Çinarlı yurda əbədi bahar gəlib

 

Çətin səfər idi. Həm həyatımda gecədən hazırlaşdığım ən çətin səfər. Uzun zaman getməyə çalışdığımız müəyyən səbəblərə görə alınmayan bu səfər, nəhayət ki, baş tutdu...

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox hadisələr baş verir. Elə tarixi hadisələr var ki, müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elələri var ki, heç vaxt unudulmur. Əksinə, qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə belə, yaddaşımızdan heç vaxt silinmir. Həyatımıza yazılan hər gün "Ömür" adlı kitabımızda bizim üçün yeni səhifə açır.

1 iyul 2023-cü il...

Bu günün, ayın, ilin necə bir məna daşıdığını təsəvvür belə edə bilməzsiniz. Sanki 3 il əvvəli - 20 oktyabr 2020-ci ili xatırlatdı... Həmin gün doğma Zəngilanımızın artıq əvvəlkitək yenə bizim olduğunu öyrənmişdik. Elə o an "Gözlə Zəngilanım, sənsiz yaşadığımız günlərimizin həsrətindən qurtulmaq üçün, sənə olan vəfa borcumuzu qaytarmaq üçün mütləq gələcəyik". - deyə bir səs o günün çox da uzaqda olmadığını söyləmişdi...

1 iyul 2023-cü il...

Uzun gecənin açılan sübh çağı. Zəngilana qovuşduran gözəl gün. Saniyələr belə dəqiqə, saat kimi görsənir. Vaxtın tez keçməsi üçün nələri qurban verməzdik. Bu gün axı, atamın da ruhu şad olacaqdı. Ona verdiyimiz sözü tuta biləcəkdik. Bir gün Zəngilana gedəcəyimizə onun da ruhunun şad olacağına dair elə qəbri başında çox vədlər verib, arzu etmişdik. Bu gün həmin gün gəlib çatdı, mən, anam ailə üzvlərimiz Zəngilana qovuşmaq üçün yol alırıq doğma yurdumuza...

Bakıdan uzaqlaşdıqca uzanan yol sanki Vətənə çatmağımıza bir addım qalırmış kimi gəlir... Yolboyu bir şeyi düşünürəm. Ötən illər ərzində yaxşı anladıq ki, Vətən həsrəti doğulduğun böyüdüyün yerdən məcburən uzaq yaşamağın yaratdığı əzab sıxıntıdır. Bu əzabı yaşayanlar yaxşı bilirlər. Demək olar ki, bütün insanlar doğulduqları yerdən kənarda olduqları zaman xatirələrə dalaraq darıxar, daxilən əzab çəkərlər. Bəs, 30 ilə yaxın bir dövrdə məcburi köçkünlük həyatını biz necə yaşadıq ya ümumiyyətlə, yaşadıqmı?

28 avqust 1993-cü il... Məhz sonuncu dəfə bu tarixdə çıxmışdım Zəngilandan. Bakıda oxuyurdum.  Dərslərin başlamasına 4 gün qalırdı deyə, tez çıxmalı olmuşdum rayondan. Zəngilan işğal olunmamışdan 2 ay qabaq... 16 yaşım tamam olmamışdı hələ. Bəlkə elə buna görə bu gün Zəngilana, o 16 yaşı tamam olmamış bir kənd uşağı kimi qayıdırdım. Orada yaşadığımız qayğısız günlərimizi düşünərək yola çıxmışdıq.

Budur, uzun həsrətdən sonra doğma Zəngilanımıza çatmağımıza az qalır. Ağalı, Cahangirbəyli sonda Mincivan yoluyla doğma kəndimizə - Qıraq Müşlana qovuşuruq.

Kənd həmin kənddir, torpağı, havası həminkidir. Lakin...

Lakin o gözəl kənddən əsər-əlamət qalmayıb...

yaşadığımız evlər, kəndin əvvəlki görünüşü qalmayıb. Yerləyeksan olan kəndimdə bu mənzərə sanki illərdir çəkdiyimiz iztirabı, əzabı daha da artırdı.

Artıq nənəmgilin evindəyik. İşğaldan sonra düşmənin bu evdə yaşadığı bilinirdi. O ev ki, ömrümüzün gözəl çağları bu evdə keçib. Kədər, sevinc, əzab, iztirab, bütün duyğular bir-birinə qarışıb. İllərdir həsrət çəkən gözlərimizdən sevinc göz yaşları axır. Qəhər qürur sanki bir duyğuda cəmlənib. İllərdir biz səndən necə ayrı qala bildik, illərdir həsrətimizə necə dayandın Vətən? Sən bizim kimi ağlayıb, həsrət çəkib, fəryad etdinmi? Xarabazarlığa çevrilmiş kəndimizə baxanda bu sualın cavabını tapmağın elə çətin olmadığını anlayırıq. Qürurlanırıq ki, bu gün sənin yanındayıq Vətən, doğma Zəngilanımız. İllər öncə səndən ayrılan uşaq kimi hüzuruna gəlmişik, sənə qayıtmışıq. Qarışıq fikirlərlə hey ətrafa boylanıram. Sanki nənəmlə babam, doğmalarım "xoş gəlmisiniz" deyərək boynuma sarılacaqlar. Bir ümiddir, arzudur bəlkə, ancaq bu an buna ehtiyacım olduğuna əminəm. Sanki şirin bir yuxudayam heç ayılmaq istəmirəm.

Nənəmgilin evindən ayrılıb yol alırıq öz evimizə tərəf... Elə bilirdim nənəmgildə olduğu kimi, böyüyüb boya-başa çatdığım evimizi  görəcəm. Ancaq... Ancaq yaddaşımdakı o ev artıq yox idi. İllər öncə puç olan arzularım, ümidlərim kimi o ev məhv olmuşdu. Düşmən illər öncə bizdən aldıqları azmış kimi, evimizi yerləyeksan edib. Bir daş belə qalmayıb ki, illər öncə söykədiyim kürəyimi yenə o daşlara söykəyim. Olsun...

Bu mənzərə ürəyimizi dağlasa da, xoşbəxtik. Atamın ayaq izinin olduğu, nəfəsinin dolaşdığı doğma yurdumuzda, evimizdəyik. Torpağına ayağımız dəyir, havasını ciyərlərimizə çəkə bilirik. Xoşbəxtəm ki, atama doğma Zəngilanını görmək qismət olmasa da, anama görmək, gəlib ziyarət etmək qismət oldu. Xoşbəxtəm ki, illərdir bizdən eşitdikləri ilə doğma yurdları haqqında xəyal quran övladlarımız Zəngilanı görə biləcəklər. Xoşbəxtəm ki, artıq Zəngilansızam deyil, zəngilanlıyam söyləyirəm. Xoşbəxtəm ki, ata yurdumda elə atamın arzuladığı kimi bir həyatı yaşayacağam. Atamın sağlığında Zəngilanla bağlı arzularını həyata keçirə biləcəyəm. Onun ruhu şad olsun deyə biz övladları Zəngilana qayıdıb, onun adını Bakıda olduğu kimi, doğma yurdunda da yaşadacağıq.

Artıq Zəngilandayıq. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun bizlərə qaytardığı Zəngilandayıq. Yaxın gələcəkdə Zəngilan yenidən cənnətə çevriləcək. Biz doğma kəndimizdə yaşayaraq deyəcəyik ki, Allah sizə rəhmət eləsin doğma Zəngilanımızı bizə qaytaran, bu yolda canlarını fəda edən şəhidlərimiz.

 

Dönməz ABBASOV

Azərbaycan.-2023.- 11 iyul.- S.8.