 10-dan sonra 300-dən
çox azərbaycanlı
mina partlaması nəticəsində həlak
olub və ya ağır yaralanıb.
Görüşdə BMT sistemində çalışan Azərbaycan vətəndaşlarının mövcud kvotalara uyğun olaraq sayının artırılması məsələsinin vacibliyi də müzakirə edildi.
Azərbaycan.-2023.- 7 iyul.- S.2.