Türkiyə
Respublikasının Prezidenti
Zati-aliləri cənab
Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab
Prezident,
Əziz Qardaşım,
Türkiyədə 15 İyul hadisələrinin
yeddinci ildönümündə
dövlət çevrilişi
cəhdinin qarşısının
alınması yolunda canlarını fəda etmiş şəhidlərimizin
əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Türkiyə Respublikasına
qarşı yönəlmiş
bu xain plan
ölkənizin tarixində
çətin sınaq
idi. Bu sınaqdan
alnıaçıq və
üzüağ çıxan
Türkiyə xalqı
bütün dünyaya
iradəsinin sarsılmazlığını,
mətinliyini, dövlətçiliyə
və demokratiyaya sadiqliyini bir daha bariz şəkildə
nümayiş etdirdi. Həmin ağır gündə çiyin-çiyinə
vermiş Türkiyə
xalqı və dövlətinin qətiyyəti
sayəsində, şəhidlərimizin
qanı və canı bahasına əldə edilmiş bu zəfər xalqınızın bənzəri
olmayan mübarizlik və yenilməzlik ruhunu, Vətənə sevgisini təsdiq etdi. Həmrəyliyin və milli birliyin
rəmzi olaraq təsis olunmuş “Demokratiya və Milli Birlik Günü”
Türkiyə dövlətçiliyinin
tarixində böyük
şərəf günü
olaraq qalacaqdır.
Heç şübhəsiz
ki, əsl qəhrəmanlıq dastanının
yazıldığı o gün
qardaş Türkiyə
xalqının Sizə
olan hədsiz inam və etimadın
aşkar təzahürü
olaraq ətrafınızda
sıx birləşməsi,
Sizin çağırışınıza
dərhal cavab verməsi xain niyyətlərin qarşısına
aşılmaz sipər
çəkərək ölkənizi
böyük faciələrdən
xilas etdi.
Azərbaycan xalqı
və dövləti bu mücadilədə ilk anlardan qardaş
Türkiyə dövlətinin
və xalqının yanında olmuş, ölkənin Konstitusiya quruluşuna, legitim hakimiyyətinə qəsd
edən Vətən xainlərini birmənalı
şəkildə pisləmişdi.
Biz bu hadisələrdən
daha da güclənərək
çıxmış Türkiyə
xalqının zəfərini
öz zəfərimiz,
sevincini öz sevincimiz, hüznünü
öz hüznümüz
olaraq paylaşdıq və bir millət,
iki dövlət olduğumuzu bir daha əyani şəkildə sübut
etdik.
Əminəm ki,
ən böyük sərvətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə
qardaşlığını, birliyini və həmrəyliyini qoruyub saxlamaq və gələcək nəsillərə
ərməğan etmək,
strateji müttəfiqliyimizi
hərtərəfli inkişaf
etdirmək və möhkəmləndirmək naminə
birgə səylərimizi
bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Hörmətli cənab
Prezident, Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
qardaş Türkiyə
xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
12 iyul 2023-cü il
Azərbaycan.-2023.-
16 iyul.- S.1.