Paşinyanın
xoşbəxt Hayastanı
can verir
Azsaylı investorlar
da hakimiyyətə olan inamsızlıq üzündən ölkədən
qaçırlar
Hayastanı "xoşbəxt
ölkə" kimi qələmə verməyə
səy göstərən
baş nazir Nikol Paşinyanın cəhdlərinə baxmayaraq,
bu ölkədə yaranan acınacaqlı vəziyyət əsl reallıqları əks etdirir və yalanları bir daha üzə çıxarır.
Xüsusilə postmüharibə
dövründə yaranan
mövcud sosial-iqtisadi
durum Azərbaycanla sülh müqaviləsinin
imzalanmasını müxtəlif
bəhanələrlə uzadan
ölkədə əhalinin
yaşayış səviyyəsinin
sürətlə pisləşməkdə
olduğunu göstərir.
"4rd.am" nəşri yazır ki, istənilən ölkədə
sənayenin bərpası
ilk olaraq ölkəyə qoyulan investisiya və ayrılan kreditlər hesabına təşəkkül
tapır: "İndi
isə gəlin baxaq - müharibədən
sonra Hayastana investisiya qoyan hər hansı bir investorla rastlaşan olubmu? Əksinə, müharibəyə
qədər ölkədə
mövcud olan azsaylı investorlar da Paşinyan hakimiyyətinə inamsızlıq
üzündən Hayastanı
tərk ediblər. Deməli, Hayastanın
"yüksəliş"də olan sənaye istehsalı investorlar tərəfindən aşağı
səviyyədə qiymətləndirilib".
Qeyd olunur ki, bu halda
ümid ancaq bank kreditlərinə qalır ki, burada da bank
rəhbərləri inamsızlıq
ucbatından "Hayastan
iqtisadiyyatı"nın real
sektoruna daxil olmaqdan çəkinirlər.
Təsadüfi deyil ki, Hayastanda son iki il
yarım ərzində
ölkə sənayesinə
kredit qoyuluşları
42 milyon
dollar azalıb.
Beləliklə, artıq
iflic vəziyyətində
olan Hayastan iqtisadiyyatının rəqabətə
davamlılıq reytinqi
aşağı düşməkdədir.
Elə ötən 6 ay ərzində ölkə iqtisadiyyatının
rəqabət imkanları
nəzərəçarpacaq dərəcədə zəifləyib.
Buna səbəb dövlət rəsmilərinin
korrupsiyaya qurşanması,
qanunun aliliyi ilə bağlı problemlərin həllini tapmaması və biznes üçün bərabər şəraitin
yaradılmamasıdır. Məhkəmə
sisteminin müstəqilliyi
yarıtmaz vəziyyətdədir,
vergilərin toplanmasında
korrupsiya halları geniş vüsət alıb, hökumət iqtisadi inhisarçılığa
qarşı mübarizə
aparmaqda acizdir.
Hayastan üçün
yenə ən ciddi problemlərdən biri demoqrafiya sahəsində qeydə alınan böhrandır. Xatırladaq ki, Hayastanın əhalisi
1990-cı ildən başlayaraq
davamlı surətdə
azalır. Rəsmi məlumatlara əsasən,
ölkənin əhalisi
2,8 milyon nəfərdir.
Doğum səviyyəsi
özünübərpa səviyyəsindən
çox aşağıdır.
Ekspertlər bildirirlər
ki, Hayastan artıq demoqrafik böhran həddinə çatıb, yəni ölüm doğumu üstələyir.
Hayastan Statistika
Komitəsinin son məlumatları da vəziyyətin acınacaqlı
olduğunu təsdiq edir. Qurumun bildirdiyinə
görə, bu ölkənin ali məktəblərində 15 mindən
çox tələbə
yeri boş qalıb. Erməni təhsil eksperti Karen Naumyanın sözlərinə görə,
bu ölkənin gələcəyi üçün
əsl fəlakətdir.
Çünki proses getdikcə dərinləşir
və bu rəqəm hər il artmaqda davam
edəcək.
Hayastanda təhsilin
keyfiyyətindən danışan
ekspert bildirib ki, hazırda tələbə çatışmazlığının
kökündə duran
məsələ təhsildəki
problemlər deyil, demoqrafik böhrandır. Ölkə əhalisinin sayının azalması artıq gənc nəslin sayında özünü büruzə
verməyə başlayıb.
Məlumata görə,
əvvəllər ölkəni
əsasən iş qabiliyyətli əhalinin yaşı 30-dan yuxarı
hissəsi tərk edirdisə, artıq erməni ailələri uşaqları ilə birlikdə gedirlər.
Xatırladaq ki,
"4rd.am" nəşri "Hayastanda kənd məktəbləri qürub
edir" başlıqlı
məqaləsində təhsillə
bağlı kifayət
qədər acınacaqlı
məqamları diqqətə
çatdırıb. Orta
məktəblərdə təhsilin
vəziyyətindən söhbət
açan müəllif
bu sahədə acınacaqlı vəziyyətin
yarandığını vurğulayıb.
Bildirib ki, Hayastanın elm və təhsil naziri yerli kütləvi
informasiya vasitələrinə
verdiyi müsahibəsində
təhsil sahəsində
problemlərin həll
olunduğunu bildirsə
də, son iki ildə onlarla
kənd məktəbinin
bağlanması onun dediklərini şübhə
altına alır.
Qeyd edilənlər
Hayastanın üzləşdiyi
ümumi böhranın
daha da dərinləşəcəyindən
xəbər verir və məğlub ölkənin daha böyük sürətlə
məhvə doğru sürükləndiyini göstərir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
11 iyul.- S.8.