Tovuz döyüşləri
- hərb tariximizin şanlı səhifələrindən biri
İşğalçı Ermənistan Azərbaycan
Ordusunun hansı gücə sahib olduğunu görüb qorxuya
düşdü
2020-ci iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin
Tovuz rayonu ərazisi boyunca başlayan və xalqı birliyə,
döyüşə cəsarətləndirən Tovuz
döyüşlərindən üç il ötür. Ermənistan
silahlı qüvvələrinin Tovuz rayonunda yerləşən
mövqelərimizi artilleriya atəşinə tutmasıyla
başlayan döyüşlər bir neçə gün davam
edib. Azərbaycan Ordusunun əks-həmlə tədbirləri nəticəsində
Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki
verib.
Tovuz döyüşləri göstərdi ki, Azərbaycan
Ordusu yenidən formalaşıb, yüksəkrütbəli
zabitlər də öz əsgərləri ilə birlikdə səngərdə,
ön cəbhədə olur. Bu döyüşlərdə
ordumuzun 12 hərbi qulluqçusu və bir mülki şəxs
qəhrəmancasına şəhid oldu.
Hərb tariximizin şanlı səhifələrindən
hesab olunan Tovuz döyüşləri, həmçinin Vətən
müharibəsinin başlanmasında da mühüm əhəmiyyət
kəsb edib.
Komandiri öndə gedən Azərbaycan Ordusu
Milli Məclisin deputatı Sahib Alıyev qəzetimizə
açıqlamasında deyib ki, Tovuz döyüşlərinin
həm önəmli, həm də hər iki tərəf
üçün ibrət çıxarılası cəhətləri
vardı.
İlk növbədə Azərbaycan xalqı artıq
dövlətimizin texniki parametrlər və struktur
baxımından NATO standartlarına uyğun ordu
formalaşdırdığını, mənəvi
baxımdan isə türk ordusu
yaradıldığını bildi: "İlk növbədə
onu nəzərdə tuturam ki, məhz türk ordusunda komandir ən
çətin anlarda, ağır döyüşlərdə həmişə
əsgərindən öndə olub. Polad Həşimov örnəyi
göstərdi ki, məhz Azərbaycanda
belə bir ordu formalaşıb. Elə bir ordu ki, orada general
çətin anlarda çəkinmədən əsgəri ilə
eyni səngərdə, hətta ondan da öndə olur, təhlükəli
anlarda əsgərinə qoruna biləcəyi yerə gedəcəyini
tövsiyə edərək özü ön xətdə
qalır".
Sahib Alıyevin fikrincə, Tovuz döyüşləri
həm də Qərbdəki bəzi dairələrin bu
qarşıdurmanın əsl mahiyyətini bir daha dərk etməsinə
imkan yaratdı: "Gördülər ki, Ermənistan sadəcə
işğalçı kimi deyil, həm də Xəzər dənizinin
karbohidrogen ehtiyatlarının öz ərazilərindən yan
keçməklə Qərbə
çatdırılmasını həzm etməyən, bunu
milli maraqlarına cavab verməyən addım kimi qiymətləndirən
güclərin "proksisi" rolunda çıxış
edir. Çünki Tovuz döyüşlərində əsas məqsədlərdən
biri də strateji kommunikasiya xətlərini, qaz kəmərlərini sıradan
çıxarmaq, həmin xətlərin keçdiyi ərazilərin
bir hissəni ələ keçirmək idi. Məhz belə
bir reallığın çılpaqlığı ilə
üzə çıxması səbəbindən Qərb Azərbaycanın
haqlı olduğunu aydın gördü".
Deputat vurğulayıb ki, Tovuz döyüşləri
sentyabrda Azərbaycanın əks-hücum əməliyyatlarına
başlaması üçün önəmli arqumentlərdən
biri oldu. Məhz həmin döyüşlər ərəfəsində
Ermənistanın sabiq müdafiə naziri Tonayan bildirirdi ki,
yeni ərazilər uğrunda yeni döyüşlərə
başlaya bilərlər. Qərbdəki müəyyən
çevrələr gördülər ki, bu sadəcə hədə deyil,
qarşı tərəf buna təhrik edilir. Ermənilər əgər
xəstə təfəkkürlü cəmiyyət
olmasaydı, İkinci Qarabağ savaşına ehtiyac duyulmadan
Azərbaycan torpaqlarını tərk edərdilər.
Çünki bu döyüşlər Azərbaycan Ordusunun
üstünlüyünü,
qarşıya qoyulan istənilən vəzifəni yerinə
yetirə biləcəyini ortaya çıxardı: "Həmin
vaxtlar Müzəffər Ali Baş Komandan İlham Əliyev
bildirirdi ki, orduya əmr verilsəydi, İrəvana da gedib
çıxa bilərdi. Amma bizim ordunun qarşısına belə
bir tapşırıq qoyulmamışdı.
Tapşırıq o idi ki, düşmənin qətiyyətlə
cavabı verilsin və verildi də", - deyə Sahib
Alıyev əlavə edib.
Deputatın sözlərinə görə, cəmiyyətə
Birinci Qarabağ müharibəsindən Tovuz döyüşlərinə
kimi sovet ordusundakı kimi, döyüşlərdə ancaq əsgərlər
və ya kiçik rütbəli zabitlərin öndə
olduğu ilə bağlı fomalaşmış fikirlərin
yalnış olduğu aydın oldu. Tovuz döyüşləri
göstərdi ki, bu, elə deyil, dövlətin
formalaşdırdığı yeni orduda ən böyük, fədakar,
qəhrəman əsgər məhz general, yüksəkrütbəli
zabitlər özüdür. Bunu hər kəs Vətən
müharibəsi zamanı döyüşlərdə də
açıq-aydın görə bildi.
Tovuz döyüşləri ordumuzu da,
xalqımızı da qələbəyə ruhlandırdı
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu
bildirib ki, Tovuz döyüşləri Ermənistanın təxribatlarına
verdiyimiz ən tutarlı cavablardan biri olub. Tovuz
döyüşləri həm də göstərdi ki, Ermənistanın
təxribatlarının qarşısı tamamilə
alınmalıdır. Çünki ermənilər dövlət
sərhədi boyunca ardıcıl təxribatlar törədirdi.
Yeni ərazilər işğal
etmək istəyində olan təcavüzkar Ermənistan
özünü tam cəzasızlıq şəraitində hiss edirdi.
"Ona görə də Tovuz döyüşləri
bir neçə məqam
baxımından çox əhəmiyyətli idi. Birincisi, bu,
Azərbaycan Ordusunun olduqca inamlı qələbələrindən
biridir. İkincisi, dövlətimiz Ermənistanın təxribatlarının
özünə baha başa gəldiyini göstərdi. Bu
döyüşlərdə işğalçı Ermənistan
ordusunun 120-dən artıq əsgəri
məhv edildi. Bundan sonra Ermənistanda hakimiyyətlə cəmiyyət
arasında gərginlik başladı", - deyə deputat əlavə edib.
Aprel döyüşlərindən
sonra Ermənistan hakimiyyətinin itkilərin sayını cəmiyyətdən
gizlətdiyini deyən E.Mirbəşiroğlu qeyd edib ki,
Tovuz döyüşlərindən
sonra da eyni davranış sərgilənib. Tovuz
döyüşlərinin ardınca torpaqlarımızın
işğaldan azad olunması əməliyyatları
üçün bir ruh yüksəlişi, olduqca təsirli mənəvi,
psixoloji elementlər meydana gəldi. Bu döyüşlər həm
də Azərbaycan xalqı ilə hakimiyyət
arasındakı münasibətlərin xarakterini - birliyi, həmrəyliyi,
vəhdəti göstərdi. Ermənistan cəmiyyəti ilə
hakimiyyət arasında isə dərin fikir
ayrılığı, inamsızlıq mövcud idi. Azərbaycan
vətəndaşları Tovuz döyüşlərindən dərhal
sonra silaha sarılaraq torpaqların tam işğaldan azad
olunması istəyini, döyüşə getməyə
hazır olduqlarını nümayiş etdirdilər.
Deputat hesab edir ki, Tovuz döyüşləri Azərbaycan
vətəndaşlarının təcavüzkar Ermənistan
üzərində psixoloji qələbəsi idi: "Bu
döyüşlər torpaqlarımızın işğaldan
azad olunması istiqamətində olduqca təsirli rol
oynadı. Azərbaycan göstərdi ki, Ermənistanın bütün
təxribatlarının qarşısı qətiyyətlə
alınacaq. Düşmən bu təxribatları törətdiyinə
görə özü peşman olacaq. Biz, həqiqətən
də, düşməni həm Tovuz döyüşlərində, həm də ondan 2 ay sonra - Vətən
müharibəsində peşman etdik".
Bu döyüşlər İkinci Qarabağ müharibəsinin
başlanmasında mühüm əhəmiyyət
daşıyıb
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Tovuz
döyüşləri dünyaya bir daha Ermənistanın hərbi
siyasi rəhbərliyinin Azərbaycana qarşı ərazi
iddialarından əl çəkmək niyyətində
olmadığını göstərib. Mülki əhali ilə
bərabər hərbi qulluqçularımızın şəhid
olduğu Tovuz döyüşlərində Azərbaycan
Ordusunun hissə və bölmələri adekvat tədbirlər
görərək düşməni itki verməyə və
geri çəkilməyə məcbur edib.
Onun sözlərinə görə, bu, beynəlxalq
ictimaiyyətə Azərbaycan Ordusunun kifayət qədər
ciddi müdafiə və əks-hücum potensialına malik
olduğunu bir daha göstərib: "Ermənistanın bu
döyüşlərdə əsas məqsədi Azərbaycanın
üstün mövqelərdən geri çəkilməsinə
nail olmaq, həmçinin sərhəddə baş verən
proseslərdə günahı Azərbaycanın üzərinə
yıxmaqla beynəlxalq ictimaiyyəti, xüsusilə Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının güc və vasitələrini
sərhədə yerləşdirməyə nail olmaq idi. Azərbaycanın
general-mayor Polad Həşimov olmaqla, yüksək və
kiçik rütbəli 12 hərbçisi şəhid oldu.
Şəhidlərimizin qanı yerdə qalmadı. Həm iyul
döyüşlərində, həm də Vətən
müharibəsi zamanı şəhidlərin qisası
alındı".
Ə.Verdiyev vurğulayıb ki, Tovuz döyüşləri
İkinci Qarabağ müharibəsinin başlamasında
mühüm əhəmiyyət daşıyıb. "Tovuz
döyüşlərindən sonrakı düşmən təxribatları
Vətən müharibəsinin başlanması ilə nəticələndi
və bu savaş Azərbaycanın 44 gün ərzində ərazi
bütövlüyünü bərpa etməsi ilə nəticələndi.
Ordumuz döyüş meydanında düşməni tamamilə
darmadağın edərək möhtəşəm qələbə
qazandı", - deyə o əlavə edib.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.- 12 iyul.- S.6.