Onun yarada bilmədiyi obraz yox idi
Xalq tərəfindən
sevilirdi. Məşhur idi, amma xoşbəxt deyildi.
İnsanları güldürməyə çalışan,
düşündürən bu böyük sənətkarın
içində "dağ" boyda dərdi vardı. Sankı
özünü ifadə etmək üçün yox,
özünü "gizlətmək" üçün
"aktyorluq" edirdi. Onun rol aldığı tamaşaları
izləmək üçün teatrlara bilet elə də asan
tapılmazdı. Bir sözlə, dövrünün 3-5
istedadlı aktyorundan biri idi desək, qətiyyən
mübaliğə etmiş olmarıq. Onu səhnəmizin, Azərbaycan
mədəniyyətinin aslanı da adlandırırdılar.
Sadəcə olaraq, o, Səyavuş Aslan idi.
Azərbaycan
realist aktyor məktəbinin nümayəndələrindən
biri, komik, faciə və dramatik rolların məharətli
ifaçısı, Azərbaycan SSR Xalq artisti, Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
"Şöhrət" və
"Şərəf" ordenləri
ilə təltif olunan Aslanov Səyavuş Məmmədağa
oğlu 1935-ci il sentyabrın 5-də Bakının Saray kəndində
sürücü ailəsində dünyaya göz
açıb. Anası Anaxanım evdar qadın idi. Bu o illər
idi ki, SSRİ-nin repressiya maşını insanları məhşər
ayağına çəkib üyüdürdü. İnsanlar
təkcə düşüncəsinə görə yox,
gördüyü yuxulara görə də gedər-gəlməzə
göndərilirdi. Belə bir zamanda cütlük yeni
dünyaya gələn körpəyə Səyavuş
adını verdi. Adının mənası "atlı"
deməkdir. Bəlkə də
övladlarını xilaskar "ağ atlı
oğlan" obrazında görmək arzusunda olan valideynləri
ona bu adı vermişdilər?
Bu körpənin
dünyaya gəlişi, repressiya illərinə, uşaqlıq
illəri isə müharibənin gərgin vaxtına
düşmüşdü. Valideynlərinin musiqiyə olan
marağına uyğun olaraq Səyavuş
hər gün dərsdən
sonra "Pionerlər evi"nə gedər, tar
çalmağı öyrənərdi. Başqa bir dram dərnəyinə
gedən Hacıağa adlı dostu isə Səyavuşla hər
görüşündə ona "səhnə həyatından"
danışardı. Dostunun danışdığı həyat
hekayələri Səyavuşa daha maraqlı gəlirdi. Belə
ki, özünü səhnədə, geniş
tamaşaçı kütləsi qarşısında,
gurultulu alqışların əhatəsində hiss edirdi.
Sanki içində bir səs ona "bu yol ilə" get
deyirdi.
Bir gün Səyavuş
dostu Hacıağaya qoşulub dram dərnəyinə
yollandı. Beləliklə, Səyavuş Aslanın səhnə
həyatı başladı. Özünü axtaran Səyavuş
özünü teatrın səhnəsində tapdı. 1947-1953-cü
illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun,
Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində
çıxış etdi. 1954-cü ildə az müddət
musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət
Dram Teatrında çalışdı. 1959-cu ildə Bakıya
qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili
Komediya Teatrının yardımçı heyətinə
işə qəbul olundu. Elə həmin il Ağası Məşədibəyovun
"Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla
ifa etdiyinə görə aktyor heyətinə qəbul edildi.
Səyavuş teatrda işləyərkən
Lütfəli Abdullayevin pərəstişkarı
olur. Hətta aktyorun oynadığı bütün rolların
sözlərini əzbər
bilirdi. Səyavuşun bu bacarığı bir gün
teatrı düşdüyü ağır durumdan da
çıxarır. Bir gün "Arşın mal alan"
tamaşasının premyerası zamanı Lütfəli
Abdullayev xəstələnir. Səyavuş teatrın rəhbəri
Ələsgər Şərifovdan xahiş edir ki, Vəli
rolunu əzbər bildiyi üçün ona Lütfəlini əvəz
etməyə icazə versin. Vəli obrazında səhnəyə
çıxan Səyavuş Aslan Lütfəli Abdullayevi təlqin
etməklə tamaşaçılarda xoş ovqat yaradır.
Görkəmli
aktyor 1959-1984-cü illərdə Azərbaycan Dövlət
Musiqili Komediya Teatrında, 1984-1994-cü illərdə isə
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi
çalışır.
1994-cü ildə
Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər
təyin edilən Səyavuş Aslan
1996-cı ildə yenidən
Akademik Milli Dram Teatrına qayıdaraq ömrünün sonunadək
taleyini bu sənət ocağı ilə bağlayır. O, həmişə
səhnədə ifa tərzinə xüsusi incəliklərlə
yeni çalarlar əlavə edib,
çıxışlarını teatrsevərlər və
kinosevərlər üçün estetik zövq mənbəyinə
çevirməyi bacarıb.
Aktyor öz
peşəsinin ustası idi. Onun oynaya bilməyəcəyi rol
yox idi. Səyavuş Aslan səhnə həyatı verdiyi
"Hamlet", "Böyük Romul", "Ah, Paris,
Paris", "Mənim sevimli dəlim", "Hicran",
"Poçt şöbəsində xəyal", "Varlı
qadın", "Sevgililərin cəhənnəmdə
vüsalı", "Bizim qəribə taleyimiz" və
digər teletamaşalarda yaratdığı bir-birindən
yaddaqalan obrazlar qalereyası ilə böyük
tamaşaçı sevgisi qazanıb. Sənətkar kimi o
özünü dünya dramaturgiyasında, klassik dramaturgiyada
sınağa çəkərək uğurlu nəticə əldə
edib. Görkəmli səhnə xadimi Səyavuş Aslan həm
də məşhur kino ustası olub. Onlarla filmdə müxtəlif
xarakterli obrazlar qalereyası yaradıb. Onun "Aktrisanın təbəssümü",
"Bankir adaxlı", "Belə lazımdır",
"Bəyin oğurlanması" "Bizim qəribə
taleyimiz", "Cin mikrorayonda", "Dəvətnamə",
"Evlənmək istəyirəm", "Əhməd
haradadır?", "Əzablı yollar",
"Fırıldaqçı", "Girişmə,
öldürər!", "Hacı Qara", "Xüsusi vəziyyət",
"Köç", "Qayınana əməliyyatı"
, "Qəm pəncərəsi", "Qırmızı
qatar", "Mənim ağ şəhərim",
"Musiqi müəllimi", "Nakəs", "O
dünyadan salam", "Romeo mənim qonşumdur",
"Sabiqlər", "Sevdagül və Şarlotta",
"Sehrli çıraq", "Ulduz", "Üzr istəyirəm",
"Yaxşı qurtardıq", "Yay gününün xəzan
yarpaqları", "Yeganə çıxış
yolu", "Yol əhvalatı", "Yuxu" filmlərində
yaratdığı rəngarəng obrazlar Azərbaycan kinosunun
ən nadir incisi sayıla biləcək qədər mükəmməldir,
yaddaqalandır. Bu obrazlar əsl sənət nümunəsi
olmaqla əbədiyaşarlıq hüququ qazanmış bədii
nümunələrdir.
2013-cü il
iyunun 27-də dünyasını dəyişən unudulmaz sənətkarımız
Səyavuş Aslan yaratdığı parlaq obrazlar
qalereyası ilə sənətsevərlərin qəlbində,
o cümlədən teatrımızın, kinomuzun tarixində əbədi
olaraq qalacaq.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2023.- 16 iyul.- S.7.