Bütün sahələrdə
aparıcı qüvvə
kimi iştirak edən müasir Azərbaycan gəncləri
uğurlar qazanırlar.
Bununla həm özlərinin istedad və bacarıqlarını
göstərir, həm
də öz ailələrinin, xalqının,
vətəninin başını
ucaldırlar.
Bugünkü Azərbaycan
gəncliyinin ən təqdirəlayiq cəhətlərindən
biri müasir olduqları qədər də köklərinə bağlılıqlarıdır. Xalqının tarixini dərindən öyrənən
gənclər Azərbaycanın
zaman-zaman çox ağır sınaqlardan keçdiyini, yadellilərin
hücumlarına məruz
qaldığını, ayrı-ayrı
əsrlərdə işğal
olunduğunu, yağmalandığını
bilirlər. Bilirlər
ki, məmləkətimizə,
onun zəngin sərvətlərinə göz
dikən yağılar
xalqımızın sinəsinə
çalın-çarpaz dağ
çəkiblər, övladlarını
şəhid ediblər,
yurdlarını talayıblar.
Azərbaycanı ikiyə
bölüblər. Əzəli
torpaqlarımızda heç
zaman mövcud olmamış Ermənistan
adlı dövlət yaradıblar. Bununla da məmləkətimizdən
gözlərini çəkməyiblər.
Xislətində mənfurluq,
qəddarlıq, qəsbkarlıq
olan ermənilərə
havadarlıq edərək
Qarabağ və Şərqi Zəngəzur
ərazilərini də
Azərbaycandan qoparmağa
cəhd göstəriblər.
XX əsrin sonlarında
erməniləri o vaxtların
ən müasir silahları ilə silahlandıraraq və digər yardımlar edərək dəhşətli
cinayətlər, terrorlar,
soyqırımları törətmələrinə
şərait yaradıblar.
Böyük, güclü
dövlətlərdən hər
cür yardımlar alan ermənilər bu qəddar əməllərini o zaman
dünyanın gözü
önündə həyata
keçiriblər.
O zaman Ermənistan
azərbaycanlıları ata-baba
yurdları olan Şərqi Azərbaycanda
sıxışdırır, ermənilərin onları
hücumlara məruz qoymalarına, şikəst
etmələrinə, qətlə
yetirmələrinə rəvac
verirdi. Nəticədə
Ermənistan uzun illər plan qurduğu, cəhd etdiyi, qismən də müvəffəq olduğu arzusuna çatmış, Qərbi
Azərbaycanı əsl
sakinləri olan türklərsiz qoymuşdur.
Həmin illər
Azərbaycanın Qarabağ
və Şərqi Zəngəzur bölgələrindən
də ağır xəbərlər gəlirdi.
1990-cı illərin əvvəllərində
Ermənistan həmin əraziləri böyük
dövlətlərdən aldığı
güc sayəsində
işğal edə bildi. İşğal uzun illər davam etdi. 30 ilə yaxın Qarabağ və Şərqi Zəngəzur
əraziləri Ermənistanın
əsarətində qaldı.
Həmin müddətdə
ermənilər qədim
və gözəl Qarabağı, Şərqi
Zəngəzuru xarabalığa
çevirdilər. Azərbaycanlıların
evlərini qarət etməklə kifayətlənmədilər.
Qədim və müasir tikililəri uçurub dağıtdılar,
əllərinə keçəni
daşıyıb Ermənistana
apardılar. Erməni
vandalları Qarabağın,
Şərqi Zəngəzurun
təbiətinə də
divan tutdular. Təbii sərvətlərimizi
talan etdilər. Azərbaycanın mənfur
ermənilərin tapdağı
altında qalan, sanki haray çəkərək
öz sakinlərini çağıran, imdad diləyən torpaqlarının
xilası hər bir azərbaycanlının
ən böyük arzusuna, ən müqəddəs amalına
çevrildi.
İndiki Azərbaycan
gəncləri bu nisgil, həsrət, təəssüb hissləri
ilə böyüyüb
boya-başa çatdılar.
Onların çoxu Qarabağ və Şərqi Zəngəzur
ərazilərinin Ermənistan
tərəfindən işğalı
ilə nəticələnən
Birinci Qarabağ müharibəsindən sonra
dünyaya gəliblər.
Ancaq vətən torpaqlarına ayaq basmadan, görmədən
də sevmək, yolunda bir an
belə tərəddüd
etmədən canından
keçməyə hazır
olmaq mümkündür.
Bunu 2020-ci ilin payızında 44 günlük
İkinci Qarabağ müharibəsində Azərbaycan
gəncləri bir daha sübut etdilər. Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağı
azadlığa qovuşduran
əsgər və zabitlərimizin mütləq
əksəriyyəti Qarabağın
işğalından sonra
dünyaya gəliblər.
Bu vətənpərvər
gənc nəsil Qarabağı görmədən
onun həsrətini yaşayıblar və işğaldan qurtulması
üçün qanlı
mübarizəyə atılıblar.
Ermənistan o günə
qədər də bağladığı sazişə
ciddi yanaşmadığını,
əməl etmədiyini
göstərirdi. 1994-cü ildə atəşkəs barədə saziş imzalasa da, yerinə
yetirmirdi. Azərbaycanın
həm hərbi mövqeləri, həm də dinc yaşayış
məntəqələri Ermənistan
silahlı qüvvələri
tərəfindən mütəmadi
olaraq müxtəlif silahlardan atəşə tutulurdu. 2020-ci il sentyabrın 27-də İkinci
Qarabağ müharibəsi
də Ermənistanın
növbəti təxribatı
nəticəsində başladı.
O gün Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin çağırışına
səs verərək könüllü şəkildə
silaha sarılan gənclər vətən
uğrunda döyüşlərə
atıldılar. Onların
rəşadəti sayəsində
xalqımızın 30 illik
həsrətinə son
qoyuldu, ölkəmizin
ərazi bütövlüyü
bərpa edildi.
Hələ İkinci
Qarabağ müharibəsinin
ilk günündə
- sentyabrın 27-də Azərbaycan
xalqına müraciət
edən Ali Baş Komandan İlham Əliyev qətiyyətlə demişdir:
"Erməni əsgərinin
bizim torpağımızda
nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə
işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində
olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından
ibarətdir. Ermənistan
işğalçı dövlətdir,
bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Minlərlə Azərbaycan
gənci də bu haqq işi
uğrunda cəbhəyə
yollandı. Sinəsini
düşmən güllələrinə
sipər edərək,
qəhrəmanlıq nümunəsi
göstərdilər. Müqəddəs
vətən torpaqlarını
işğalçılardan azad etdilər. Ali Baş Komandan
İlham Əliyev gənclərimizin rəşadətini
belə ifadə etdi: "Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin
fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə
fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin
böyük əksəriyyəti
gənclərimiz olubdur.
Bizim gənclərimiz
hərbi qələbələrimizi
şərtləndiriblər".
Gənclərimiz vətən
uğrunda döyüşlərlə
yanaşı, arxa cəbhədə də yüksək fəallıq
göstərdilər. Azərbaycanla
bağlı həqiqətlərin,
işğalçı Ermənistanın
əzəli torpaqlarımızda
törətdikləri vandallıq
aktlarının beynəlxalq
ictimaiyyətin diqqətinə
çatdırılmasında fəal iştirak etdilər. Yalnız müharibə dövründə
deyil, sonra da gənclərimizin müxtəlif əcnəbi
dillərdə yaydıqları
həqiqətlər əsl
erməni xislətini,
vandallığını, barbarlığını
dünyaya nümayiş
etdirdi.
Qarabağda, Şərqi
Zəngəzurda yenidən
Azərbaycan bayrağı
dalğalanır. Düşmən
işğalından qurtulmuş
o yerlər bu gün yenidən qurulur. Ancaq zaman göstərir ki, hər bir
dövlət, hər bir xalq azadlığını,
müstəqilliyini qorumaq,
davamlı inkişafa nail olmaq üçün
həm də baş verənləri unutmamalı, tarixdən ibrət dərsləri almalıdır. Prezident İlham Əliyevin dediyi kimi: "Bizdən sonra gələn nəsillər
tarixi bilməlidir, unutmamalıdır. Çünki
məhz düzgün təhlil apararkən, tarixdən ibrət götürərək biz
inamla irəliyə gedə bilərik".
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
9 iyul.- S.5.