Prezident qətiyyəti İlham Əliyev xalqın maraqlarını təmin edən siyasətin hər zaman prioritet olduğunu bir daha təsdiqlədi
Prezident İlham
Əliyevin sədrliyi
ilə keçirilən
bu ilin altı
ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş müşavirədə
dövlət başçısı
hər zaman olduğu kimi, görülən işlərin,
həyata keçirilən
sosial-iqtisadi layihələrin,
mütərəqqi islahatların
nəticələrini dəyərləndirdi,
eləcə də qarşıdakı dövr
üçün hədəfləri
müəyyənləşdirdi.
İlham Əliyev
proqram xarakterli çıxışında Ermənistanla
sülh müqaviləsinin
imzalanma prosesinin son nəticələri barədə xalqa məlumat verdi, eyni zamanda ölkə
gündəmində olan
bəzi sosial-iqtisadi proseslərlə bağlı
göstəriş və
tapşırıqlarını diqqətə çatdırdı.
Azərbaycanın sülh
danışıqları ilə
bağlı mövqeyi
aydındır, məntiqlidir
Bu bir həqiqətdir ki, hazırda Azərbaycan regionda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə
müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan bölgənin yeganə ölkəsi olaraq düşünülmüş nümunəvi daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi potensialını artırır,
həm də regional təhlükəsizliyin
təmini istiqamətində
ardıcıl, sistemli
və mətin addımlar atır.
İkinci Qarabağ
müharibəsindəki Zəfərimizdən
sonra regionda yaranmış yeni reallıqlara uyğun siyasət yürüdən
İlham Əliyevin əsas hədəfi bölgədə uzunmüddətli
sabitliyin təmin edilməsidir. Əlbəttə
ki, tərəflər
arasında imzalanacaq sülh müqaviləsi təhlükəsizliyin qarantı
hesab olunur. Ona görə də Azərbaycanın ortaya qoyduğu mövqe beynəlxalq birliklər, böyük dövlətlər tərəfindən
də təqdir edilir.
Sülh müqaviləsi
ilə bağlı aparılan danışıqlara
toxunan dövlət başçısı bir
daha bəyan etdi ki, Azərbaycanın
sülh danışıqları
ilə bağlı mövqeyi aydındır, məntiqlidir və beynəlxalq hüquqa əsaslanır. Yalnız bu prinsiplər, beynəlxalq hüququn normaları əsasında
sülh müqaviləsi
imzalana bilər.
İlham Əliyev
həmçinin bu ay keçiriləcək yüksəksəviyyəli təmasların
əhəmiyyətini də
dəyərləndirdi: "Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksəksəviyyəli təmaslar
bir məqsədi güdür ki, biz sülh anlaşmasına
daha da yaxınlaşaq.
Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi
irəli sürmüşük.
Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə
də keçirməlidir".
Prezident müxtəlif
bəhanələrlə sülh
müqaviləsini imzalamaqdan
boyun qaçıran məğlub Ermənistanın
da mövqeyində dəyişikliyin olduğunu
söyləyərək vurğuladı
ki, son müsbət
məqamlardan biri də Hayastan tərəfinin mövqeyində
müsbətə doğru
hərəkətin olmasıdır.
Əgər Ermənistan
rəhbərliyi keçən
ilin oktyabrında Azərbaycanın ərazi
bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul
etmişdirsə, bu ilin may ayında
daha irəli gedərək artıq ölkəmizin ərazisinin
parametrlərini də,
o cümlədən Qarabağ
və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb.
Bu, müsbət hal kimi qiymətləndirilməlidir.
Prezidentin də
söylədiyi kimi, indi sıra eyni sözlərin kağız üzərində
də öz təsdiqini tapmasına, imzaların atılmasına
və münasibətlərin
yaradılmasına çatıb.
Hər halda Azərbaycan bu istiqamətdə səylərini
davam etdirəcək. Sülh müqaviləsinin
imzalanması təkcə
Azərbaycan üçün
deyil, Ermənistan üçün də olduqca vacibdir. İllərdir regionda reallaşdırılan qlobal
miqyaslı layihələrdən
kənarda qalan Ermənistan sülh müqaviləsini imzalamaqla
yeni inkişaf mərhələsinə keçid
edə bilər.
Xarici investor təbiətimizi zəhərlədiyi
üçün insanlar
haqlı olaraq etiraz səsini ucaldıblar
Dövlət başçısı
müşavirədə Gədəbəy
rayonunda baş vermiş hadisəyə də münasibət bildirərək hər zamankı kimi qətiyyətli mövqeyini
nümayiş etdirdi. Bəllidir ki, İlham Əliyevin yürütdüyü siyasətin
mərkəzində hər
zaman xalqın maraqları dayanıb. Xalqı narahat edən bütün məsələlər daim
Prezidentin diqqət mərkəzində olub və lazım gəldikdə vətəndaşlarla
birbaşa ünsiyyətdə
olaraq problemlərin yerindəcə həll olunması tapşırığını
verib.
Gədəbəy rayonunda
baş vermiş hadisənin tamamilə qəbuledilməz olduğunu
bəyan edən İlham Əliyev hesab edir ki,
bu məsələdə
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ən azı səhlənkarlığa
yol verib, nəzarətsizlik nümayiş
etdirib, passiv müşahidəçi kimi
çıxış edib
və bunun nəticəsində xarici
investor təbiətimizi
zəhərləyib. İnsanlar
haqlı olaraq öz etiraz səsini ucaldıblar.
Amma bununla yanaşı, bəzi təxribatçı qüvvələr
vətəndaşların bir
hissəsini yoldan çıxararaq onları
qanunsuz hərəkətlər
etməyə sövq ediblər. Bununla da xoşagəlməz hallar yaşanıb. Prezident deyir ki, vətəndaşların
bir hissəsi təxribatçıların fitnəsinə
uyaraq ədəbsiz, qanunsuz hərəkətlər
ediblər və bu da dözülməzdir,
qəbuledilməzdir. Həmin
təxribatçıların bəziləri Azərbaycanda,
bəziləri xaricdə
gizlənir. Azərbaycandakılar
artıq müəyyən
edilib və bir neçəsi məsuliyyətə cəlb
olunub. Xaricdəkilər
də tezliklə məsuliyyətə
cəlb ediləcək:
"Heç kim, necə deyərlər, fikirləşməsin ki, biz bunu unutmuşuq.
Azərbaycanda xaos, özbaşınalıq, təxribat
xarakterli addımlar
1993-cü ildə başa
çatıb. Əgər
kimsə unudubsa, biz xatırlada bilərik. Ona görə vətəndaşlar
da həm mədəniyyət göstərməlidirlər,
necə deyərlər,
mərifət göstərməlidirlər,
qanuna tabe olmalıdırlar".
Dövlət başçısı
ölkəmizdə hər
zaman asayişin keşiyində dayanan, qanunsuz hərəkətlərin
qarşısını alan,
vətəndaşın hüquqlarının
təmin olunmasında
vəzifəsini yerinə
yetirən Azərbaycan
polisinin hadisə zamanı nümayiş etdirdiyi mövqeyini də qiymətləndirdi:
"Bizim polis gecə-gündüz soyuqda,
istidə, dağda asayişi qoruyur. Bizim Daxili Qoşunlarımız
Qarabağda müharibə
zamanı şəhid
verib. İndi kimsə gəlsin, polisə ləkə vursun. Mən buna imkan verməyəcəyəm
və hər kəs bunu bilsin
- təxribatçılar, o təxribatlara uyanlar və bütün ictimaiyyət".
Qeyd edək ki, bəzi vətəndaşlar
təxribatçıların əməllərinə uyaraq
polisi daşa basıb və onların ünvanına xoşagəlməz ifadələr
işlədiblər. Prezident
də deyir ki, insanlar Azərbaycan
polisinə daş atmamalıdır, polisə
daş atmaq heç kimə şərəf gətirən
hərəkət deyil.
Digər tərəfdən
bu, həm də cinayət faktıdır: "Əgər
Azərbaycan polisi dözümlülük göstərirsə,
o demək deyil ki, kim istəyir
polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə
nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki,
peşman olar".
Prezident bir həftə vaxt verdi
Bu hadisənin səbəblərini də
izah edən dövlət başçısı
bildirdi ki, ölkəmizdə xarici şirkətlər üçün
hər zaman əlverişli biznes mühiti yaradılıb, böyük güzəştlər
edilib. Azərbaycan xarici şirkətlərə
hər zaman investisiya yatırmaları
üçün çox
əlverişli məkan
kimi tanınıb. Lakin bu, o demək
deyil ki, hər hansısa şirkət öz işinin xeyrinə təbiətimizə ziyan vura və ya
insanların örüş,
otlaq sahələrini zəbt edə bilər.
Görünən odur
ki, Gədəbəydə
fəaliyyət göstərən
həmin şirkət
Prezidentin də söylədiyi kimi ya Ekologiya və
Təbii Sərvətlər
Nazirliyi ilə sövdələşib, ya
da onu özbaşına
edib. Buna görə də bu məsələ ciddi araşdırılmalıdır.
Dövlət başçısı
bəyan etdi ki, bununla bağlı
prokurorluğa, digər
aidiyyəti qurumlara bütün göstərişlər
verilib.
İlham Əliyev
bir daha ciddi xəbərdarlıq edərək aidiyyəti qurumlara bir həftə
vaxt verdi. Bu müddət ərzində həm Prezidentə, həm də ictimaiyyətə məlumat verilməli, məsələ araşdırılmalıdır.
Orada təbiətə,
insanların sağlamlığına
zərrə qədər
təhlükə varsa,
o fəaliyyət dayandırılmalıdır.
Ümumiyyətlə isə, ölkəmizdə
işləyən xarici
şirkətlər və
yerli şirkətlər
Azərbaycan qanunlarına
hörmət etməlidirlər.
Əgər hörmət
etməyəcəklərsə, onların fəaliyyəti
mümkünsüz olacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
13 iyul.- S.1;8.