Tufandan güclü

 

Ağcabədi kəndlisi təbiətin sınaqlarından qalib çıxır

 

Bu ilin yazında, eləcə yayın ilk günlərində təbiət bizi ciddi sınaqlara çəkdi. Fasiləsiz yağışlar, güclü dolu, şiddətli küləklər böyük fəsadlar törətdi. Taxıl zəmilərinə, pambıq  tarlalarına, meyvə bağlarına, tərəvəz əkinlərinə xeyli ziyan dəydi.

Təbii fəlakət dalğası, heç şübhəsiz, ölkənin böyük kənd təsərrüfatı  rayonu olan Ağcabədidən yan keçmədi. Təbiətin çətinlikləri, adamlarda  psixoloji gərginlik yaradan o günlər haqqında Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dedi:

- Təbii ki, əsəblərin  tarıma çəkildiyi elə gərgin bir zamanda  əlimizi - qolumuzu sallayıb, oturub vəziyyətin bir möcüzə nəticəsində düzələcəyini gözləyə bilməzdik. Rayonun zəngin həyat təsərrüfat təcrübəsinə malik bacarıqlı mütəxəssislərini dəvət etdik. Dəfələrlə bir araya gəlib məsləhətləşdik, təbiətin yaratdığı problemlərdən daha az itkilərlə çıxmaq üçün yollar aradıq. Faydalı məsləhətlər kara gəldi. Güclü küləyin, leysan yağışlarının nəticəsində sünbülləri yatan zəmilərin taxılını itkisiz biçib götürmək üçün kombaynlar şəraitə uyğun olaraq yenidən nizamlandı. Dolu vurduğu pambıq tarlalarında zədələnmiş bitkilərin inkişafını sürətləndirməkdən ötrü isə becərmə aqreqatlarında yumşaldıcılara üstünlük verildi, yemləmə gübrələrinin norması  real şəraitə uyğun olaraq artırıldı. Həyata keçirilən operativ zəruri tədbirlər təbii ki, nəticəsiz qalmadı.

İndi Ağcabədi rayonunun təsərrüfatlarında işlərin qızğın çağıdır. Taxıl biçini sürətlə davam edir. Arpa biçini artıq başa çatmışdır. 6404 hektar sahədən 24949 ton arpa götürülmüş, hər hektarın məhsuldarlığı 38,2 sentner təşkil etmişdir. Məlumat üçün bildirək ki, rayonun təsərrüfatlarında cari ilin məhsulu üçün 26664 hektarda taxıl toxumu əkilmişdir. Zəmilərə aqrotexniki qaydalar əsasında qulluq edilməsi, məhsuldar sortlara üstünlük verilməsi yüksək son nəticəni təmin edən əsas şərtdir. Biz biçin barədə operativ məlumat əldə edərkən öyrəndik ki, indiyədək 10 min hektar buğda zəmisinin məhsulu biçilmişdir. Hələlik hər hektarın orta məhsuldarlığı 45 sentnerdən yüksəkdir. Əlbəttə, bu yaxşı nəticənin arxasında gərgin əmək, narahat günlər dayanır.

Ümumiyyətlə, rayonun təsərrüfatlarında taxılçılığın inkişafı xüsusi önəm daşıyır. Müharibə şəraitində yaşayan bir dövlətdə çörəyin bolluğu son dərəcə  vacib amildir. Həm bu gün dünya bazarında ərzaqlıq buğdaya ehtiyac böyükdür. Məsələyə bu prizmadan yanaşdıqda Ağcabədi kəndlisinin fədakarlığı minnətdarlıq doğurur. Onu da qeyd edək ki, keçən il rayonda 113814 ton taxıl istehsal edilmiş, hər hektarın məhsuldarlığı 40,4 sentnerə çatmışdır. Builki hədəf isə daha yüksək istehsala nail olmaqdır. Qoy olsun! Süfrəmizin bol çörəyi iqtisadi gücümüzün əsas göstəricisidir!   

Ağcabədi rayonunun iqtisadiyyatında taxılçılıqla yanaşı, pambıqçılıq da böyük önəmə malikdir. Keçən il rayonda 40361 ton pambıq tədarük olunmuş, orta məhsuldarlıq 34,1 sentner  təşkil etmişdir. Nəzərə alaq ki, pambıqçılığın inkişafı kəndli üçün ən etibarlı yeridir. Artıq rayonda  halal zəhməti hesabına qabaqcıl pambıqçılar nəsli formalaşmışdır. İskəndər Hüseynov, Famil  Quliyev, Raqub Qasımov rayonun adlı-şanlı pambıqçıları kimi hər yerdə hörmət ehtiramla qarşılanırlar. Bu il rayonun təsərrüfatlarında 11493 hektar sahədə pambıq əkilmişdir. Tarlalarda becərmə işləri aqrotexniki qaydalar  əsasında davam edir. Dolu vuran, leysan yağışlarına məruz qalan tarlalara isə fərqli yanaşılır. Cərgə aralarına çəkilən kultivasiya ilə birlikdə sahələrə yüksək normada mineral gübrələr verilir. Zədələnmiş pambıq kolları yavaş-yavaş güclənir, boy atır, çəkilən zəhmət hədər getmir.

Cari ilin uğurları sırasında Ağcabədi kümçüsünün payı var. Gəlirli, kəndli üçün sərfəli olan baramaçılığın inkişafı üçün  rayonun təsərrüfatlarında etibarlı təməl vardır. Məhsuldar tut tinglikləri, zoobaytar tələbərə cavab verən kümxanalar baramaçılığın intensiv inkişafı üçün bol yem mənbəyi etibarlı maddi-texniki bazadır.  Bu il kümçülər 34478 kiloqram yüksək keyfiyyətli barama istehsal etmişlər. Hər qutu ipək qurdunan orta məhsuldarlığı 49,3 kiloqram olmuşdur. Bu, keçən ilin göstəricisindən 12 kiloqram çoxdur.

Ağcabədi kəndlisi təbiətin builki ağır sınaqlarından qalib çıxdı. Kürəyində dövlətin güclü əlini hiss edən, ayağı torpaqda, əli zəhmətdə olan, bolluq, firavanlıq niyyətli insanlar yenilməz iradələri, dönməz inamları ilə tufandan güclü olduqlarını sübut etdilər.

 

Lazım QULİYEV,

Azərbaycan.-2023.- 9 iyul.- S.7.