Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mərkəzi Nəbatat Bağında aparılan işlərlə
tanış olublar
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 12-də Bakıda Mərkəzi Nəbatat Bağının ərazisində
aparılan abadlıq,
yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Bakı
Şəhər İcra
Hakimiyyətinin başçısı
Eldar Əzizov dövlətimizin başçısına
və birinci xanıma Mərkəzi Nəbatat Bağında həyata keçirilən
yenidənqurma və tikinti işləri barədə məlumat verdi.
Bildirildi ki, yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi
Nəbatat Bağının
ərazisi 39 hektardan
44,8 hektara çatdırılıb.
Vaxtilə ərazidə
yerləşən avtomobil
təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb.
Hazırda bağın
ərazisində yeni, müasir layihəyə əsasən geniş bərpa və yenidənqurma işləri
müvəffəqiyyətlə davam edir. Layihəyə
əsasən bağda
müxtəlif növ
yeni ağacların əkilməsi, müasir dizaynlı guşələrin
yaradılması nəzərdə
tutulur.
Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında aparılan yenidənqurma işləri Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun
olaraq həyata keçirilir.
Azərbaycan florasında
mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə
1934-cü ildə yaradılan
bu bağ elmi-tədqiqat müəssisəsi
kimi fəaliyyət göstərib. Nəbatat Bağında 2500-dən çox
ağac, kol, ot bitkiləri və sair var.
Bağda 130-a yaxın
nadir bitki növü qorunur. Ötən il Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə
verilib.
Mərkəzi Nəbatat Bağında görülən
işlərlə yaxından
tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.
Xatırladaq ki, son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınır, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulur. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır. Aparılan yaşıllaşdırma işlərinə və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük dəstək verir.
Azərbaycan.-2023.- 13 iyul.- S.1-2.