Ermənistanın əsassız iddiaları bir daha ifşa olundu

 

Beynəlxalq Ədalət Məhkəməsi  bu dəfə hüququn aliliyini müdafiə etdi

 

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 2023-cü il 22 fevral tarixli qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib. Məhkəmə bu qərarı ilə Ermənistanın Azərbaycan sərhədçilərini Laçın sərhəd nəzarət-keçid məntəqəsindən çıxarmaq tələbini yekdilliklə rədd etdiyini təsdiqləyib. Bununla da Ermənistanın ölkəmizə qarşı qaldırdığı növbəti əsassız iddiası beynəlxalq səviyyədə iflasa uğrayıb.

Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

 

Azərbaycanın atdığı addımlar beynəlxalq hüquq normaları çərçivəsindədir

 

Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi bu qərarı ilə hüququn aliliyini müdafiə edib: "Bu bir daha sübut edir ki, Azərbaycanın atdığı addımlar beynəlxalq hüquq normaları çərçivəsindədir. Ermənilərin iddiaları isə onların işğalçı mövqeyini müdafiə etməkdən başqa bir şey deyildi. Onların iddiaları tamamilə yalan böhtandır".

Deputatın sözlərinə görə, Ermənistanın müraciəti elə bu səbəbdən əsassız hesab edildi, yəni yalanları növbəti dəfə ifşa olundu. A.Mollazadənin fikrincə, erməni yalanlarının ifşası davam etdirilməli, beynəlxalq ictimaiyyət düzgün məlumatlandırılmalıdır. Ermənistan beynəlxalq hüquq normalarına əməl etməyə məcburdur.

"Hazırda bu ölkənin arxasında duran ona dəstək verən qüvvələr bölgədə sabitliyi pozmağa çalışırlar. Beynəlxalq Ədalət Məhkəməsinin belə bir vaxtda ədalətli qərar verməsini xüsusilə alqışlayıram. Düşünürəm ki, bütün beynəlxalq təşkilatlar məhz hüququn aliliyinə riayət etməli, lazımi addımları beynəlxalq hüquq çərçivəsində atmalıdırlar. Unutmaq olmaz ki, Azərbaycan haqqı, ədaləti artıq bütün dünyaya nümayiş etdirir", - deyə deputat vurğulayıb.

 

Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı əsassız müraciətlərdən ən çox əziyyət çəkən elə  Ermənistanın özü olacaq

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın əleyhinə belə bir qərar qəbul etməsi onlara ünvanlanmış növbəti mesajdır. Bu məhkəmə sözügedən qərarı ilə mövqeyini bir daha qəti olaraq ifadə etdi. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi yaradılması Azərbaycanın suveren hüququdur.

"Ermənistanın artıq başqa yolu yoxdur. Rəsmi İrəvan Azərbaycanın şərtlərini qəbul edərək sülh müqaviləsini imzalamalıdır. Beynəlxalq Ədalət Məhkəməsi, ayrı-ayrı dövlətlər, eləcə beynəlxalq təşkilatlar bu barədə dəfələrlə öz mövqelərini bildiriblər. Lakin təəssüf ki, Ermənistan heç bir nəticə çıxarmır, müraciətlərini eyni qaydada davam etdirir. Bununla yanaşı, ölkəmizə qarşı təxribatlar törətməkdən əl çəkmir", - deyə deputat bildirib.

C.Məmmədovun sözlərinə görə, bu gün ABŞ Avropa İttifaqı daxil olmaqla, demək olar ki, əksər dövlətlər Ermənistana açıq mesaj verirlər ki, Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladıqları bu cür müraciətlərin perspektivi yoxdur. Ona görə bədnam qonşumuz artıq real addımlar atmalı, dəst-xətinə uyğun olmasa da, ədalətli davranış nümayiş etdirməlidir.

Deputat vurğulayıb ki, Qarabağ Şərqi Zəngəzur beynəlxalq hüquqa əsasən Azərbaycanın suveren əraziləridir: "Həmin ərazilərdə yaşayanlar da Azərbaycan vətəndaşlarıdırlar. Belə olan halda, Ermənistan Azərbaycanın şərtlərini qəbul etməyə məcburdur. Anlamalıdır ki, vaxt keçdikcə bu davranışlarından, Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı əsassız müraciətlərdən ən çox əziyyət çəkən elə Ermənistanın özü olacaq".

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 18 iyul.- S.8.