İkinci Qarabağ
müharibəsindən sonra
regionda sülhün, təhlükəsizliyin təmin
olunması üçün
bütün imkanlarını
səfərbər edən,
qalib ölkə kimi məğlub Ermənistana sülh müqaviləsi imzalamağı
təklif edən Azərbaycanın atdığı
addımlar yenə də qısqanclıqla qarşılanır.
Azərbaycana qarşı
ittihamlar səsləndirilir,
sülh müqaviləsinin
şərtləri sırasına
yenidən "status"
məsələsinin daxil
edilməsinə cəhd
göstərilir.
Lakin hər kəsə bəllidir ki, bu gün
bölgədə söz
sahibi Azərbaycandır.
Məğlub Ermənistan
və onun bəzi xarici himayədarları isə ölkəmizi qisasçılıqda
ittiham etsələr də, bu çirkin
kampaniyanın heç
bir əhəmiyyəti
yoxdur. Çünki İlham Əliyevin söylədiyi kimi, "Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi
dövründə bizim
iradəmizə heç
kim təsir edə bilmədisə, bu gün təbii
ki, heç kim təsir edə bilməz. Yenə də deyirəm, biz haqq-ədaləti tələb
edirik".
Prezident bildirir
ki, bu gün
Ermənistanla aparılan
sülh danışıqlarının
yekunlaşması həm
Azərbaycana, həm də daha çox
Ermənistana lazımdır.
Sülh anlaşması
beynəlxalq hüququn
norma və prinsipləri əsasında
imzalanmalı, anlaşmada
postmüharibə reallıqları
nəzərə alınmalıdır.
Əgər Azərbaycanın
tələbləri, şərtləri
nəzərə alınmasa,
sülh mümkün olmayacaq və bu da əlbəttə
ki, Hayastanın acınacaqlı vəziyyətə
düşməsi ilə
nəticələnəcək.
Təbii ki, ölkəmizin mövqeyi hər zaman olduğu kimi, yenə də beynəlxalq hüquqa və ədalətə söykənir. Bu səbəbdən Azərbaycan
heç nədən çəkinməyərək öz
işini görür.
Prezident də bildirib ki, heç
bir qüvvə iradəmizi qıra bilməz. İstənilən
qüvvəyə lazımi
yerdə layiqli cavab verilir.
İqtisadi və
siyasi müstəqilliyini
təmin edən Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən
İlham Əliyev
"dəmir yumruq"la
44 günə azad etdiyi torpaqlarımızı
"dəmir iradə"
ilə yenidən qurur. Özü də daha möhtəşəm, daha əzəmətli. Artıq
İlham Əliyevin müəyyənləşdirdiyi Böyük qayıdışa
dair dövlət proqramının da icrasına başlanılıb.
Qarabağ və Şərqi Zəngəzurda
həyat yenidən qaynayır. Bununla da İlham Əliyev
dünyaya Azərbaycanla
Ermənistanın fərqini
göstərir. Doğma
torpaqlarımızda dalğalanan
bayrağımız isə
düşmənlərə, onların havadarlarına gözdağı verir.
İlham Əliyevin
söylədiyi kimi:
"Biz qalib gəlmişik, biz qan tökmüşük,
şəhidlər vermişik.
Allah bütün şəhidlərimizə rəhmət
eləsin! Biz öz torpağımızda
müharibə aparmışıq
və bu gün öz torpağımızda yaşayırıq
və yaşayacağıq".
Hələlik isə
Azərbaycan özünü
təmkinlə aparır.
Son iki il
yarım ərzində
Azərbaycan bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə
gücünü göstərib.
Bütün bular isə haylara bir mesaj olub.
Azərbaycan məğlub
ölkəyə və
separatçılara siqnal
göndərib ki, özlərini yaxşı
aparmasalar, imzalarına
hörmət etməsələr,
nəticə onlar üçün acınacaqlı
olacaq.
Ümumiyyətlə, son aylarda Azərbaycanla
Ermənistan arasında
sülh müqaviləsinin
imzalanması istiqamətində
danışıqların xeyli
intensivləşdiyi zamanda
revanşistlər yenə
də aranı qarışdırmağa cəhd
edirlər. Laçın
sərhəd-buraxılış məntəqəsində baş
verən silahlı toqquşma, hərbi qulluqçumuzun yaralanması,
müxtəlif istiqamətlərdə
mövqelərimizin atəşə
tutulması bunu təsdiqləyən reallıqdır.
Sülh danışıqlarına
gəlincə, təkcə
may-iyun aylarında həm ölkə liderləri, həm XİN
başçıları arasında
Vaşinqtonda, Brüsseldə,
Moskvada və Kişineuda keçirilən
görüşlərdəki müzakirələr, əldə
olunan razılıqlar
onu deməyə əsas verir ki, tərəflər sülhə bir qədər də yaxınlaşıblar. Bu ilin sonuna qədər
Azərbaycanla Ermənistan
arasında sülh müqaviləsinin imzalanacağına
ümidlər böyükdür.
Xarici işlər
naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı
da bu məsələyə
toxunaraq vurğulamışdır
ki, Ermənistan və Azərbaycan arasında təxminən otuz ildir davam
edən silahlı münaqişənin başa
çatması və
hər iki dövlətin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin
toxunulmazlığına qarşılıqlı
hörmət etmək
öhdəliyi götürməsi
ilə iki ölkə öz müstəqilliklərini bərpa
etdikdən sonra ilk dəfə olaraq sülh əlçatandır.
Kişineuda Prezident
İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan,
Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişel arasında keçirilən
üçtərəfli, eləcə
də Almaniya Kansleri Olaf Şolts
və Fransa Prezidenti Emmanuel Makronun da qatıldığı
beştərəfli qeyri-rəsmi
görüşü də
sülh prosesinin tərkib hissəsi kimi dəyərləndirmək
olar. Düzdür, bu görüşlərdə
heç bir qərar qəbul olunmasa da, tərəflər
bunu Brüsseldə keçiriləcək növbəti
toplantıya yaxşı
hazırlıq kimi qiymətləndirir.
Bəllidir ki, Azərbaycan qalib tərəf kimi Ermənistana münaqişədən
sonrakı normallaşma
gündəliyini təklif
edib. Hər iki tərəf bir-birinin suverenliyinin, ərazi bütövlüyünün
və dövlət sərhədlərinin toxunulmazlığının
qarşılıqlı tanınması
və onlara hörmətə əsaslanan
dövlətlərarası münasibətlərin çərçivəsini
təşkil edəcək
ikitərəfli sazişin
mətni üzərində
danışıqlar aparır.
Ermənistanda bir ara müharibə cağırışı hökm
sürürdüsə, bu
gün ermənilər
dərk edirlər ki, müharibə onları xilas edə bilməyəcək.
Məhz buna görə ermənilər
danışıqlar masasında
oturmağa məcburdurlar.
İndiki reallıq budur ki, ermənilər
artıq sülh müqaviləsinin yeganə
çıxış yolu
olduğunu anlayırlar.
Müharibənin qalib
tərəfi olmasına
rəğmən Azərbaycan
məğlub ölkəyə
qurtuluş yolu, hər iki tərəfi
qane edəcək sülh modeli təklif edir. Hayastana bəlli olmalıdır ki, boş yerə Qarabağın erməni əhalisi üçün
ayrıca "status"
iddiasını irəli
sürməyin heç
bir mənası yoxdur.
Azərbaycan Prezidenti
bununla bağlı son sözünü mayın 28-də Laçında
bəyan edib. İlham Əliyev deyib ki, "miatsum"un, separatizmin
"kitabı bağlanıb",
müstəqillik xülyası
da statusun dalınca cəhənnəmə
göndərilib. Bu gün ermənilərin yaşadıqları Qarabağ
bölgəsi Azərbaycanın
tarixi, hüquqi torpağıdır. Yaxşı
olar ki, bu reallığı orada yaşayan erməniəsilli vətəndaşlar
da tezliklə başa düşsünlər
və xam xəyallardan ayılaraq özləri gəlib Azərbaycan bayrağı
altında yaşamaq üçün addım atsınlar.
Qarabağın erməniəsilli
sakinləri də, Ermənistan əhalisi də yaxşı bilir ki, İlham
Əliyev nə deyirsə, onu mütləq tezliklə gerçəkləşdirir. Qalib
komandan bunu müharibədən öncə
də, sonra da nümayiş etdirdiyi siyasətlə sübuta yetirib. Əgər indi Azərbaycan Prezidenti ermənilərə belə
şans, imkan verirsə, haylar mütləq bundan yararlanmalıdırlar, sonra
gec olacaq.
Ötən həftə
Beynəlxalq Ədalət
Məhkəməsi İrqi
ayrı-seçkiliyin bütün
formalarının ləğv
edilməsi üzrə
Beynəlxalq Konvensiyanın
tətbiqi ilə bağlı Ermənistanın
Azərbaycana qarşı
məhkəmə işi
üzrə 2023-cü il
22 fevral tarixli qərarında dəyişiklik
edilməsi məqsədilə
Hayastanın tələbini
yekdilliklə rədd etməsi də ermənilərə bir mesaj oldu. Məhkəmənin
Azərbaycanın öz
sərhədlərinə nəzarət
etmək hüququnu bir daha təsdiq
edən və Ermənistanın sərhəd
nəzarət buraxılış
məntəqəsinin aradan
qaldırılması ilə
bağlı tələbinin
əsassız olduğunu
sübut edən qərarı bir daha həqiqəti göstərdi.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
11 iyul.- S.1;5.