Hayastan
ordusunda qalmaqallar səngimir
Hərbi qulluqçular rüşvət
qarşılığında müxtəlif vəzifələrə
təyin edilirlər
Hayastanda həmişəki
kimi silahlı qüvvələrdə yenə
də böyük problemlər yaşanır.
Əsasən də,
İrəvan parlamentində
44 günlük müharibənin
nəticələrini araşdırmaq
üçün yaradılan
istintaq komissiyasından
sonra yüksəkrütbəli
hərbçilər onlar
barədə cinayət
işinin açılacağından
narahatdırlar. Başqa
sözlə, erməni
generallar hakimiyyətə
o qədər də etibar etmirlər. Məğlub ordunun yüksəkrütbəli zabitləri
yaxın zamanlarda vəziyyətin dəyişəcəyindən
və məsuliyyətə
cəlb olunacaqlarından
qorxurlar.
Elə bu günlərdə 44 günlük
müharibə ilə
bağlı yaradılan
istintaq komissiyasına
ifadəsindən sonra
baş nazir Nikol Paşinyanın ünvanına erməni siyasi dairələri tərəfindən müxtəlif
tənqidlər səslənməyə
başlandı. Xüsusilə,
baş qərargahı
hədəfə alan Paşinyan müharibə dövründə ona yalan məlumat verildiyini dedi.
Keçmiş baş
qərargah rəisi Onik Qasparyan dərhal ittihamlara cavab verərək Paşinyanın yalan danışdığını söylədi və müxtəlif arqumentlərlə
özünə haqq qazandırmağa çalışdı.
Bundan sonra baş qərargahın keçmiş rəis müavini Tiran Xaçaturyan da məsələyə münasibət
bildirdi və hökumətin orduya biganə münasibətindən
danışdı. Hökuməti sərt tənqid edən Xaçaturyan Paşinyanı orduya pul ayırmamaqda ittiham etdi. Onun
ittihamlarına baş
nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr
şöbəsi gec də olsa cavab
verdi. Qeyd olundu ki, Xaçaturyanın
söylədiklərinin arxasında
siyasi motivlər gizlənir. Ordunun ehtiyaclarını ödəmək
və prioritet nailiyyətləri reallaşdırmaq
üçün pul ayırmadığı barədə
yalan bəyanatların
reallıqla heç bir əlaqəsi yoxdur. Bir neçə
epizodda sonuncunun iddiaları onun baş qərargahın sabiq rəisi Onik Qasparyanın ictimai açıqlamaları
ilə ziddiyyət təşkil edir. Tiran Xaçaturyan qondarma və əsassız iddialarla belə təəssürat
yaratmağa çalışır
ki, guya hökumətdən kifayət
qədər vəsait
ayrılmadığından silahlı qüvvələrin
normal inkişafı əngəllənib.
Xatırladaq ki,
istintaq komissiyasına
parlamentin Müdafiə
və Təhlükəsizlik
Daimi Komissiyasının
üzvləri daxildir.
Komissiya 11 deputatdan ibarətdir, lakin deputatlardan biri müvafiq məxfilik rejiminə icazə almadığı üçün
hazırda 10 üzvün
tam səlahiyyəti var.
Bütün bunların
fonunda orduda hərbi qulluqçuların
müxtəlif vəzifələrə
təyin edilməsi üçün
böyük miqdarda rüşvət vermələri
ilə bağlı çoxlu sayda qalmaqal yaşanır. Sosial şəbəkələrdə paylaşılan məlumatlar
onu göstərir ki, Hayastan ordusunda
rüşvətxorluq baş
alıb gedir və Müdafiə Nazirliyi bunun qarşısını heç
cür ala bilmir. Bildirilir ki, Hayastan silahlı qüvvələrinin hərbi
hissələrində zabitlərdən
yuxarı vəzifəyə
təyin olunmaq, tabor komandiri olmaq üçün 7000,
bölük komandir vəzifəsinə təyin
olunmaq üçün
2500-4000, müqaviləli hərbi
xidmət üçün
isə 1000-2000 ABŞ dolları
məbləğində rüşvət
tələb edildiyi bildirilir. Sosial şəbəkələrdə yazılan məlumatlarda o da iddia edilir ki, yerindən
asılı olaraq qiymətlər dəyişilə
bilər. Yəni
"yaxşı" yerə
təyinat almaq
üçün yüksək
məbləğdə rüşvət
tələb olunur. Maraqlı odur ki, Hayastan Müdafiə Nazirliyi həm rüşvətxorluq
hallarına, həm də bununla bağlı yayılan məlumatlara heç bir reaksiya vermir.
Beləliklə, proseslər
Hayastanda daxili siyasi vəziyyətin daha da gərginləşdiyini
və İrəvanın
sürətlə məhvinə
doğru yaxınlaşdığını
növbəti dəfə
təsdiqləyir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
13 iyul.- S.12.