Azərbaycanın
xarici işlər naziri Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb
Xarici işlər
naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın ölkəmizdə
səfərdə olan
dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, söhbət
zamanı Azərbaycan-Vatikan
münasibətlərinin cari
vəziyyəti və
perspektivləri, Azərbaycanla
Ermənistan arasında
sülh prosesi və bölgədəki hazırkı vəziyyət
müzakirə edilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın ölkələrimiz arasında
olan münasibətlərə
böyük əhəmiyyət
verdiyini və bu xüsusda Azərbaycanın Vatikanda yeni fəaliyyətə başlayan səfirliyinin əməkdaşlığın daha da inkişafına
xidmət göstərəcəyinə
əminliyini ifadə edib. İki tərəf arasında həyata keçirilən
yüksək səviyyəli
səfərlər mübadiləsinin
bu münasibətlərin
inkişafına təkan
verdiyi qeyd olunub.
Nazir, həmçinin
qarşı tərəfə
44 günlük Vətən
müharibəsindən sonrakı
vəziyyət, eləcə
də işğaldan azad edilmiş ərazilərimizdə törədilmiş
cinayətlər, vandalizm
və dağıdılmış
mədəni və dini irs barədə
ətraflı məlumat
verib. Bununla yanaşı, Ermənistanın
törətdiyi və
davam edən mina təhdidləri və digər təxribatları barədə
müfəssəl məlumat
verilib. 1990–cı illərdən bəri
3800-dən çox itkin
düşmüş azərbaycanlı
barədə hələ
də məlumat olmadığı diqqətə
çatdırılıb.
Qeyd edilənlərlə
yanaşı, Ermənistanın
sərhədi təsadüfən
keçmiş hərbçilərin
geri qaytarılması
barədə etimad quruculuğu tədbirlərinə
əməl etmədiyi
xatırladılıb.
Görüşdə, həmçinin Azərbaycanın
Vatikanın tarixi və dini məkanlarının
bərpasında iştirakı
məmnunluqla qeyd edilib və bunun mədəniyyətlərarası
dialoqa bir töhfə kimi qiymətləndirildiyi diqqətə
çatdırılıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Azərbaycan.-2023.- 11 iyul.- S.2.