Dünya
mətbuatı Qoşulmama
Hərəkatının Bakı
nazirlər görüşünü
diqqət mərkəzində
saxlayır
Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
Bakıda keçirilən
“Qoşulmama Hərəkatı:
meydana çıxan çağırışlarla mübarizədə
birgə və qətiyyətli” mövzusunda
nazirlər görüşü
beynəlxalq KİV-lərin
diqqət mərkəzində
qalmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, müxtəlif
media resurslarında yayılmış məqalələrdə
Bakı nazirlər görüşünün mühüm
mesajların verildiyi, qlobal problemlərə münasibətdə müxtəlif
yanaşmaların nümayiş
etdirildiyi platformaya çevrildiyi vurğulanıb.
Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında səsləndirdiyi
fikirlərə geniş
yer verilib.
ABŞ-ın “www.msn.com” saytında dərc olunan məqalədə bildirilib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv
dövlətləri Fransanın
yeni müstəmləkəçilik
siyasətinə qarşı
mübarizə aparmağa
çağıraraq deyib:
“Dekolonizasiya prosesi nəticəsində yaranmış
Qoşulmama Hərəkatı
keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə
mübarizə aparmalı
və onun tamamilə aradan qaldırılmasına öz
töhfəsini verməlidir”.
Portal dövlətimizin
başçısının neokolonializm siyasəti ilə bağlı fikirlərinə də yer verib: “Neokolonializmi
hələ də davam etdirən ölkələrdən biri
Fransadır. Fransanın
Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının
iyrənc qalıqlarıdır”.
Vurğulanıb ki,
Azərbaycan Prezidenti,
həmçinin dünyada
islamofobiya və ksenofobiya ilə bağlı narahatlığını
ifadə edərək
deyib: “Danimarkada, Niderlandda, İsveçdə
müqəddəs Quranın
yandırılması, təhqir
olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə
məsuliyyətsizlikdir, qəbulolunmazdır
və bu, pislənilməlidir”.
Diqqətə çatdırılıb
ki, o, həmçinin
bu yaxınlarda əlcəzair əsilli 17
yaşlı yeniyetmənin
fransız polisi tərəfindən öldürülməsini
xatırladıb, eyni zamanda, Fransanı başqa ölkələrin
daxili işlərinə
müdaxilə etdiyini
vurğulayıb.
Ermənistanla sülh
quruculuğu prosesindən
də danışan Azərbaycanın dövlət
başçısı bunun
üçün Qarabağdakı
bütün erməni
silahlılarının bölgəni
tərk etməli olduğunu diqqətə çatdırıb.
Afrika hökumətinin
saytında (“gov.za”) bildirilib
ki, Bakıda keçirilən nazirlər
görüşündə gələn il Uqandanın paytaxtı Kampalada təşkil olunacaq Qoşulmama Hərəkatına üzv
ölkələrin dövlət
və hökumət başçılarının qarşıdan
gələn 19-cu Zirvə
toplantısına hazırlıq
məsələləri müzakirə
olunub, eyni zamanda, qlobal məsələlərə dair
prinsipial mövqelər
nəzərdən keçirilib.
Kubanın “Prensa
Latina” agentliyində yayılan xəbərdə
Suriya xarici işlər naziri Feysəl Əl-Məkdadın
Qoşulmama Hərəkatına
üzv ölkələri
terrorizmlə mübarizədə
səyləri birləşdirməyə
çağırdığı vurğulanıb.
Azərbaycan Prezidenti
İlham Əliyevin Qoşulmama Hərəkatının
(QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışı
ərəb ölkələrinin
KİV-ləri tərəfindən
də geniş işıqlandırılıb.
Bu ölkənin
"Noticias de Cuba” portalında yayılan “Kuba Qoşulmama Hərəkatında
Fələstinlə həmrəyliyi
təsdiq edir” məqalədə Qoşulmama
Hərəkatının Bakıda
keçirilən iclasında
bu ölkənin Fələstinin Birləşmiş
Millətlər Təşkilatına
tamhüquqlu üzv kimi daxil olmasına
dəstəyini bir daha təsdiqlədiyi vurğulanıb.
Misir, Yəmən,
Suriya, BƏƏ, Qətər,
İordaniya, Küveyt
və Əlcəzairin,
habelə Pakistanın
qəzet və portallarında oxuculara dövlətimizin başçısının
çıxışından əsas məqamlar təqdim olunub.
“Algeriamaintenant” qəzetində
dərc olunmuş “Azərbaycan Prezidenti Fransanı sərt tənqid edib” sərlövhəli məqalədə
qeyd edilib ki, Əlcəzairin xarici işlər naziri Əhməd Attafın da iştirak etdiyi tədbirdə çıxış
edən Prezident İlham Əliyev özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi
kimi qələmə verən Fransanın hələ də digər ölkələrin
daxili işlərinə
qarışdığını, təəssüf ki, Azərbaycanın Qarabağ
bölgəsində erməni
separatizmini dəstəkləyərək,
geosiyasi rəqabət,
xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik
siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni
mənfur təcrübəni
tətbiq etməyə
çalışdığını söyləyib. Yazıda diqqətə çatdırılıb
ki, Azərbaycanın dövlət başçısı,
həmçinin Fransanın
soyqırımlarla dolu
hakimiyyəti dövründə
1,5 milyona yaxın əlcəzairlini qətlə
yetirdiyini, hələ
də Paris muzeyində
əlcəzairli azadlıq
döyüşçülərinin kəllə sümüklərinin
müharibə qənimətləri
kimi saxlanıldığını
bildirib, bunu utancverici və iyrənc hərəkət
adlandırıb. O, Fransa
prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını
Əlcəzairə təhvil
verməsini tələb
edib. O, eyni zamanda, bu yaxınlarda
Əlcəzair əsilli
17 yaşlı yeniyetmənin
Fransa polisi tərəfindən qətlə
yetirilməsinin bu ölkədə irqçiliyin
və islamofobiyanın
daha bir əlaməti olduğunu vurğulayıb.
Əlcəzairin “EnTV”
telekanalının saytında,
“Eleane” nəşrində,
“Əl Hərir”,
“dz.54.dz” informasiya portallarında
isə “İlham Əliyev Fransa hökumətinə qarşı
ağır ittihamlar irəli sürdü” sərlövhəli məqalədə
diqqətə çatdırılıb
ki, Qoşulmama Hərəkatına uğurla
sədrlik edən Azərbaycanın dövlət
başçısı neokolonializm
siyasətini sərt tənqid edib, xüsusən Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərin fransız
müstəmləkə imperiyasının
iyrənc qalıqları
olduğunu söyləyib.
O vurğulayıb ki, Fransa Qəmər adalarının Mayot adası üzərində
suverenliyinə, həmçinin
Yeni Kaledoniya xalqının, o cümlədən
özünün digər
dənizaşırı icma
və ərazilərində
yaşayan xalqların
hüquqlarına hörmət
etməlidir. Azərbaycanın
dövlət başçısı,
həmçinin Fransanın
soyqırımlarla dolu
hakimiyyəti dövründə
1,5 milyona yaxın əlcəzairlini qətlə
yetirdiyini, hələ
də Paris muzeyində
əlcəzairli azadlıq
döyüşçülərinin kəllə sümüklərinin
müharibə qənimətləri
kimi saxlanıldığını
bildirib, bunu utancverici və iyrənc hərəkət
adlandırıb. Prezident
İlham Əliyev Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə
yayılmış irqçi,
ayrı-seçkilik salan
fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri
tərəfindən irqi
nifrət xarakterli çıxışların getdikcə
artdığını, bu
yaxınlarda Əlcəzair
əsilli 17 yaşlı
yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsinin
bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlaməti olduğunu vurğulayıb.
O əlavə edib ki, “bu baxımdan
biz BMT-nin polisin atəş açmasını pisləyən
və Fransanı “hüquq-mühafizə orqanlarında
irqçilik və ayrı-seçkiliyin dərin
problemlərini ciddi şəkildə həll etməyə” çağıran
bəyanatını dəstəkləyirik”.
Ərəb ölkələrində
geniş oxucu auditoriyasına malik olan İordaniyanın “Nəbd” qəzetində dərc olunmuş “İlham Əliyev Parisi sərt tənqid etdi” sərlövhəli məqalədə
diqqətə çatdırılıb
ki, Azərbaycanın dövlət başçısı
Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
nazirlər görüşündəki
çıxışında Fransanı neokolonializmdə
ittiham edib və bildirib ki, əcdadları müstəmləkə siyasətinə
məruz qalmış,
qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr
verilmiş və alçaldılmış insanlardan
milyonlarla insanın qarşısında üzr
istənilməsi yalnız
Parisin tarixi günahının etirafı
olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin
vəhşicəsinə öldürülməsindən
sonra qarşılaşdığı
dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan
qaldırılmasına kömək
edəcək. Yazıda
vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycanın
neokolonializm meyillərinin
artmasından olduqca narahat olduğunu qeyd edib, dekolonizasiya
prosesi nəticəsində
yaranmış Qoşulmama
Hərəkatının keçmişin
bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə
aparmalı və onun tamamilə aradan qaldırılmasına
öz töhfəsini
verməli olduğunu deyib. O əlavə edib ki, neokolonializmi
hələ də davam etdirən ölkələrdən biri
Fransadır. Bu ölkənin Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə
imperiyasının iyrənc
qalıqlarıdır.
Küveytin “q-8.press”
informasiya portalında
dərc edilmiş “Prezident İlham Əliyev İslamın zorakılıq və terrorla eyniləşdirilməsindən
narahatlığını ifadə
edib” sərlövhəli
məqalədə qeyd
edilib ki, Azərbaycanın dövlət
başçısı Qoşulmama
Hərəkatının Əlaqələndirmə
Bürosunun nazirlər
görüşündəki çıxışında islamofobiya
və dini rəmzlərin təhqir olunmasını qətiyyətlə
pisləyib. O deyib: “Fikrimizcə, mədəniyyətlərarası
və dinlərarası
dialoqun təşviqi bizim gündəliyimizdə
öndə duran məsələlər olmalıdır.
Biz geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın
zorakılıq və
terrorla eyniləşdirilməsi
cəhdlərindən narahatıq.
Danimarkada, Niderlandda, İsveçdə müqəddəs
Quranın yandırılması,
təhqir olunması və buna ifadə
azadlığı adı
altında bəraət
qazandırılması tamamilə
məsuliyyətsizlikdir, qəbulolunmazdır
və bu, pislənilməlidir”.
Qətərin rəsmi
QNA informasiya agentliyinin
saytında Qoşulmama
Hərəkatının Əlaqələndirmə
Bürosunun nazirlər
görüşü haqqında
xəbər və Prezident İlham Əliyevin bu mötəbər tədbirdə
çıxışından əsas məqamlar təqdim edilib.
Bu ölkənin
“www.gulf-times.com” saytında dərc olunan məqalədə isə Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad
əl-Murayxinin Qoşulmama
Hərəkatının Bakıda
keçirilən nazirlər
görüşündə iştirak etdiyi, tədbirdə bəzi ölkələrdə “Qurani-Kərim”in
nüsxələrinin yandırılması
cinayətini kəskin
şəkildə pislədiyi,
bunu nifrət və islamofobiya hisslərini alovlandıran,
qlobal miqyasda sülh və sabitliyə təhlükə
yaradan irqçi cinayət hesab etdiyi bildirilib. Qeyd edilib ki,
o, üzv ölkələri
azadlıq və ədalət dəyərlərinə
zidd olan, xalqlar və millətlər arasında
ünsiyyətə xələl
gətirən belə
cinayətlərin təkrarlanmaması
üçün kollektiv
tədbirlər görməyə
çağırıb.
Pakistanın nüfuzlu
“İslamabadpost” qəzetində
isə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
nazirlər görüşündəki
çıxışının ingilis dilində tam mətni dərc edilib.
Prezident İlham
Əliyevin çıxışının
əsas məqamları
Yəmənin “ManbarAden”
qəzetində dərc
olunmuş “Azərbaycan
Prezidenti Qoşulmama Hərəkatının Əlaqələndirmə
Bürosunun nazirlər
görüşündə aktual beynəlxalq məsələlərdən bəhs
etdi” sərlövhəli
materialda da yer alıb.
İordaniyanın rəsmi
Petra, BƏƏ-nin
WAM informasiya agentlikləri
də Bakıda keçirilən Qoşulmama
Hərəkatının Əlaqələndirmə
Bürosunun nazirlər
görüşü haqqında
materiallar dərc edilib.
Moldovanın aparıcı
“Point”, "Noi", "Timpul"
xəbər portalları
da Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər
görüşündəki çıxışına geniş
yer ayırıb.
Məqalələrdə dövlətimizin başçısının
Ermənistanın qeyri-konstruktiv
mövqeyinə dair fikirlərinə xüsusi
diqqət çəkilib.
Prezident İlham
Əliyevə istinadla
qeyd olunub ki, əgər Ermənistan həqiqətən
də regionda çoxdan gözlənilən
sülhdə maraqlıdırsa,
onda onun silahlı qüvvələri
Azərbaycanın Qarabağ
bölgəsindən tamamilə
çıxmalıdır. Bölgədəki
erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir.
Məqalələrdə, Prezident İlham Əliyevin, həmçinin
bu fikirləri oxucuların diqqətinə
çatdırılıb: “Münaqişə başa
çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün
qarşılıqlı tanınması
əsasında sülh
sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib. Ermənistanın Qarabağı
Azərbaycanın tərkib
hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdirildiyi
Azərbaycan ərazilərində
hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları
mövcuddur”.
Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
Bakıda keçirilən
“Qoşulmama Hərəkatı:
meydana çıxan çağırışlarla mübarizədə
birgə və qətiyyətli” mövzusunda
nazirlər görüşü
Bosniya və Herseqovina mediası tərəfindən də
geniş işıqlandırılıb.
“Slobodna Bosna”,
“Bosna info”, “Federalna” və “N1info” kimi informasiya agentliklərinin yaydığı
xəbərlərdə Prezident
İlham Əliyevin görüşdəki çıxışı
zamanı Fransanın neokolonializmi hələ də davam etdirən
ölkələrdən biri
olduğunu qeyd etdiyi bildirilib. Azərbaycan Prezidentinin Fransada, xüsusilə də mediada müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə
yayılmış irqçi,
ayrı-seçkilik salan
fikirlərin davam etdiyini bildirdiyi qeyd olunub.
Yazılarda Prezident
İlham Əliyevin Fransanı öz müstəmləkə keçmişinə,
qanlı müstəmləkə
cinayətlərinə və
soyqırımı aktlarına
görə Qoşulmama
Hərəkatına üzv
olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və
digər ölkələrdən
üzr istəməyə
çağırdığı vurğulanıb.
Məqalələrdə Azərbaycan Prezidentinin görüşdəki çıxışı
zamanı səsləndirdiyi
bu fikirlərə yer verilib: “Bir
neçə gün əvvəl Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə
və qul ticarəti ilə məşğul olduğuna
görə rəsmən
üzr istəyib. Biz onun fransız
həmkarını da
həmin hərəkəti
etməyə çağırırıq.
Heç vaxt olmamaqdansa gec olması yaxşıdır.
Əcdadları müstəmləkə
siyasətinə məruz
qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş,
işgəncələr verilmiş
və alçaldılmış
insanlardan milyonlarla insanın qarşısında
üzr istənilməsi
yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli
yeniyetmənin vəhşicəsinə
öldürülməsindən sonra qarşılaşdığı
dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan
qaldırılmasına kömək
edəcək”.
Rusiyanın “Kommersant”
qəzeti, “News.ru”, “Voyennoe
obozreniye”, “Novıye izvestiya”, “Regioni Rossii” nəşrləri,
“Vestnik Kavkaza” agentliyi, “Mir” teleşirkəti və bir sıra digər
mətbuat orqanları
Prezident İlham Əliyevin görüşdəki
çıxışı zamanı
Fransanın neokolonializm
siyasətini tənqid
etdiyini bildiriblər. Qeyd olunub ki,
Azərbaycan Prezidenti Fransanı erməni separatizmini dəstəkləməkdə
təqsirləndirib, eyni
zamanda, Fransada irqçilik meyillərinin,
milli azlıqlara qarşı təzyiqlərin
artdığını deyib.
Azərbaycan liderinin
BMT Təhlükəsizlik Şurası
ilə əlaqədar
söylədikləri də
Rusiya KİV-lərində
yer alıb. Oxucuların diqqətinə
çatdırılıb ki,
Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik
edən ölkələrin
də BMT Təhlükəsizlik
Şurasında təmsil
olunması təklifini
irəli sürüb.
Həmçinin Azərbaycanın
dövlət başçısının
Ermənistandan silahlı
dəstələrini Qarabağdan
çıxarmasını tələb
etdiyi vurğulanıb.
Gürcüstanın “Kavkasia.net” portalında rus dilində yayımlanan materialda Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanı
bütün qoşunlarını
Qarabağdan çıxarmağa
çağırdığı yazılır. Azərbaycanın
dövlət başçısının
çıxışına istinadla yayılan məlumatda deyilir: “Ermənistan Qarabağı
Azərbaycanın bir hissəsi kimi tanımağa məcbur edilsə də, Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi
Azərbaycan ərazisində
hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları
var. Əgər Ermənistan həqiqətən
də regionda çoxdan gözlənilən
sülhün əldə
olunmasında maraqlıdırsa,
o zaman onun silahlı qüvvələri
Azərbaycanın Qarabağ
bölgəsini tamamilə
tərk etməlidir. Yerdəki erməni hərbi və hərbiləşdirilmiş birləşmələri
tərk-silah edilməlidir”.
Geniş oxucu kütləsinə malik olan “apsny.ge” portalında yayımlanan xəbərdə
isə Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurası
haqqında fikirləri
yer alıb. Bildirilir ki, hazırda beynəlxalq təşkilatlar, xüsusən
də BMT bəşəriyyətin
ümidlərini doğrultmur.
BMT istər-istəməz ciddi
islahatlardan keçməlidir.
BMT Təhlükəsizlik Şurası
keçmişin yadigarıdır
və indiki reallığı əks etdirmir.
“Gaxa.ge” portalında yayımlanan materialda da Azərbaycan Prezidentinin beynəlxalq təşkilatlar, xüsusən
də BMT barədə
söylədiyi fikirlər
yer alıb. Həmin portalda yayımlanan digər materialda isə Prezident İlham Əliyevin Ermənistan və sülh sazişi ilə əlaqədar fikirlərindən
bəhs olunur. Dövlətimizin başçısının
fikirlərindən gətirilən
sitatda deyilir: “Ermənistan həqiqətən
də sülhün bərqərar olmasında
maraqlıdırsa, o zaman
onun silahlı qüvvələri Qarabağı
tərk etməlidir. Ermənistanın Qarabağı
Azərbaycanın bir hissəsi kimi tanımalı olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi
Azərbaycan ərazilərində
hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları
var. Əgər Ermənistan həqiqətən
də regionda çoxdan gözlənilən
sülhün əldə
olunmasında maraqlıdırsa,
o zaman onun silahlı qüvvələri
Azərbaycanın Qarabağ
bölgəsindən tamamilə
çıxarılmalıdır. Ermənistanın hərbi
və hərbiləşdirilmiş
elementləri yerindəcə
tərk-silah edilməlidir”.
Gürcüstanın “24news.ge” portalında yayımlanan məlumatda isə Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri yer alıb. Bildirilir ki, Ermənistan Zəngəzur
dəhlizinin açılmasına
mane olur. Materialda deyilir: "Ərazilərimiz işğaldan
azad edildikdən sonra Azərbaycan indi bir sıra
nəhəng çağırışlarla
üz-üzədir. Keçmişdə
işğal altında
olmuş ərazilərdəki
dağıntıların miqyasından
dəhşətə gəldik.
Azərbaycanın şəhər
və kəndləri Ermənistan tərəfindən
qəsdən dağıdılmış,
talan olunmuş, bütün mədəni və dini abidələr,
məscidlər təhqir
olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid,
kultursid və ekosid törətmişdir.
İşğal altında
olmuş ərazilərdəki
67 məsciddən 65-i dağıdılıb,
qalanlarından isə
donuz və inəklər üçün
tövlə kimi istifadə edilib ki, bu da
bütün dünya müsəlmanlarına qarşı
təhqirdir”.
“Qafqazturk.com” saytında gürcü dilində yayımlanan materialda oxuculara Azərbaycan Prezidentinin regiondakı və dünyadakı çağırışlar, eləcə
də Azərbaycanın
üzləşdiyi problemlər
barədə məlumat
çatdırılır.
Bildirilir ki, Azərbaycan indi sınaq qarşısındadır.
Otuz il əvvəl
Ermənistan Azərbaycanın
beynəlxalq səviyyədə
tanınmış ərazilərinin
təxminən 20 faizini
işğal edib və həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik
təmizləmə həyata
keçirib. Azərbaycan
ərazilərini işğaldan
azad etdikdən sonra bir çox
problemlərlə üzləşib.
Portalın yaydığı
daha bir materialda isə oxuculara Zəngəzur dəhlizi ilə bağlı məlumat verilir. Bildirilir ki, Ermənistan, eyni zamanda, Azərbaycanın
əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhlizin
açılmasına mane
olur ki, bu da təxminən
üç il əvvəl imzaladığı
kapitulyasiya aktına daxil olan digər
öhdəlikdir.
Çinin “China.org” portalında
yayımlanan “İranın
xarici işlər naziri: Birtərəfli sanksiyalar açıq-aşkar
“iqtisadi terrorizmdir” sərlövhəli məqalədə
nazir Hüseyn Əmir Abdullahiyanın Azərbaycanın paytaxtı
Bakıda keçirilən
iclasda “birtərəfli
və qeyri-qanuni” sanksiyaların açıq-aşkar
“iqtisadi terrorizm” və hədəf alınan ölkələrin
insan haqlarının açıq-aşkar pozulması
olduğunu bildirdiyi diqqətə çatdırılıb.
O, inkişafa nail olmağın hər bir xalqın haqqı olduğunu bildirib və Qoşulmama Hərəkatını
dünyada maksimum inkişafın təşviqi
üçün beynəlxalq
səylərdə daha
fəal rol oynamağa çağırıb.
İranın İRNA dövlət informasiya agentliyi, “Mehr” agentliyi, ingilis dilində dərc olunan “Tehran times” qəzeti və digər media qurumları Qoşulmama Hərəkatının
Bakıda keçirilən
tədbirini diqqətdə
saxlayıblar.
“Tehran times” qəzeti yazır ki, tədbirdə İranın xarici işlər nazirinin iştirakı iki qonşu dövlətin münasibətlərinin də
yaxınlaşmasına stimul
verə bilər. Qəzetə müsahibə
verən İran parlamentinin
nümayəndəsi Əbülfəz
Amoli bildirib ki, xarici işlər
naziri Əmir Abdullahiyanın Bakı səfəri və oradakı görüşləri
əlaqələrin bərpasında
mühüm rol oynaya bilər. O qeyd edib ki,
İran ilə Azərbaycan
xalqları oxşar tarixə, dinə və adət-ənənələrə
malikdir.
İranlı deputat
Qoşulmama Hərəkatının
Bakıda keçirilən
tədbirini yüksək
qiymətləndirib və
deyib ki, bu görüş Azərbaycana öz diplomatiyasını təşviq
etmək üçün
imkan yaradıb.
İRNA xəbər agentliyinin saytında yayımlanan məqalədə
qeyd edilib ki, İranın xarici işlər naziri iki ölkənin
birgə beynəlxalq layihədə iştirakını
xüsusi vurğulayıb.
Nazir deyib ki, İran ilə Azərbaycan Şimal-Cənub
Beynəlxalq Nəqliyyat
Dəhlizinin formalaşmasında
iştirak edir və beynəlxalq əhəmiyyətli bu layihə hər iki dövlətin iqtisadi inkişafına böyük töhfə verəcək.
“Mehr” xəbər
agentliyi isə nazir Ə.Abudlahiyanın çıxışında səsləndirdiyi
fikirlər və tədbirin yüksək səviyyədə təşkil
olunması barədə
informasiya dərc edib.
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü barədə məlumatlar Əfqanıstanın “Bakhtar” xəbər agentliyi, Nikaraquanın “La Primerisima” radiosu və digər ölkələrin kütləvi informasiya vasitələri tərəfindən dərc olunub və yayımlanıb.
Azərbaycan.-2023.- 7 iyul.- S.7.