Ermənistan region üçün
problemə çevrilib
Bu
ölkənin dağ-mədən sənayesi Cənubi Qafqazda
ekoloji terror mənbəyidir
Ermənistanın
dağ-mədən sənayesində heç bir beynəlxalq
standarta əməl edilməməsi nəinki Azərbaycan,
ümumilikdə region üçün ciddi ekoloji təhdid
yaradır.
Hazırda isə
Ermənistan Naxçıvana yaxın yerdə, Arazdəyəndə
iri metallurgiya zavodu inşa etməklə növbəti ekoloji
terror törətməyə hazırlaşır. Sözügedən
metallurgiya zavodunun zəhərli kimyəvi
tullantılarının regionun ekosisteminə böyük zərbə
vurması qaçılmazdır.
Azərbaycanın
vətəndaş cəmiyyəti təşkilatları bununla
bağlı Ermənistanın baş naziri Nikol Paşinyana
açıq məktub ünvanlayıblar. Məktubu
ünvanlayan QHT nümayəndələrindən bəzisinin
mövzu ilə bağlı fikirlərini öyrəndik.
Tullantılar
Araz, Oxçuçay və Bərgüşad
çaylarını zəhərləyir
"Şəfəq"
Ekoturizm İctimai Birliyinin prezidenti Vamiq Babayev bildirib ki, Azərbaycanda
fəaliyyət göstərən vətəndaş cəmiyyəti
təşkilatları olaraq, Ermənistan tərəfindən sərhədimizin
yaxınlığında ekoloji fəlakətə yol
açan fəaliyyətin həyata keçirilməsini qətiyyətlə
pisləyir və müxtəlif etirazlar formasında belə
işlərin qarşısını almağa
çalışırlar: "Nəzərə almaq
lazımdır ki, bu, təkcə Ermənistanın və Azərbaycanın
ekoloji sisteminə təhdid deyil, eyni zamanda Cənubi Qafqaz
regionunun ekoloji vəziyyətinin pisləşməsinə səbəb
olur. Ekoloji zərərin transsərhəd xarakteri regionda və
ondan kənarda yaşayan icmaların
sağlamlığını və rifahını riskə
atır. Bu problemlərin qarşısının birdəfəlik
alınması üçün zəruri tədbirlərin
görülməsinin vaxtı artıq çatıb".
V.Babayev qeyd edib
ki, biz Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının
da ölkədə genişlənən ekoloji problemlərlə
bağlı artan həyəcanını diqqətlə izləyirlər:
"Azərbaycan QHT-ləri olaraq beynəlxalq ekoloji norma və
standartları kobud şəkildə pozan Ermənistanın
dağ-mədən sənayesində aparılan işlərin ətraf
mühitə təsirlərinin yol açdığı ciddi
ekoloji böhranla bağlı narahatlığı ifadə edən
məktubumuzu bu ölkənin baş naziri Nikol Paşinyana
ünvanlamışıq. Həmin açıq məktubda
norma və standartları, region əhalisinin
hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi
işlərinin dayandırılması tələb olunur.
Unutmamalıyıq ki, BMT-yə üzv dövlətlər təmiz
hava, təhlükəsiz içməli su və sanitariya kimi
amilləri sağlamlığın ətraf mühit amilləri
kimi tanıyıb. Ermənistan bu ekoloji cinayətləri
törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin
3-cü, 6-cı, 12-ci,13-cü və 15-ci bəndlərinin
tamamilə əleyhinə çıxış edir".
Müsahibimizin
sözlərinə görə, Ermənistanın dağ-mədən
sənayesində ekoloji norma və prinsiplər gözlənilmədən
istehsalat işləri aparılır. Ermənistan bu işlərin
görülməsinə xarici şirkətləri də cəlb
edərək, onları törətdikləri cinayətlərinə
cəlb edir. Təəssüf ki, xarici şirkətlər
transsərhəd kontektsində heç bir beynəlxalq
hüquq normalarını gözləmirlər.
"Qacarandakı
Zəngəzur mis-molibden kombinatının, Qafandakı
dağ-mədən kombinatının ağır metal tərkibli
mədən tullantıları Oxçuçayı və Araz
çayını çirkləndirir. Əkərək
mis-molibden kombinatının ağır metal tərkibli mədən
tullantıları Kərçivan çayı vasitəsilə
Araz çayına axıdılaraq suyu zəhərləyir.
Kombinatın Davazam tullantı anbarının suyu Araz
çayına tökülür. Göyçə vilayətindəki
Daşdəm Qızıl Mədəni yerli su təchizatını
aramsız şəkildə çirkləndirir. Mədənin
çirkab suları yaxınlıqdakı çayları, o
cümlədən əsas içməli su mənbəyi olan
Bərgüşad çayını da zəhərləyir.
Dünyanın ən böyük manqan zavodlarından biri olan
Qafan Manqan Zavodundan çıxan çirkləndiricilər tənəffüs
problemləri, nevroloji və xərçəng də daxil
olmaqla bir sıra xəstəliklər yaradır. Zavod həmçinin
Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi
olan Bərgüşad çayına əhəmiyyətli dərəcədə
ekoloji ziyan vurur", - deyə o bildirib.
V.Babayev həmçinin
Naxçıvanla həmsərhəd Arazdəyən kəndində
ekoloji normaların, beynəlxalq konvensiyaların tələblərinə
zidd inşa olunan yeni metallurgiya zavodunun tikintisi barədə də
danışıb. Bildirib ki, belə bir zavodun inşası ətraf
mühitin, ekosistemin pozulmasına, biomüxtəlifliyin məhvinə,
havanın zəhərli tullantılarla çirklənməsinə,
mal-qaranın və əkinlərin məhvinə, insanların
ciddi xəstəliklərlə üzləşməsinə gətirib
çıxaracaq: "Bu, həm Azərbaycan, həm də Ermənistan
üçün ciddi ictimai böhran yaradacaq. Ümumiyyətlə,
Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə
belə bir müəssisənin tikintisi "Transsərhəd
kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında" 1991-ci il Espo Konvensiyanın kobud şəkildə
pozulması deməkdir".
Müsahibimiz əlavə
edib ki, bu faktlar Cənubi Qafqaz regionu üçün təhlükə
saçan fəlakətlərin yalnız bir qismidir: "Ermənistan
torpaqlarımızın işğalı dövründə
tarixi abidələrimizi, təbiətimizi məhv etməklə
məşğul olub. Biz bunun əyani sübutunu daim
görmüşük, belə terrorçu
davranışları beynəlxalq ictimaiyyətə
çatdırmaq üçün müvafiq addımlar
atmışıq. Hər zaman olduğu kimi, Ermənistan
hakimiyyəti transsərhəd kontekstində regionun ətraf
mühitinə mənfi təsir göstərə biləcək
dağ-mədən sənayesinin təşkilində qonşu
kəndlərdə yaşayan gürcülərin, azərbaycanlıların
və öz əhalisinin bugünədək rəylərini,
fikirlərini nəzərə almayıb və onları ətraf
mühitin qiymətləndirilməsi prosesinə cəlb etməyib".
V.Babayev deyib ki,
Ermənistan hökumətini məsuliyyətli idarəetməyə,
regionumuza və ölkəmizə təhlükə yaradan
dağ-mədən sənayesindəki işləri dərhal
dayandırmağa çağırırıq.
Ermənistan beynəlxalq
normalara məhəl qoymur
Ekoloji
Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə
Yusubova qeyd edib ki, bu gün Ermənistan təkcə Azərbaycan
üçün deyil, bütövlükdə Cənubi Qafqaz
regionuna daxil olan ölkələr üçün ciddi ekoloji
təhdid yaradır. Ermənistanın dağ-mədən sənayesi
ilə ətraf mühitə vurduğu ziyan nəinki ölkəmizin,
eləcə də Ermənistanın yerli vətəndaş cəmiyyətləri
təşkilatlarını narahat etməyə başlayıb.
Biz də yerli QHT-lər olaraq Ermənistanın, xüsusilə
Arazdəyəndə inşa etməyi
planlaşdırdığı iri metallurgiya zavodu da daxil
olmaqla ekologiyamıza ziyan vuran digər ekoloji cinayətləri
ilə bağlı bəyanat vermiş, daha sonra isə baş
nazir Nikol Paşinyana məktub ünvanlamışıq. Həmin
məktubda 12 bənd üzrə Ermənistanın dağ-mədən
sənayesinin fəaliyyəti nəticəsində ətraf
mühitə dəyən zərər göstərilib, bu
obyektlərin fəaliyyətinin tezliklə
dayandırılması tələb edilib.
İctimai birliyin
sədrinin sözlərinə görə, ümumiyyətlə,
Ermənistanın 30 illik işğalı müddətində
ölkəmizin ekoloji sisteminə ciddi ziyan vurulub: "Bir
sözlə, Qarabağ və Şərqi Zəngəzur
ekoloji fəlakət zonasına çevrilib.
Çaylarımız çirkləndirilib, ekoloji mühit
tamamilə ziyan görüb. Suvarma sularımızın
çirkləndirilməsi ilə kənd təsərrüfatı
üçün münbit şərait məhv edilib. Ermənistan
hər sahədə olduğu kimi, ekoloji məsələdə
də özbaşınalıq edir, dağ-mədən sənayəsində
heç bir ekoloji standartlara, beynəlxalq normalara əməl
etmir. Bu, bütün region üçün ciddi ekoloji təhdid
deməkdir. Təsadüfi deyil ki, bədnam qonşumuzun ətraf
mühitə vurduğu ziyan elə yerli erməni təşkilatlarını
da narahat edir, onlar da həyəcan siqnalı çalırlar.
Q.Yusubova həmçinin əlavə
edib ki, Azərbaycanla sərhəddə Ermənistanın
tikdiyi metallurgiya zavodu Espo Konvensiyasının ciddi şəkildə
pozulması deməkdir: "Bu məsələdə də Ermənistan
destruktiv siyasət aparır. Həmin konvensiyanın müddəalarına
görə, transsərhəd zonada sənaye obyekti inşa edilərkən
onun ətraf mühitə vura biləcəyi ziyan müəyyən
edilməli, transsərhəd ölkə ilə
razılaşdırma aparılmalıdır. Ermənistan isə
yenə də öz dəst-xətinə uyğun olaraq beynəlxalq
normalara məhəl qoymur, konvensiyanın müddəalarını
pozmağa davam edir".
Vətəndaşlarımızın
sağlamlığını qorumaq prioritetdir
Pasiyent Təşkilatları
İttifaqı və Hemofiliyalı Xəstələr
İctimai Birliyinin sədri Ayaz Hüseynov bildirib ki, Ermənistanda
dağ-mədən sənayəsində aparılan işlər
ümumilikdə bütün regionu ciddi risk altına alır:
"Bu, ekologiyanın çirklənməsinə, dolayısı
ilə insanların sağlamlığına ciddi şəkildə
mənfi təsir göstərir. Bizi ciddi narahat edən odur ki,
təhlükəli tullantılar ya birbaşa Araz
çayına, ya da Araz çayı ilə birləşən
digər çaylara axıdılır. Bununla da Ermənistan həm
öz vətəndaşlarının sağlamlığını
təhlükəyə atır, həm də qonşu dövlətlərin
- Azərbaycan və Gürcüstan vətəndaşlarının
sağlamlığına ciddi şəkildə ziyan vurur.
Ümumilikdə isə regionu ekoloji fəlakətə
sürükləyir".
A.Hüseynov qeyd edib ki, Nikol Paşinyana
ünvanlanan məktubda konkret olaraq hansı dağ mədənlərindən
söhbət getdiyi, onların neçənci ildən etibarən
fəaliyyət göstərmələri, beynəlxalq
standartların hansı şəkildə pozulması və
sair öz əksini tapıb: "Ermənistan qonşu ölkələrin
vətəndaşlarının sağlamlığına ziyan
vurmağı dayandırmalıdır. Bu ölkə
atdığı addımlara görə məsuliyyət
daşımalıdır. Beynəlxalq standartlara uyğun
işlərin aparılması üçün monitorinq
qrupları təşkil edilməli və həmin qrupların
tərkib hissəsində Azərbaycan nümayəndələrinin
iştirakı da təmin edilməlidir. Bizim üçün
prioritet məsələ Azərbaycan vətəndaşlarının
sağlamlığını qorumaq, region üçün təhlükə
yaradan Ermənistanın dağ-mədən sənayəsində
apardığı işlərin dayandırılmasına nail
olmaqdır".
Nəzrin
QARDAŞXANOVA,
Azərbaycan.-2023.- 15 iyul.- S.6.