Üçüncü
“Yüksəliş” müsabiqəsinin
final mərhələsinin
açılış mərasimi
keçirilib
İyulun 15-də Bakı
Ekspo Mərkəzində
üçüncü “Yüksəliş”
müsabiqəsinin final
mərhələsinin rəsmi
açılış mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
gənclər və idman nazirinin müavini, İşçi
qrupunun rəhbəri Fərhad Hacıyev çıxış edib.
O, “Yüksəliş” müsabiqəsi
finalçılarına səslənərək
istedadlı kadrların
seçilməsi, inkişaf
etdirilməsi üzrə
layihənin keçirilməsində
yaxından iştirak etdikləri üçün
qürur hissi duyduğunu bildirib. Fərhad Hacıyev onu da əlavə
edib ki, finalçılar arasında
ötən illər müsabiqədə iştirak
etmiş namizədlərin
çoxluq təşkil
etməsi sevindirici haldır. Bunun müsabiqənin ictimaiyyət
tərəfindən yüksək
qiymətləndirilməsinin və iştirakçıların
etimadını qazanmasının
göstəricisi olduğunu
bildirən İşçi
qrupunun rəhbəri sonda hər bir finalçıya uğurlar arzulayıb, onların final mərhələsinədək gəlib
çatmasının qalibiyyətə
bərabər olduğunu
qeyd edib.
Tədbir Təşkilat
Komitəsi üzvlərinin
çıxışları ilə davam edib. Çıxışlarda
“Yüksəliş” müsabiqəsinin
hər il yeni nəsil idarəçilərin aşkara
çıxarılması və
formalaşmasında oynadığı
əhəmiyyətli rol
vurğulanıb, günümüzdə
idarəçiliyin tələblərinə
uyğun olaraq rəqabətli insan kapitalının önəmi
diqqətə çatdırılıb.
İqtisadiyyat naziri
Mikayıl Cabbarov insan kapitalının, kadr potensialının artırılması, bacarıqlı
kadrların önə
çıxarılması məqsədilə
həyata keçirilən
“Yüksəliş” müsabiqəsinin
önəmini vurğulayıb,
müsabiqənin intellektual
səviyyəsi və
idarəçilik keyfiyyətləri
yüksək olan gələcəyin liderlərinin
dəstəklənməsi və
ölkədə rəqabətqabiliyyətli
insan kapitalının
inkişafını təmin
etmək məqsədilə
atılmış mühüm
addım olduğunu qeyd edib. İqtisadiyyat
naziri müsabiqənin
finalçılarına idarəçilik
sənətinin incəliklərinə
dərindən yiyələnmələrini
tövsiyə edib, onlara bu sahədə
uğurlar arzulayıb.
Əmək və
əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib
ki, Azərbaycan hazırda iqtisadi, sosial, mədəni və idman sahələri
başda olmaqla əksər sahələrdə
ən dinamik dövrünü yaşayır.
Belə bir dövrdə gənclərin
ölkəmizin inkişafına
dəstək olması
üçün “Yüksəliş”
müsabiqəsi əvəzsiz
bir imkan yaradır.
Dövlət İmtahan
Mərkəzinin Direktorlar
Şurasının sədri
Məleykə Abbaszadə
gənclərin inkişafına,
təhsil sahəsinə,
mütəxəssis hazırlığına
hər zaman dövlətçiliyin və
cəmiyyət həyatının
ən vacib, strateji əhəmiyyətli
sahəsi kimi yanaşılmasında Heydər
Əliyev məktəbinin
təkanverici rolunu vurğulayıb. O bildirib ki, Ulu Öndər
Heydər Əliyev gənclərin yaxşı
təhsil almaqla yanaşı, vətənpərvər
ruhda yetişməsi üçün lazımi
tədbirlər görürdü.
Bu növ təşəbbüslərin ölkəmizdə
davam etməsi üçün “Yüksəliş”
müsabiqəsinin təşkil
olunması əhəmiyyətli
və zəruri addımdır.
Müsabiqənin əvvəlki
dörd mərhələsini
uğurla başa vuran 109 nəfər iştirakçının mübarizə
apardığı final
mərhələsi iyulun
16-da yekunlaşacaq.
Xatırladaq ki,
fevralın 17-dən qeydiyyatına
start verilən üçüncü “Yüksəliş”
müsabiqəsinə 13 min
474 iştirakçı müraciət
edib. Müsabiqənin
20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən
– böyük şirkətlərin
top-menecerlərindən və
dövlət orqanlarının
rəhbərlərindən fərdi karyera məsləhətləri almaq
imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli
Sərəncamına əsasən
təsis olunub. Müsabiqə 5 mərhələdən
– qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.
Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Azərbaycan.-2023.- 16 iyul.- S.5.