Mətbuat
Şurası Fransa Prezidentinə açıq
məktub ünvanlayıb
Azərbaycan Mətbuat
Şurası Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlayıb.
AZƏRTAC məktubu təqdim edir.
“Hörmətli cənab
Prezident.
Ermənistan parlamentinin
spikeri Alen Simonyan bu il
iyulun 11-13-də Fransaya
işgüzar səfəri
çərçivəsində ölkə Senatının
sədri Jerar Larşe tərəfindən
qəbul edilib. J.Larşe iyulun 13-də özünün tviter hesabındakı paylaşımında
bildirib ki, A.Simonyanla ayın 11-də
keçirdiyi görüşdə
Qarabağı Ermənistanla
birləşdirən Laçın
dəhlizinin dərhal
açılmasını, guya
Ermənistanın təhlükəsizliyinin
təminatı məqsədilə
Fransanın ona müdafiə xarakterli silahlar verməsini tezləşdirməsini tələb
edib.
Fransa parlamentinin
yuxarı palatası olan Senatın rəhbərinin bu mövqeyi Azərbaycan cəmiyyətində ciddi
etiraz formalaşdırdığı
kimi, ölkəmizin media ictimaiyyətinin də narazılığına
səbəb olub. Həmçinin Larşenin
paylaşımının Fransanın
ayrı-ayrı media orqanlarında yayılması
və təqdir edilməsi də ciddi narazılıq doğuran məqamlardan biridir.
Hesab edirik ki, Senatın sədrinin belə fikir bildirməsi həssaslığı ilə
seçilən Cənubi
Qafqaz bölgəsində
sülhün əldə
edilməsinə yönələn
səylərə qarşı
çıxmaq cəhdidir.
Təəssüf ki, bu cəhd müxtəlif
media vasitələrinin
köməyi ilə Fransanın ictimaiyyətinə
ötürülüb, bununla
faktiki müharibə ab-havasının formalaşdırılmasına
start verilib.
Hazırda Azərbaycanla
Ermənistan arasında
danışıqlar davam
edir. Azərbaycan mediası iki ölkənin ortaq məxrəcə gəlməsi,
sülh müqaviləsinin
imzalanması, bölgədə
kommunikasiyaların tam açılması,
sərhədlərin delimitasiyası
kimi məsələlərin
həllinə yönəlmiş
səyləri yaxından
izləyir. Avropa İttifaqının da diqqət
mərkəzində olan
bu prosesə bütövlükdə böyük
ictimai maraq vardır. Mövcud şəraitdə, sülh
gündəliyinin aktuallıq
daşıdığı bir
zamanda cənab Larşenin Ermənistanın
silahlandırılması və
yekun nəticədə
isə regionun militarizasiyası məqsədini
güdən bu mesajını yolverilməz
hesab edirik.
Otuz ilə yaxın müddətdə
münaqişənin ədalətli
həllinə yönəlmiş
hər hansı addımın atılmaması,
əksinə, Ermənistanın
davamlı silahlandırılması
işğalçının yeni cinayətlərə hədəflənməsinə
şərait yaratdı.
Hesab edirik ki, beynəlxalq aləm, o cümlədən Fransa ictimaiyyəti və mediası, ilk növbədə,
bunu nəzərə almalı, regionda gərginliyin daha da artmasına və arzuolunmaz ssenarilərin yaşanmasına qarşı
müqavimət göstərməlidir.
Cənab Larşenin fikirlərinin təbliği
yaşadığımız coğrafiyada hələ də kövrək olan sülh gündəmini təhlükəyə
atır, militarizmin vüsət alması üçün zəmin yaradır. Bu, Azərbaycan
cəmiyyətinin müxtəlif
təbəqələri kimi,
ölkəmizin mühüm
ictimai institutlarından
sayılan, tərkibində
aparıcı media orqanlarını
və jurnalist təşkilatlarını birləşdirən
Mətbuat Şurasını
da məyus edir və təəssüfləndirir.
Azərbaycan jurnalistləri
hesab edirlər ki, indi yaranacaq hansısa xoşagəlməz
hala, silahlı eskalasiyaya və digər gərginlik təmayüllərinə görə
məsuliyyət birbaşa
Fransa dövlətinin
və onun rəhbərliyinin üzərinə
düşəcək.
Cənab Prezident,
ümid edirik ki, Fransa rəhbərliyi birtərəfli mövqeyini,
Ermənistanı silahlandırmaqla
regionda qeyri-sabitliyin daha da güclənməsinə
yönəlmiş siyasətini
yenidən nəzərdən
keçirəcəkdir. Onu da diqqətinizə çatdırmaq
istərdik ki, hazırkı
dövrə kimi Fransa tərəfindən Ermənistana piyada döyüş maşınlarının,
Fransanın lisenziyası
ilə Hindistanda istehsal olunan artilleriya və raket sistemlərinin və digər hücum və öldürücü ağır
silahların verilməsinə
dair faktlar vardır. Bundan başqa, Fransanın Ermənistanda hərbi attaşe ofisini yaratdığı da bildirilir.
Ümid edirik ki, qeyd edilmiş bu məsələlər ciddi araşdırılacaq,
bizim sorğularımız
cavablandırılacaq və
Fransa dövləti bütün bunlara aydınlıq gətirəcəkdir.
Sizi vurğuladığımız
məsələyə həssas
yanaşmağa, Cənubi
Qafqazda davamlı sülhün dəstəklənməsinə
səy göstərməyə
çağırırıq. İnanmaq istərdik ki, çağırışımıza adekvat münasibət ortaya qoyulacaq və Fransa bundan sonra Azərbaycanla
Ermənistan arasında
problemlərin həlli
məsələsində ədalətli
mövqe nümayiş
etdirəcək, gərginliyin
aradan qalxmasına töhfə verməklə,
hər iki ölkənin xalqlarının
dinc və əmin-amanlıq şəraitində
yaşaması kimi bəşəri missiyanın
gerçəkləşməsinə kömək göstərəcəkdir”.
Azərbaycan.-2023.- 16 iyul.- S.3.