Şuşada
Vaqif Poeziya Günlərinin açılışı
olub
İyulun 14-də Şuşa
şəhərində Molla
Pənah Vaqifin muzey-məqbərə kompleksi
önündə Vaqif
Poeziya Günlərinin
açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış
mərasimində dövlət
və hökumət nümayəndələri, respublikanın
tanınmış elm
və mədəniyyət
xadimləri, Azərbaycan
Yazıçılar Birliyinin
üzvləri, gənc
yazıçılar, şairlər
iştirak ediblər.
Tədbirdə Azərbaycan
Yazıçılar Birliyi
sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz
Abdullayev çıxış
edərək, Şuşada
belə bir möhtəşəm tədbirdə
iştirakdan məmnun
olduğunu ifadə edib.
Vaqif Poeziya Günlərinin hər il təşkil olunduğunu söyləyən
Xalq yazıçısı
görkəmli şair
Molla Pənah Vaqifin yaradıcılığından
söz açıb:
“Biz fəxr edirik ki, öz
mövqeyindən dönməyən
Nəsimi, Vaqif, Mikayıl Müşfiq, Hüseyn Cavid kimi şairlərimiz olub. Bizim şairlərimiz,
yazıçılarımız həmişə belə olublar. Bu gün
biz böyük şairimizin məqbərəsinə
toplaşmışıq. Azərbaycan
Yazıçılar Birliyi
adından hər birinizə təşəkkür
edirəm, ona görə ki, bu, dövlətin, xalqın qiymətidir. Belə ədiblər olmasaydı, bu gün Azərbaycan ədəbiyyatı olmazdı.
Nə qədər insan Şuşaya gəlmək istəyir. Ona görə ki, Şuşa Azərbaycanın ürəyidir.
İnanıram ki, burada keçirilən bu bayramlar əbədi
olacaq və düşmənin ayağı
heç vaxt bu torpaqlara dəyməyəcək”.
Türk Ədəbiyyat
Vəqfinin rəhbəri
Serhad Kabaklı Şuşada Vaqif Poeziya Günlərinə dəvət olunmasından
qürur hissi keçirdiyini deyib və tədbirin təşkilatçılarına təşəkkür edib.
Şuşanın işğaldan
azad olunduğu günlərdə Bakıda
olduğunu və burada gördüyü möhtəşəm qələbə
sevincini ömrü boyu unutmayacağını
bildirən Serhad Kabaklı deyib: “Həmin gün Bakının küçələrində
Azərbaycan və Türkiyə bayraqlarının
insanlar tərəfindən
böyük coşqu və sevgi ilə
dalğalandığını görmək olduqca sevincli idi. Gördüklərimdən
o qədər duyğulanmışdım
ki, göz yaşlarıma hakim ola bilmədim. İstanbula döndükdən
sonra “Şükür”
namazı qıldım
və dua etdim ki, Allah
mənə Şuşada
da bu namazı
qılmağı nəsib
etsin. Çox şükür ki, Allah bunu mənə
nəsib etdi. Bu gün Şuşada
Vaqif Poeziya Günlərində aldığım
unudulmaz hissləri ürəyimdə yenidən
Türkiyəyə daşıyacağam.
Bundan çox qürurluyam”.
Sonra çıxış
edən Xalq şairi Vahid Əziz, Özbəkistanın
Xalq artisti Xurşud Davron, Azərbaycan Yazıçılar
Birliyinin katibi, şair-publisist Rəşad
Məcid, şair-tərcüməçi
Səlim Babullaoğlu
Şuşanın füsunkarlığı,
qeyri-adi təbiəti,
bənzərsizliyi, beynəlxalq
tədbirlərin ünvanına
çevrilməsi və
“Türk dünyasının
mədəniyyət paytaxtı”
kimi önəmli yer tutması barədə danışıblar.
Sonra vətənpərvərlik
mövzusunda, eləcə
də əziz Şuşaya həsr olunmuş şeirlər səsləndirilib.
Tədbir respublikanın tanınmış sənət adamlarının konsert proqramı ilə davam edib
Azərbaycan.-2023.-
15 iyul.- S.4.