Laçındakı
300-ə yaxın mədəni
və memarlıq abidəsi qədim tariximizə işıq saçır
Azərbaycan çoxəsrlik
tarixə malik maddi mədəniyyət nümunələri ilə
zəngindir. Əsrlərin
sınağından keçmiş,
tarixi kimliyimizin silinməz möhürü
olan həmin abidələr, babalarımızın
bizə qoyub getdiyi qiymətli əmanətlər bu torpağın əsl sahibi olduğumuzu sübut edən yadigarlardır.
Ermənistan ordusunun
işğal edib dağıntılara məruz
qoyduğu Laçın Azərbaycanın
ən qədim yaşayış məskənlərindən
biri, ən çox tarixi mədəni abidəmizin saxlanc yeridir. Rayon ərazisində 300-ə
yaxın abidə, onlarca kurqan, arxeologiya baxımından faydalı olan çoxlu qəbirüstü
türbə, stellalar,
at, qoç fiqurları, süjetli daşlarla zəngin tarixi əhəmiyyətli
memarlıq inciləri
mövcuddur. Bu ərazidə olan abidələrin əksəriyyəti
Qafqaz Albaniyası dövrünün yadigarlarıdır.
Mütəxəssislərin fikrinə görə, Laçın rayonunda olan Qafqaz Albaniyası
dövrünə aid abidələrin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki mərhələsinə
məxsusdur.
Qədim yurd yerlərimizdən olan Laçın islam dövrü abidələri
ilə də zəngindir. Bu abidələrin bir qrupu at və
qoç təsvirli məzar daşlarından ibarətdir. Məzar daşlarının bu formada hazırlanması islamdan əvvəlki dini ayinlərə olan inamın saxlanması baxımından
insanların öz keçmişini yaşatdığını
sübut edir. Xalqımız əsrlər
boyu bu torpağın
varisləri və sahibləri olduqlarını
kitabələr vasitəsilə
indiki günümüzə
qədər çatdırıblar.
Müxtəlif təsvirli
məzar daşlarının
Qarabağda XV əsrin
sonlarından XIX əsrin
əvvəllərinə kimi
hazırlandığını nəzərə alsaq, bəhs edilən bölgədə bu tip qəbirlərin üç yüz ildən artıq bir tarixi olduğunu
görürük.
Laçının Güləbird
və Malıbəyli
kəndləri ərazisindəki
məzar daşları
XVI-XVII əsrlərə aid
olmaqla üzərindəki
damğa və işarələr baxımından
olduqca böyük maraq doğurur. Bu epiqrafik materiallara
və digər təsviri incəsənət
motivlərinə əsasən
Qarabağ abidələrinin
formalaşmasında qədim
türk tayfalarının
böyük rol oynaması faktı ortaya çıxır. Rayonun Malıbəyli kəndinə gedən yolun sol tərəfində
yerləşən alban
məbədlərinin yanında
üç at təsvirli məzar daşı abidələri
vardır. Birinci daşda hicri qəməri tarixi ilə 977-ci il (miladi
1569-1570) qeyd olunub. İkinci və üçüncü
daşın sol tərəfində günəş və insan
təsviri çəkilmiş və insanın sağ əlində
isə quş rəsmi diqqətimizi cəlb edir. At fiqurunun ayaq
hissəsində ərəbcə nəsx xətti ilə
yazılmış kitabədə belə deyilir: "Onun sahibi
Yəhyadır". Hər üç at fiqurunun sol arxa
ayağındakı aşağı hissəsində də
eyni damğalar vurulub. Texniki hazırlanma xüsusiyyətləri
baxımından bu damğaların oğuz türkləri və
azərbaycanlılara aid olması bir daha sübut edir ki,
bölgə tarixən oğuz türklərinin vətəni
olub.
Rayonun Güləbird
kəndində at fiqurlu qəbir daşları da var ki, onlar da
forma və məzmun baxımından XVI əsr Malıbəyli
abidələrinin analoji nümunəsidir. At fiqurlu birinci abidənin
sol tərəfindəki kitabədə Qurani-Kərimin "ər-Rəhman"
surəsinin 26-27-ci ayələri həkk olunub: "Yer
üzündə olan hər kəs fanidir. Ancaq əzəmət
və kərəm sahibi olan Rəbbinin zatı baqidir (əbədidir)".
"Qorçi oğlu rəhmətlik Məhərrəmindir.
Ölümü hicri qəməri tarixi ilə 1022-ci il."
(miladi 1613-1614-cü il). İkinci at fiqurlu abidədə isə
yalnız tarix yazılıb: "Ölüm tarixi 1078-ci hicri
qəməri ili" (miladi 1667-1668-ci il). Buradakı
qoçşəkilli başqa bir məzar daşında
"1221-ci hicri qəməri ili" (miladi 1806-1807-ci il) tarixi
həkk edilib.
Laçın
rayonundakı Ağoğlan məbədi
yaxınlığında XVI əsrə aid sənduqə və
at fiqurlu qəbir daşları da vardır. Bu qəbir
daşlarının paleoqrafiyası, mətn kitabələri,
relyefli təsvirləri Azərbaycan ərazisində dağətəyi
rayonlarda kalliqraf ustaların daşlar üzərindəki
işarələrlə özünəməxsus məktəb
yaratdığını göstərir.
V-VI əsrlərə
aid alban monastırı olan "Ağoğlan" məbədi
Laçın rayonu ərazisində, Ağoğlan
çayının sahilində yerləşir. Tarixi abidə əvvəllər
qəsr olmuş, lakin müxtəlif dövrlərdə
dağıntılara məruz qaldığından IX əsrdə
kilsə üslubunda yenidən inşa edilərək
monastır formasına salınmışdır. Köhnə
divarlar üzərində yeniləri tikilsə də, abidə
ilk bünövrəsini olduğu kimi saxlamış və
alban dövrü memarlığının möhtəşəm
nümunələrindən birinə çevrilmişdir.
"Ağoğlan" məbədi
vaxtilə "Qaranquş qəsri"də
adlandırılıb. Bununla bağlı rəvayətdə
deyilir ki, bir gün günorta yeməyi vaxtı bir qaranquş
aşpazın başına fırlanıb, onun camaata yemək
verməsinə mane olmağa
çalışırmış. Ətrafdakı insanlar
quşun bu hərəkətinə maraqla tamaşa edir, lakin
heç nə anlamırmışlar. Anidən qaranquş
özünü qaynar qazanın içinə atıb
öldürür. Bundan qəzəblənən aşpaz yeməyi
kənara boşaldarkən qazanda ilan ölüsü
olduğunu görür. Camaat isə heyrətdən donub
qalır.
Qəsrin sahibi
xilaskar quşun ölüsünü təntənə ilə
tikilinin yanında basdırır, qəsri də onun şərəfinə
"Qaranquş qəsri" adlandırır. Lakin zaman
ötdükcə qəsrin bu adı unudulmuş və məbədə
çevriləndən sonra isə xalq arasında həmin abidə
tikdirənin şərəfinə "Ağoğlan" kimi
tanınmağa başlanmışdır.
1992-ci ildə erməni qəsbkarları
ərazini işğal etdikdən sonra "Ağoğlan"
məbədini özününküləşdirməyə
başlamışlar. Onlar məbədi təmir etmək
adı altında abidənin divarları üzərində bir
neçə daş yazını, həmçinin xeyli sayda
alban dövrünə aid ornament və rəmzləri tamamilə
silmiş, formalarını dəyişdirmişlər. Məbədin,
guya, xristianlığın qriqoryan məzhəbinə məxsusluğunu
göstərən 26 yazı lövhəsini abidənin
divarlarının müxtəlif yerlərinə bərkitmişlər.
Bununla kifayətlənməyən
ermənilər kompleksin ümumi giriş qapısının
önündə İrəvandan gətirilmiş
xaçdaşlar basdırmış, binanın fasadını
kirəmid və dəmirlə əvəzləmişlər.
2007-ci ildə Ermənistan hökumətinin
tapşırığı ilə erməni yepiskopları
daxili qərarla abidəyə erməni qriqoryan kilsəsi
statusu verməklə işğal olunmuş ərazilərdə
Azərbaycan mədəniyyətinə və tarixinə
qarşı soyqırımı siyasəti yürütdüklərini
faktlarla təsdiq etmiş oldular.
Həmçinin
Laçın rayonunda Məlik Əjdər türbəsi, Mirik
kəndində XV əsrə aid Alban məbədi, Minkənddə
XV əsrə aid məbəd, Qarıqışlaq kəndində
XI əsrə aid Dəmirovlu piri, Ərikli kəndində XVI əsrə
aid Qarasaqqal, Cicimli kəndində 1790-1791-ci ildə çaylaq
daşından düzbucaqlı planda tikilmiş məscid
binası da olmuşdur.
Malıbəyli, Güləbird,
Cicimli kəndlərində at heykəlli qəbir
daşlarında günəş simvolunun və əlində
quş tutmuş insanın təsvirləri vardır.
Əsatirlərdən məlumdur ki, Humay quşu qədim
türk xalqlarının tanrısı olmuşdur. Mütəxəssislər
hesab edirlər ki, abidələrin üzərində humay
quşunun təsviri, güman ki, abidələri
dağılmaqdan qorumaq məqsədilə işlənilib.
Və nəhayət,
2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində
rəşadətli, qəhrəman Azərbaycan əsgəri
simurq quşu kimi illərdir darda qalan torpaqlarımızı,
babalarımızdan bizə miras qalan bu tarixi
yadigarlarımızı da azad etdi.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2023.- 11 iyul.- S.6.