Özbəkistanda
prezident seçkiləri
beynəlxalq hüquq normalarına uyğun keçirildi
Xəbər verildiyi
kimi, iyulun 9-da Özbəkistanda növbədənkənar
prezident seçkiləri
keçirilib.
Seçkiləri müxtəlif
təşkilatlardan, o cümlədən
MDB, ATƏT, Şanxay Əməkdaşlıq
Təşkilatı, İslam
Əməkdaşlıq Təşkilatı
və Ümumdünya
Seçki Orqanları
Təşkilatından 800-ə yaxın beynəlxalq müşahidəçi, habelə
yerli və xarici KİV-in 1400-ə yaxın nümayəndəsi
izləyib.
Türk Dövlətləri
Təşkilatından (TDT) beynəlxalq müşahidəçilər
missiyası Özbəkistanda
növbədənkənar prezident
seçkilərinin təşkilini
və keçirilməsini
yüksək qiymətləndirib.
"Seçkilər peşəkar
şəkildə təşkil
edilmiş və əhəmiyyətli pozuntulara
yol verilmədən keçirilmiş, səsvermə
prosedurlarına riayət
edilmiş və şəffaflıq təmin
edilmişdir. Missiya tərəfindən seçkilərin
gedişinə inzibati
və hüquq-mühafizə
orqanları və strukturlar tərəfindən
icazəsiz müdaxilə
halları aşkar edilməmişdir". Bu barədə Mərkəzi
Seçki Komissiyasında
brifinq zamanı TDT baş katibinin müavini Sədi Cəfərov məlumat verib. O, həmçinin vurğulayıb ki, missiya üzvləri həm səsvermə, həm də səslərin hesablanması
zamanı bir sıra seçki məntəqələrində olublar
və bütün prosedurların vaxtında və qanunauyğun aparıldığını təsdiq
edə bilərlər.
Şanxay Əməkdaşlıq
Təşkilatının müşahidəçilər
missiyası da Özbəkistanda prezident seçkilərinə hazırlığın
və keçirilməsinin
yüksək səviyyədə
olduğunu qeyd edib. "Müşahidə
zamanı biz vətəndaşların fəallığını
və seçki komissiyalarının yüksək
hazırlıq səviyyəsini
gördük. Müşahidələrimizə
əsasən deyə bilərik ki, səsvermə kənardan müdaxilə və gərginlik olmadan sakit və ahəngdar
şəraitdə keçib.
Seçki günü
müşahidəçilər missiyası heç bir qanun pozuntusu
qeydə almayıb",
- deyə təşkilatın
baş katibi Çjan Min MSK-nin mətbuat mərkəzində keçirdiyi
brifinqdə bildirib.
"ŞƏT missiyası 22 müşahidəçidən ibarət olub. Onlar Daşkənddə və Daşkənd vilayətində 40-dan çox
seçki məntəqəsində
olublar, üstəlik,
müşahidəçilər bəzi seçki məntəqələrinə planlaşdırılmamış
baş çəkiblər
və hər yerdə səsverməyə
yüksək səviyyədə
hazırlığın şahidi
olublar", - deyə müşahidəçilərdən biri - Rusiya Dövlət
Dumasının deputatı
Gennadi Semgin bildirib.
Respublikada beynəlxalq
müşahidəçilərin işləməsi üçün
də bütün lazımi şərait yaradılıb. Bunu Müstəqil
Dövlətlər Birliyinin müşahidəçilər
missiyasının rəhbəri
Sergey Lebedev brifinqdə bildirib. Onun dediyinə görə, seçkilər
Özbəkistan Konstitusiyasının
və Seçki Məcəlləsinin tələblərinə
tam uyğun şəkildə, alternativ
əsaslarla, şəffaf,
açıq, ədalətli
şəkildə və
demokratik seçkilər
prinsiplərinə uyğun
olaraq keçirilib.
Xatırladaq ki,
bülletenlərin hesablanmasından
sonra Özbəkistanın
hazırkı dövlət
başçısı Şavkat
Mirziyoyev iyulun 9-da keçirilən prezident seçkilərində 87,05 faiz
səslə qalib gəlib. Bu barədə Mərkəzi
Seçki Komissiyasının
sədri Zayniddin Nizamxocayev məlumat verıb. O, həmçinin
bildirib ki, seçicilərin 4,43 faizi
Özbəkistan Ali Məhkəməsi sədrinin
birinci müavini,
"Ədalət" - Sosial
Demokrat Partiyasından
prezidentliyə namizəd
Robaxon Mahmudova səs verib. Prezidentliyə digər iddiaçılar - Xalq Demokrat Partiyasının namizədi Uluqbek İnoyatov 4,02, Özbəkistan
Ekologiya Partiyasının
namizədi Abdşükür
Həmzəyev 3,74 faiz
səs toplayıblar.
MSK-nin məlumatına
görə, növbədənkənar
prezident seçkilərində
seçici fəallığı
79,8 faiz olub.
Rizvan CƏFƏROV,
Azərbaycan.-2023.-
11 iyul.- S.4.