Şuşada
“Vətənim Qarabağ”
adlı poeziya saatı təşkil edilib
Heydər Əliyev
Fondu, Mədəniyyət
Nazirliyi və Azərbaycan Yazıçılar
Birliyinin təşkilatçılığı
ilə Şuşada Vaqif Poeziya Günləri
davam edir.
AZƏRTAC xəbər verir ki, Poeziya
Günləri çərçivəsində
bu gün “Vətənim Qarabağ” adlı poeziya saatı təşkil olunub.
Tədbirin açılışında
Azərbaycan Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi çıxış edərək,
hər il Şuşada ənənə
halını almış
poeziya günlərinin
təşkilinin mədəniyyətimiz
və ədəbiyyatımız
üçün önəm
kəsb etdiyini diqqətə çatdırıb.
O, bu mötəbər
tədbirə qatıldıqları
üçün hər
kəsə təşəkkür
edib.
Çıxış edən şair-tərcüməçi
Səlim Babullaoğlu
deyib ki, hər dəfə gözəl, mübarək
Şuşa torpağında
olmaq hər kəsə böyük məmnuniyyətlik gətirir:
“Biz bu məmnuniyyətə
doğru həm Ali Baş Komandan,
həm ordumuzla uzun yol gəlmişik
və bu prosesdə bizə qardaşlarımız, dostlarımız
dəstək oldu. 44 günlük savaş günlərində bizim yaxın-uzaq ölkələrdə
yaşayan həmkarlarımız,
dostlarımız Azərbaycanın
haqq səsinin dünyaya çatdırılmasında
xeyli böyük işlər görüb. Bunlardan biri əlbəttə ki, həmişə Azərbaycanın
yanında olan Türkiyə Cümhuriyyəti
və qardaş ölkənin dəyərli
ziyalılarıdır. Ömer
Küçük Mehmetoğlu
da belə aydınlarımızdandır. O, istedadlı yazıçıdır,
çağdaş Türkiyə
nəsrinin tanınmış
nümayəndələrindəndir və peşəkar tərcüməçidir. Ömərin
tərcüməsində bizim
görkəmli ədiblərin
əsərləri Türkiyə
türkcəsində nəşr
olunub. Türkiyənin
məşhur “Heca” dərgisinin 7-8 il bundan əvvəl Azərbaycan ədəbiyyatına
həsr olunmuş xüsusi nömrəsi işıq üzü görmüşdür. Lap
bu günlərdə jurnalın Azərbaycan poeziyasına həsr olunmuş xüsusi nömrəsi hazırlanaraq
çap edilib. Bütün bu xidmətlərinə görə
o, Azərbaycan Yazıçılar
Birliyinin “Bəxtiyar Vahabzadə” mükafatına
layiq görülüb”.
Sonra mükafat
türkiyəli yazıçıya
təqdim olunub.
Ömer Mehmetoğlu
göstərilən etimada
görə Azərbaycan
Yazıçılar Birliyinə
təşəkkür edib.
Xalq şairi Vahid Əziz çıxış edərək
deyib: “Biz 30 il sınağa çəkildik, bu illər bir an da olsun
müqəddəs yurd
yerlərimizi, Qarabağımızı
unutmadıq, daim bu günü düşündük və
arzuladıq. Şükürlər
olsun ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz bu həsrətə,
nisgilə son qoydu. Bu gün
Azərbaycanın müqəddəs
şəhərində belə
bir möhtəşəm
tədbirin keçirilməsi
bir daha dövlətimizin gücünü,
qüvvəsini, ordumuzun
yenilməzliyini göstərir.
Bu müqəddəs məkanda belə bir söz bayramına
toplaşmağımıza görə Vaqif Poeziya Günlərinin iştirakçıları adından
ölkəmizin başçısına
minnətdarlığımı bildirirəm”.
Sonra yazıçı Seyran Səxavət, şairlər Barat Vüsal, Qəşəm Nəcəfzadə, Əlisəmid Kür, Əkbər Qoşalı, tərcüməçi İan Perart, türkiyəli şair Serhad Kabaklı, Özbəkistanın Xalq şairi Xurşud Davron və digərləri çıxış edərək, Vaqif Poeziya Günlərinin əhəmiyyətindən danışıb, fikirlərini bölüşüb, vətənpərvərlik ruhunda və Şuşa haqqında şerlərini səsləndiriblər.
Azərbaycan.-2023.- 16 iyul.- S.5.