Rusiyanın
iddiaları əsassızdır
Rusiya Xarici İşlər Nazirliyinin
iyulun 15-də üçtərəfli
Bəyanatı və sülh prosesini şərh edən bəyanatında bölgədə,
guya, gərgin humanitar vəziyyətin davam etdiyi qeyd
olunub.
Azərbaycan Xarici
İşlər Nazirliyinin
cavabında Rusiyanın
iddialarının əsassız
olduğu bildirilib, bölgədə Rusiya sülhməramlı kontingentinin
müşahidəsi altında
erməni silahlı qüvvələrinə dəstək
verildiyi bir daha diqqətə çatdırılıb.
Mövzu ilə
bağlı Milli Məclisin deputatlarının
fikirlərini öyrəndik.
Sülhməramlıların fəaliyyəti sülhə
xidmət etməlidir
Milli Məclisin
deputatı Azər Badamov qeyd edib
ki, Rusiya sülhməramlılarının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında
öz üzərinə
götürdüyü öhdəliklərini
yerinə yetirməməsi və separatçılara dəstək
verməkdə davam etməsi regionda əməkdaşlığın və təhlükəsizliyin
təminatına mane olur. Belə ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli
Bəyanata əsasən,
Rusiya sülhməramlılarının
Qarabağa yerləşdirilməsi
ilə paralel olaraq, erməni hərbi birləşmələri
ərazilərimizi tərk
etməli idi. Lakin müharibənin başa çatmasından
ötən üç
ilə yaxın müddətdə Ermənistanın
hərbi birləşmələri
ərazilərimizdən nəinki
çıxarılmayıb, əksinə, güclərini
artırmaq istiqamətində
onlara dəstək göstərilib.
"Təsadüfi
deyil ki, ötən müddət ərzində Qarabağa qanunsuz yolla silah-sursat və hərbi təyinatlı mallar daşınıb, canlı qüvvənin rotasiya olunmasına şərait yaradılıb.
O cümlədən Zəngəzur
dəhlizinin açılması
da Rusiyanın nəzarəti altında icra edilməli idi. Lakin Rusiya
tərəfindən hələ
də bu istiqamətdə hər hansı bir təşəbbüs irəli
sürülməyib", - deyə A.Badamov bildirib.
Deputatın sözlərinə
görə, Laçın
yolunun humanitar məqsədlər üçün
açıq olduğunu
Beynəlxalq Ədalət
Məhkəməsi təsdiq
etdiyi halda, Rusiya Xarici İşlər
Nazirliyinin bəyanatında "Bölgədə
humanitar böhran getdikcə dərinləşir.
Yerli əhali ərzaq, dərman, ilkin tələbat mallarının kəskin çatışmazlığını yaşayır, elektrik enerjisi və qaz təchizatından praktiki olaraq məhrumdur. Bu, Qarabağ erməniləri
- bölgənin sadə
sakinləri üçün
ən dramatik nəticələrə səbəb
ola bilər. Biz Azərbaycan rəhbərliyini Laçın
dəhlizinin blokunun dərhal açılması,
bu dəhlizlə hər iki istiqamətdə
vətəndaşların, nəqliyyat vasitələrinin
və yüklərin maneəsiz hərəkətinin
bərpası, eləcə
də rayonun enerji təchizatı üçün təcili
tədbirlər görməyə
çağırırıq" kimi əsassız fikirlərin yer alması Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması
prosesinə əngəl
törətmək cəhdindən
başqa bir şey deyil.
Azər
Badamov vurğulayıb
ki, üçtərəfli
Bəyanat imzalananda Rusiya öz öhdəliklərini təsdiqləyib
və sənədə
imzasını atıb:
"Belə olan halda Rusiya öz
imzasına hörmətlə
yanaşmalı və
sülhməramlılar bölgədə
yerləşdirilmələrinin əsas məqsədinə
xidmət etməlidirlər.
Rusiya separatçıları
dəstəkləyən bəyanatlar
verməkdə davam edərsə, sülhməramlıların
ərazilərimizdə qalıb-qalmamaları
gündəmə gətirilə
bilər. Sülhməramlılar
2025-ci ildə öz missiyasını başa çatdırdıqdan sonra
ərazilərimizdən çıxmalıdırlar.
Amma onlar bu gün xidmətlərini
ədalətli şəkildə
davam etdirsələr,
regiona sülhün gəlişi sürətlənər
və əməkdaşlıq
mühiti də bir o qədər tez formalaşar".
Laçın sərhəd-keçid
məntəqəsinin yaradılması
Azərbaycanın suveren
hüququdur
Milli Məclisin
deputatı Vüqar Bayramov bildirib ki, Laçın sərhəd-keçid məntəqəsinin
yaradılması Azərbaycanın
suveren hüququdur:
"Ona görə də Rusiyanın bu mövzu ilə
bağlı haqsız
iddiaları qəbuledilməzdir.
Rusiya sülhməramlılarının
Qarabağda müvəqqəti
yerləşdirilməsində məqsəd həmin ərazilərdəki qanunsuz
erməni silahlı dəstələrinin çıxarılmasını
təmin etmək idi. Lakin təəssüf
ki, biz bunun
əksini - sülhməramlılar
tərəfindən qanunsuz
silahlı birləşmələrə
dəstək verildiyini
müşahidə edirik".
Deputat deyib ki, əvvəlki dövrlərdə də sülhməramlıların müşayiəti
ilə Azərbaycan ərazisinə silahların
daşınmasının və
ya buna cəhdlər
edilməsinin şahidi
olmuşuq: "Bu ondan xəbər verir ki, Qarabağda
müvəqqəti yerləşdirilmiş
kontingent öz mandatına uyğun fəaliyyət göstərmir.
Həm Rusiya sülhməramlıları, həm
də Ermənistan
2020-ci ilin noyabrında
imzalanmış üçtərəfli
Bəyanatın şərtlərinə
əməl etməli,
öhdəliklərini yerinə
yetirməlidirlər. Qarabağda
erməni silahlı dəstələrinin dəstəklənməsi
Azərbaycanın suveren
qərarlarının əksinə
çıxmaq, beynəlxalq
hüquq çərçivəsində
həyata keçirilən
fəaliyyətlərə qərəzli
münasibət sərgiləmək
deməkdir".
Moskvadan səslənən
bəzi bəyanatlar ümumi niyyətlərimizlə
üst-üstə düşmür
Milli Məclisin
deputatı Bəhruz Məhərrəmov deyib ki, Rusiya sülhməramlı
kontingenti Azərbaycanın
beynəlxalq hüquqla
tanınan ərazilərinə
10 noyabr üçtərəfli
Bəyanatına əsasən
5 il müddətinə
yerləşdirilib. Bəyanatla
Azərbaycan tərəfi
üzərinə düşən
bütün öhdəlikləri
yerinə yetirib, kontingentin istər yerləşmə, istər
logistik təminatı,
istərsə də rahat fəaliyyəti üçün lazımi
şərait yaradıb.
"Lakin təəssüf
doğuran haldır ki, Azərbaycanın beynəlxalq hüquqa və mehriban qonşuluq münasibətlərinə
sədaqəti, Rusiya ilə aramızda müttəfiqlik qarşılıqlı
fəaliyyəti haqqında
Bəyannamə, eləcə
də Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın ərazi bütövlüyünü
və suverenliyini dəstəkləyən çıxışları
fonunda bəzən şimal qonşumuzun münasibətlərin ruhuna
zidd olaraq arzuolunmaz reaksiya və davranışların
şahidi oluruq. İlk növbədə
10 noyabr Bəyanatının
4-cü maddəsində açıq
mətnlə ifadə
olunur ki, "Rusiya Federasiyasının sülhməramlı kontingenti
erməni silahlı qüvvələrinin çıxarılması
ilə paralel şəkildə yerləşdirilir".
Bu günə qədər Ermənistanın
özünün də
etiraf etdiyi kimi, sülhməramlıların
müvəqqəti nəzarət
zonasında həm Ermənistan silahlı qüvvələrinin 10 mindən
artıq heyəti, həm də separatçıların qanunsuz
hərbi birləşmələri
mövcuddur. Yəni
10 noyabr Bəyanatının
şərtləri, konkret
olaraq 4-cü maddə
ilə müəyyən
olunmuş öhdəliklər
kobud surətdə pozulmaqdadır", - deyə
deputat bildirib.
Bəhruz Məhərrəmov
vurğulayıb ki, bundan başqa, 22 fevral 2022-ci il tarixli "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik
qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamə"nin
9-cu maddəsi ilə Rusiya 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci və 26 noyabr 2021-ci il tarixli bəyanatların
müddəalarının həyata
keçirilməsi üzrə
səylərə bundan
sonra da hər cür dəstək verəcəyi
barədə öhdəlik
götürüb. Lakin
Rusiya tərəfi öhdəliklərini tam olaraq yerinə yetirmir, üstəlik, Azərbaycan Xarici İşlər Nazirliyinin
bəyanatında da ifadə olunduğu kimi, sülhməramlıların
müşahidəsi altında
erməni silahlı qüvvələrinə dəstək
verir.
Deputatın sözlərinə
görə, bu dəstək yalnız sülhməramlı kontingentin
komandanlığının mövcud vəziyyətə
göz yummasında ehtiva olunmur: "Sülhməramlılar, həmçinin
separatçılara, onların
qanunsuz hərbi-cinayətkar
dəstələrinə, o cümlədən Ermənistanın
fərari ordusunun Qarabağdakı qalıqlarına
mühəndis-istehkam işlərində,
daşımalarda açıq
formada kömək edirlər. Ekofəalların aksiyasına
qədər isə sülhməramlılar separatçılar
üçün açıq
formada silah-sursat daşımalarını həyata
keçirirdilər".
Bəhruz Məhərrəmov
bildirib ki, Azərbaycan ümumbəşəri
dəyərlərə sadiq
olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində
yaşamağı və
bu məqsədlə qarşılıqlı fəaliyyət
göstərməyi ali
niyyət kimi bəyan edib: "O cümlədən Rusiya ilə münasibətlər
də bir çox aspektlərdə bizim üçün vacib əhəmiyyətə
malikdir. Azərbaycan tərəfi 2020-ci ilin noyabrında regionda atəşin və bütün hərbi əməliyyatların tam
dayandırılmasında Rusiya
Federasiyasının vasitəçiliyini,
o cümlədən Vladimir
Putinin Azərbaycanın
suverenliyi və ərazi bütövlüyünə
verdiyi açıq dəstəyini yüksək
qiymətləndirir. Unutmaq
olmaz ki, Rusiya tərəfi də dəfələrlə
Azərbaycan liderinin mövqeyini alqışlayıb,
ölkəmizin qonşuluq-tərəfdaşlıq
münasibətlərində etibarlı mövqeyinə
görə şəxsən
Rusiya Prezidenti dəfələrlə minnətdarlığını
ifadə edib".
Deputat əlavə
edib ki, lakin Moskvadan səslənən bəzi
bəyanatlar, o cümlədən
sülhməramlı kontingentin
regionda sülhə təhdid yaradan fəaliyyəti ümumi niyyətlərimizlə üst-üstə
düşmür. Hesab
edirəm ki, bu qeyri-adekvat davranışlar səmərəli
inkişaf edən əlaqələrimiz üçün
əngələ çevrilir.
Xüsusilə belə
həssas geosiyasi məqamda buna qətiyyən imkan vermək olmaz.
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
18 iyul.- S.9.