Zaman keçdikcə BTC daha əzəmətli görünür

 

Kəmərin tam sistem kimi istifadəyə verilməsindən 17 il keçir

 

2006-cı il iyulun 13-də tam sistem kimi istifadəyə verildiyi vaxtdan indiyədək Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ahəngdar və təhlükəsiz şəkildə fəaliyyət göstərir. Bu, əzəldən BTC-yə inam bəsləyənlərin düzgün strategiya seçdiyinin təsdiqi, bir zamanlar layihəyə əngəl törətməyə cəhd edənlərə isə tutarlı cavabdır.

BTC-yə ilk neft 2005-ci ilın mayında Səngəçal terminalından vuruldu. Bununla kəmərin Azərbaycan hissəsi işə düşdü. Həmin ilin oktyabrında Gürcüstan hissəsi də istifadəyə verildi. BTC-nin Ceyhan terminalına çatdırdığı xam neftlə ilk tanker 2006-cı il iyunun 4-də yükləndi. O vaxt təqribən 600 min barel "Azəri-Çıraq-Günəşli" nefti "British Hawthorn" tankerinə vurularaq dünya bazarlarına göndərildi. 17 il əvvəl kəmərin tam bir sistem kimi istismara başlaması Ceyhan şəhərində təntənə ilə qeyd olundu. Tədbirdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın dövlət başçıları, səhmdar şirkətlərin rəhbərləri, hörmətli qonaqlar iştirak etdilər.

Prezident İlham Əliyev BTC-nin istifadəyə verilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək demişdir: "Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılır, yeni imkanlar açılır. Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir. Əminəm ki, neftdən əldə olunan gəlirlərdən istifadə edilməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq və Azərbaycan dünya iqtisadiyyatına daha inamla inteqrasiya edəcəkdir".

İndi bunların hamısı reallıqdır. BTC layihəsinin əməliyyatçısı olan bp şirkətinin məlumatına görə, istismara veriləndən 2023-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 539 milyon tondan çox (4 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5314 tankerə yüklənərək dünya bazarlarına göndərilib. BTC-nin ümumilkdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi bu il yanvarın 18-də qeyd edilib. Cari ilin birinci rübü ərzində BTC ilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 53 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənib və yola salınıb.

Hazırda BTC əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC Xəzərin digər regional xam neft və kondensat həcmlərini (Qazaxıstan və Türkmənistan) də nəql edir.

 Əvvəlcə gündə 1 milyon barel neft ötürmək gücündə layihələndirilən kəmərin nəqletmə qabiliyyəti sonralar 20 faiz artırılıb. İndi BTC hər gün 1,2 milyon barel neft ötürmək gücünə malikdir. Xatırladaq ki, BTC Ko.-nun səhmdarları bp (30,10 faiz), SOCAR (25 faiz), MOL (8,90 faiz), "Ekvinor" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "TotalEnergies"(5 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), "EksonMobil" (2,50 faiz) və ONGCVideş (2,36 faiz) şirkətləridir.

 BTC Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçərək 1768 kilometr məsafə qət edir. Azərbaycanın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmər ölkəmizdə 443, Gürcüstanın 7 bölgəsində 249 və Türkiyənin 9 rayonunda 1076 kilometrlik yolboyu uzanır. Keçdiyi ərazilərin coğrafiyasından asılı olaraq onun borularının diametri 46, 42 və 34 düymdür.

Kəmərin bir sıra əzəmətli yerüstü qurğuları, o cümlədən 8 nasos stansiyası və 98 siyirtmə məntəqəsi var. Səngəçaldakı baş nasos stansiyasından sonra ikinci stansiya yenə Azərbaycanda - Yevlaxda yerləşir. İki stansiya Gürcüstanda, dördü isə Türkiyə ərazisindədir.

BTC öz marşrutu boyu bir neçə dağ silsiləsi qət edir, o cümlədən 2830 metr yüksəkliyə qalxır, eləcə də 3000 yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətti, eni 500 metrədək çatan Ceyhan çayının keçidi də daxil olmaqla, 1500-dən artıq su hövzəsi ilə kəsişir. Ceyhana yaxınlaşarkən yenidən dəniz səviyyəsinə enir.

Kəmər Bosfor və Dardanel boğazlarından yan keçməklə həmçinin ekoloji riskləri azaldır. Başlıca nailiyyətlərdən biri də kəmərin təhlükəsizliyidir. Boruları etibarlı şəkildə örtüklənmiş və bütün marşrutu boyu torpaq altında basdırılmış bu kəmər, necə deyərlər, səssiz-səmirsiz, ətraf mühitə ziyan vurmadan və insanlara narahatlıq gətirmədən işləyir. Bir sözlə, BTC bütün sınaqlardan şərəflə çıxır. Məlum olduğu kimi, Türkiyədə kəmərin bir hissəsinin keçdiyi bölgələrdə bu ilin fevral ayında zəlzələ baş vermişdi. Lakin istər nefti nəql edən borular, istərsə də yerüstü qurğular heç bir mənfi təsirə məruz qalmamışdı. Bu da BTC-nin necə keyfiyyələ inşa olunduğunun, möhkəmliyinin daha bir təsdiqi!

BTC möhtəşəm, uğurlu, əgər belə ifadə etmək mümkünsə, xeyirxah bir kəmərdir. O təkcə ölkəmizə deyil, bütün regiona xeyir-bərəkət bəxş edir. Həm birbaşa gəlirləri, həm də kəmərboyu ərazilərdəki sosial layihələri ilə.

İllər keçir, zaman yeni qlobal layihələrin yerinə yetirilməsini gündəmə gətirir. Lakin onlar BTC-nin əhəmiyyətini azaltmır, əksinə, bu kəmər böyük yolun başlanğıcında daha əzəmətli görünür və regionun neft ixracı arteriyası kimi öz yoluna inamla davam edir.

 

Flora SADIQLI,

Azərbaycan.-2023.- 13 iyul.- S.9.