Azərbaycan haqlı mövqeyi ilə qalib gəldi

 

Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistana havadarlarına hüquqi zərbə vuruldu

 

Məlum olduğu kimi, Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsinin "qanunsuz" olması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi qarşısında qaldırdığı vəsatət bu məhkəmə tərəfindən yekdilliklə rədd edilib.

Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

 

Dövlətimiz beynəlxalq səviyyədə hüquqlarını inamla təmin edir

 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında deyib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı gözlənilən idi. Ermənistanın davamlı olaraq Azərbaycana qarşı müxtəlif xarakterli təxribatlar törətdiyini qeyd edən deputat bildirib ki, bunun da bir istiqamətini hüquqi müstəvidəki bu cür cəhdlər təşkil edir: "Azərbaycan beynəlxalq hüquq müstəvisində öz hüquqlarını inamla müdafiə etməyi bacarır. Laçın yolu ilə bağlı ermənilərin iddiaları tamamilə əsassız idi, çünki burada bütün dövlətlərin fundamental hüquqları artıq sual altına düşürdü. Hər bir dövlət öz ərazisinə, sərhədlərinə giriş-çıxış nəzarətini həyata keçirməlidir. Azərbaycan, sadəcə, bütün dövlətlərin etdiklərini edib. Beynəlxalq instansiyalar bizə üzrxahlıq etməlidirlər ki, bu günə qədər Azərbaycanın sərhədləri Ermənistanın işğalı altında olub. Bu sərhədlər boyunca buraxılış - keçid məntəqələri qura bilməmişik. Dövlətimiz öz iradəsi ilə sərhədlərinin bütövlüyünü təmin edib bu gün sərhədləri boyunca nəzarət həyata keçirir".

Ermənistanın bununla bağlı hər hansı iddiasının tamamilə cəfəngiyyat olduğunu vurğulayan E.Mirbəşiroğlu Azərbaycanın beynəlxalq hüquq normalarına tam uyğun olaraq öz ərazilərinə giriş-çıxış nəzarətini həyata keçirdiyini əlavə edib.

Onun sözlərinə görə, Ermənistanın qaldırdığı əsassız vəsatətin təmin olunması BƏM-in ədalət ölçülərini şübhə altına sala, nüfuzuna ciddi xələl gətirə bilərdi. Məsələnin ikinci tərəfi odur ki, Ermənistan Laçın yolu vasitəsilə Azərbaycan ərazisindəki erməni separatçılarını silah-sursatla təchiz etməklə məşğul idi. Bu da Azərbaycanın təhlükəsizliyinə ciddi təhdidlər yaradırdı. "Laçın yolunda nəzarət - buraxılış məntəqəsini qurmaqla təhlükəsizliyimizə olan təhdidləri müəyyən mənada aradan qaldırmışıq. Bu baxımdan Azərbaycan haqlı mövqeyi ilə yenə qalib gəldi. Siyasi, hüquqi müstəvidə Azərbaycana qarşı qərəzli mövqelərin formalaşdırılması imkanlarının artıq məhdud olduğunu ya heç olmadığını Ermənistan aydın görür. Buna dəlalət edən hadisələrdən biri Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın cəfəng iddiasının rədd edilməsi oldu", - deyə deputat qeyd edib.

 

Ermənilərin iddiaları hüquqi müstəvidə iflasa uğradı

 

Milli Məclisin deputatı Tahir Kərimli bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın yolu ilə bağlı 12 may tarixli vəsatətini rədd etməsi Azərbaycanın beynəlxalq hüquqa inamını artırır.

Deputat qeyd edib ki, bu, dünyada ədalətin olduğunu da göstərir: "Ermənistan havadarları, xüsusən Fransa canfəşanlıq edirdilər ki, Azərbaycanın sərhəd - buraxılış məntəqəsi oradan götürülsün. Azərbaycanın tərkib hissəsi olan Xankəndiyə gediş-gəliş sərbəst olsun. Bütün bunların fonunda Beynəlxalq Ədalət Məhkəməsinin qərarı göstərdi ki, Azərbaycanın suverenliyi tamdır bütün ərazilərinə şamil edilir".

Qarabağın, həmçinin Laçın yolunun Azərbaycan əraziləri olduğunu vurğulayan T.Kərimli qeyd edib ki, dövlətimizin burada sərbəst suveren hüquqlarını təmin etməsi beynəlxalq hüquqa uyğundur. Bu bir daha Ermənistana havadarlarına böyük zərbə oldu. Hətta diplomatik danışıqlarda belə Ermənistan havadarlarının Laçın yolu ilə bağlı məsələləri manipulyasiya etdiyini xatırladan deputat bildirib ki, bu məsələnin dərin kökləri var. "Ali Baş Komandanın iradəsi nəticəsində Qarabağ üzərində suverenliyimizi  bərpa etdik. Ona görə bu məsələ hüquqi cəhətdən bitib. Beynəlxalq Ədalət Məhkəməsinin qərarından sonra Ermənistanın Laçın yolu ilə bağlı ciddi hay-küyü olmayacaq. Dəhlizə beynəlxalq qüvvələrin gətirilməsi ilə bağlı məsələlər səngiyəcək, irəli sürülsə belə onların təsir qüvvəsi olmayacaq", - deyə deputat əlavə edib.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 9 iyul.- S.3.