“Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı konfrans
İyulun 10-da ADA Universitetində
“Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirin
açılışında ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək
iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.
Konfransda çıxış
edən xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, müstəqil
xarici siyasət hər bir dövlətin
əsas atributlarından
biridir. Bütün digər sahələrdə
olduğu kimi, ölkəmizin xarici siyasət kursunun əsasının qoyulması
da anadan olmasının 100-cü ildönümünü
qürurla qeyd etdiyimiz, dərin hörmət və minnətdarlıqla yad etdiyimiz görkəmli dövlət xadimi, Azərbaycan xalqının
Ulu Öndəri Heydər Əliyevin adı ilə bağlıdır.
Nazir, həmçinin
qeyd edib ki, Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın dövlətçilik
mənafelərini hər
şeydən uca tutaraq, müxtəlif ölkələrin Qafqaz və xüsusilə Azərbaycan ilə bağlı maraqlarını,
bu bölgədə ambisiyalarını nəzərə
alaraq çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Ulu Öndərin uğurlu xarici siyasət kursu nəticəsində xüsusilə
keçmiş Ermənistan-Azərbaycan
münaqişəsi ilə
bağlı işğalçı
tərəfə beynəlxalq
təzyiqin gücləndirilməsi
kimi məsələ həllini tapmışdı.
“Otuz il davam etmiş hərbi işğala son qoyulması nəticəsində xarici
siyasətimizin qarşısında
duran ən böyük çağırış
olan keçmiş münaqişənin həlli,
regionda yeni reallıqlar gündəliyinin
yaranması xarici siyasətimizin üfüqlərinin
genişlənməsində də rol oynayıb.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil və prinsipial xarici siyasət kursunun aparılması nəticəsində
ölkəmizin beynəlxalq
nüfuzu daha da artmaqdadır. Azərbaycanın postmünaqişə
dövründə regionda
sülh səyləri
xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcının
göstəricisidir. İşğaldan
azad edilmiş torpaqlarımız bu gün dövlətimizin başçısı İlham
Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlir. Üçrəngli
bayrağımız işğaldan
azad olunmuş torpaqlarımızda qürurla
dalğalanır. Azərbaycan
azad etdiyi əraziləri qarış-qarış
yenidən qurur və bərpa edir”, - deyə nazir diqqətə çatdırıb.
Prezidentin köməkçisi
- Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev Ulu Öndər Heydər Əliyevin xarici siyasət sahəsindəki
böyük xidmətlərindən
bəhs edib, Ümummilli Liderin Azərbaycanın milli kimliyinin qorunması istiqamətində gördüyü
işləri xüsusi
vurğulayıb.
Hikmət Hacıyev
bildirib ki,
1987-1990-cı illərdə Ulu Öndərə qarşı repressiyalar dövrü idi. Həmin dövrü təhlil etdikdə məlum olur ki, nəinki Ümummilli Lider Heydər Əliyevi siyasi məkandan silmək, hətta onun fiziki cəhətdən
məhv edilməsi istiqamətində məqsədli
siyasət aparılırdı.
“Tarixçilər öz
araşdırmalarında diqqət
etməlidirlər ki, biz bəzən ermənilərin Azərbaycana
qarşı ərazi iddiaları kontekstində yalnız Qarabağ mövzusuna baxırıq.
Amma sənədlərə
nəzər yetirdikdə
tam aydın olur ki, təkcə
Qarabağ yox, Naxçıvan Muxtar Respublikasının da Ermənistana birləşdirilməsi,
həmin zonanın Şərqi Ermənistan kimi təsvir edilməsi prosesi var idi. Ulu
Öndər Heydər
Əliyevin Naxçıvana
gəlməsi ilə onların bu istəyi də baş tutmadı. Ulu Öndər Naxçıvanı Qarabağın
aqibətini yaşamaqdan
xilas etdi. 1993-cü ilə qədər Azərbaycanı tam şəkildə müstəqil
hesab etmək olmazdı. Yalnız
1993-cü ildə Ümummilli
Lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra
ölkəmiz tam müstəqil oldu”, - deyə Hikmət Hacıyev vurğulayıb.
Konfrans işini
panel müzakirələri ilə
davam etdirib.
Azərbaycan.-2023.- 11 iyul.-
S.3.