Azərbaycan-Albaniya
iqtisadi əlaqələri
üçün yeni yollar açılır
Bu əməkdaşlığın
genişlənməsi enerji
sektorundan qaynaqlanır
Azərbaycan və
Albaniya arasında iqtisadi əməkdaşlığın
daha da inkişafı
üçün geniş
perspektivlər mövcuddur.
Ticarətin artırılmasına,
investisiyaların yönəldilməsinə
imkanlar var. Azərbaycan sərmayədarları
Albaniyada turizm, kənd təsərrüfatı
və digər sahələrdə sərmayə
layihələrini ciddi
araşdırmağa hazırdırlar.
Bu vaxta qədər isə iki ölkə arasında əməkdaşlığın
əsas meyarı enerji sektoruna aid olub.
Bu fikirlər Albaniyanın Prezidenti Bayram Beqayın Azərbaycana rəsmi səfəri zamanı hər iki dövlət
başçısının verdikləri bəyanatda səslənib. Prezident İlham Əliyev vurğulayıb ki, enerji sahəsində əməkdaşlıq təkcə
Azərbaycan və Albaniya üçün deyil, böyük sayda digər ölkələr, xüsusən
də "Cənub qaz dəhlizi"nin hissəsi olan TAP (Trans-Adriatik Qaz Boru
Kəməri) üçün
əhəmiyyətlidir: "Həmin boru kəməri Albaniyanın
ərazisindən keçir.
Hazırda o, enerji təhlükəsizliyinin mənbəyidir,
Azərbaycan və Avropa İttifaqının
qaz təchizatı sahəsində fəal işini, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini
nəzərə alsaq,
bütün bunlar, təbii ki, ölkələrimiz arasında
sıx əməkdaşlıq
üçün mühüm
meyarlardır. Çünki
bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin
"Cənub qaz dəhlizi" vasitəsilə
təmin edilir. Həmin ölkələrin
sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın
təbii qaz ixracı artır. Həcmlər artır və onun coğrafiyası
genişlənir".
"Cənub qaz
dəhlizi"nin Avropa
qolu olan TAP uzunluğu təxminən
878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri
Albaniyanın ərazisindən,
105 kilometri Adriatik dənizinin altından keçir. Xəttin bir neçə kilometrlik hissəsi İtaliyada quru sahəyə çıxır.
TAP-la sıx bağlılıq səbəbindən
Albaniya hər il "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının
Bakıda keçirilən
toplantılarında yüksək
səviyyədə təmsil
olunur. Bütün bunlar Azərbaycan-Albaniya iqtisadi əlaqələrinin
daha da genişlənməsinə
təkan verir.
Xatırladaq ki,
keçən ilin noyabr ayında Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri
olmuşdu. Hələ
o zaman ölkəmizin
Albaniyada qaz təsərrüfatının inkişafına
dəstək verəcəyi
müzakirə edilmişdi.
Prezidentimiz həmin məsələni xatırladaraq
demişdir: "Əvvəlki
təmaslarımızda müzakirə
olunan mövzulardan biri Albaniyanın qazlaşdırılması layihəsi
idi və sınaq layihəsi seçilmişdi. Bu gün bizə nümayəndə heyətlərinin
üzvləri tərəfindən
məlumat verildiyi kimi, işlər cədvələ uyğun
gedir və ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması
olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal
investisiyalara başlayacağıq. Bu, qazpaylayıcı şəbəkəni
qurmaq üçün Albaniyaya yatırılacaq xalis Azərbaycan
investisiyası olacaq. Həmçinin biz infrastrukturumuzu
Albaniyadan qonşu ölkələrə necə genişləndirəcəyimizi
də müzakirə etdik".
Albaniya öz ərazisində
tranzit imkanlarından istifadəyə açıq olduğunu
artıq bəyan edib. Tikilməkdə olan İon-Adriatik boru kəməri
bu işlərə kömək göstərəcək. Belə
ki, layihə tamamlandıqdan sonra Cənub-Şərqi
Avropanın bir sıra ölkələri qaz nəqli
üçün TAP-a qoşula bilər.
Uzunluğu 516
kilometr olan İon-Adriatik kəməri Albaniya, Monteneqro, Bosniya
və Herseqovinadan keçərək Xorvatiyada başa
çatacaq. Kəmərin ötürücülük
gücü ildə 5 milyard kubmetr təşkil edəcək.
Bu həcmin 1 milyard kubmetrini Albaniyanın, 500 milyon kubmetrini
Monteneqronun, 1 milyard kubmetrini Bosniya və Herseqovinanın, 2,5
milyard kubmetrini Xorvatiyanın alacağı gözlənilir.
Albaniyanın qaz
tranziti ölkəsi olmasının artıq reallığa
çevrildiyini bir daha diqqətə çatdıran ölkə
Prezidenti Bayram Beqay demişdir: "Albaniyanın qaz qəbul və
nəql edən ölkə olması məqsədini
qarşımıza qoymuşuq. Ölkəmiz buna nail olmağa
və əməkdaşlığı daha da dərinləşdirməyə
sadiqdir. Mən Prezident Əliyevə bildirdim ki, Albaniya Azərbaycanın
regional enerji layihələrinin inkişafına artmaqda olan diqqətini
alqışlayır və bu, Qərbi Balkan ölkələrini
daha da yaxınlaşdıracaq. Eyni zamanda bu, onların enerji təhlükəsizliyini
gücləndirəcəkdir".
Bunlar bir daha
göstərir ki, Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqda
bir-birinə sıx bağlıdır. Təşəbbüskarı
və aparıcı qüvvəsi Azərbaycan olan "Cənub
qaz dəhlizi"nin mühüm hissəsini təşkil edən
TAP-dan Albaniya həm
iqtisadi baxımdan, həm də regional enerji
çıxışı və qovşağı kimi strateji əhəmiyyətinin
güclənməsi baxımından çox fayda
görür.
Albaniya Prezidenti
bir daha qeyd edib ki, İon-Adriatik kəməri regionda bu ölkənin
qazpaylayıcı kimi roluna daha çox töhfə verəcək.
Həmçinin Albaniyanın Azərbaycanla sıx əməkdaşlıq
şəraitində ölkəsinin qazla təchiz olunması
çərçivəsində qəti addımlar atmağa
hazır olduğunu bildirib.
Xatırladaq ki,
hazırda 6 ölkə - Gürcüstan, Türkiyə,
Yunanıstan, İtaliya, Bolqarıstan və Rumıniya Azərbaycandan
mavi yanacaq alır. Yaxın zamanda qaz idxal edən ölkələrin
sayının 10-a çatacağı nəzərdə
tutulur. Lakin bu, son hədəf deyil. Keçən il
oktyabrın 1-də Sofiya şəhərində istifadəyə
verilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru Azərbaycandan
qaz ixrac edən ölkələrin sayının artmasına
imkan yaradıb. İon-Adriatik kəmərinin inşası
başa çatdıqdan sonra isə ixracımızın
coğrafiyası daha da genişlənəcək.
Flora SADIQLI,
Azərbaycan.-2023.-
9 iyul.- S.1-2.