Şuşada
"Dövri-səda" adlı
konsert proqramı təqdim olunub
Vaqif Poeziya Günləri çərçivəsində
Şuşanın sevilən
məkanlarından birində
- Natəvanın evi qarşısında "Dövri-səda"
adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsert
çərçivəsində Əməkdar artist Vüqar Camalzadənin ədvar sistemi üzrə bəstələdiyi
8 musiqinin Qədim Musiqi Alətləri Ansamblının ifasında
təqdimatı olub.
Ədvar Şərq
musiqisində "sistemçilik"
adı ilə məşhur məktəbin
banisi olan Səfiəddin Urməvinin
yaradıcılığının Şərq musiqi nəzəriyyəsi sahəsində
ən böyük nailiyyətidir. Ədvar sistemi ilə Azərbaycan, eləcə də bütün Şərq musiqisinin əsasını təşkil
edən səs kompleksləri sistemi qaydaya salınır.
Konsertdə Xalq
artistləri Nəzakət
Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova, xanəndələr
Rövşən Məmmədov,
Hüseyn Məlikov, Aysel İbrahimova və digərləri Molla Pənah Vaqifin qəzəlləri ilə yanaşı, Xəqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli,
Mir Həmzə Nigari, Mir Möhsüm
Nəvvab, Nizami Gəncəvi, Şah İsmayıl Xətainin ölməz əsərlərindən
parçalar ifa edib, hər ifadan əvvəl isə qiraətçilər
qəzəllərdən parçalar
təqdim ediblər.
İncəsənət ustalarının bir-birindən maraqlı ifaları izləyicilərin zövqünü oxşayıb. Konsert proqramı maraqla qarşılanıb.
Azərbaycan.-2023.- 16 iyul.- S.5.