Ombudsman:
Ermənistan ətraf mühitlə bağlı
tərəfdar çıxdığı
beynəlxalq konvensiyalara
əməl etmir
Azərbaycan Respublikasının
insan hüquqları üzrə müvəkkili
(ombudsmanın) Səbinə
Əliyeva Ermənistan
tərəfindən törədilən
beynəlxalq ekoloji cinayətlərlə bağlı
müraciət yayıb.
“Azərbaycanın beynəlxalq
hüquqla tanınmış
ərazilərini 30 il
müddətində işğal
altında saxlayan Ermənistan sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri
törətməklə yanaşı,
regionun ekoloji təhlükəsizliyinə də
ciddi zərər vurub və vurmaqda
davam edir. Ermənistanın münbit
torpaqlara, su hövzələrinə, atmosferə,
meşə fonduna, flora və faunaya,
mineral sərvətlərə
və enerji mənbələrinə vurmuş
olduğu zərər
təkcə ölkəmizdə
deyil, bütövlükdə
regionda ekoloji tarazlığın pozulması
ilə nəticələnib.
Bütün bunlar Ermənistanın ekoloji cinayətlər törətməsini,
ekologiya və ətraf mühitlə bağlı qoşulduğu
beynəlxalq konvensiyalarla
üzərinə götürdüyü
öhdəlikləri yerinə
yetirməməsini bir
daha sübut edir. Lakin ətraf
mühitin mühafizəsi
sahəsində fəaliyyət
göstərən beynəlxalq
təşkilatların və
beynəlxalq qeyri-hökumət
təşkilatlarının Ermənistanın yaratmış
olduğu qlobal təhlükə mənbəyi
olan problemə susqunluq nümayiş etdirməsi bizdə dərin təəssüf
hissi doğurur”, - deyə müraciətdə
bildirilir.
Qeyd edilir ki, ekoloji tarazlığın
pozulması ilə nəticələnən cinayətlərin
qarşısının alınması,
cinayətkarların cəzalandırılması,
bu sahədə mövcud beynəlxalq və milli qanunvericilik
aktlarının tələblərinin
hər bir dövlət tərəfindən
icrasının təmin
edilməsi qarşıda
duran vacib məsələlərdən biridir.
Lakin mövcud ikili standartlar, beynəlxalq təşkilatların
susqunluğu və cəzasızlıq mühitinin
hökm sürməsi
Ermənistanın qlobal
və regional ekoloji problemlərə səbəb olan cinayətlərini davam etdirməsinə rəvac verir. Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri də Azərbaycanla
həmsərhəd bölgədə
və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyən
kəndində 16 min
500 kvadratmetr sahədə
illik istehsal gücü 180 min ton olan 70 milyon
dollarlıq iri metallurgiya zavodunu inşa etmək istəyidir. Həmin ərazidə belə bir yeni zavodun
tikilməsi və tullantıların Cənubi
Qafqazın ikinci böyük çayı olan Araz çayına
axıdılması nəinki
bu çayın, eyni zamanda, Arpaçayın
çirklənməsinə gətirib çıxara bilər. Tikiləcək zavodun fəaliyyəti nəticəsində havaya
buraxılan zəhərli
qaz fauna və floraya ciddi təsir göstərəcək. Həmçinin
metallurgiya zavodu fəaliyyətə başlayarsa,
geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə
səbəb olacaq. Bununla Ermənistan yenə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi
Komissiyasının Transsərhəd
kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında
Konvensiyasının (Espo
Konvensiyası) müddəalarını
da kobud surətdə pozur.
Diqqətə çatdırılır
ki, bundan əlavə, istismar müddətinin bitməsinə
baxmayaraq, hələ də Ermənistanda fəaliyyət göstərən
Metsamor Atom Elektrik Stansiyasının
(AES) yalnız Azərbaycan
və Ermənistanın
özü üçün
deyil, bütövlükdə
Cənubi Qafqaz üçün real təhlükə mənbəyi
olduğunu xüsusilə
qeyd etmək lazımdır.
“Azərbaycan ombudsmanı
olaraq tərəfimdən
hələ 2021-ci il yanvarın 27-də “Metsamor
AES-in bütün bölgə üçün
potensial təhlükəsi
barədə” Bəyanat
qəbul edilib, beynəlxalq təşkilatlar
Çernobıl və
Fukuşimaya bənzər
növbəti fəlakətin
qarşısını almaq
üçün stansiyanın
təcili olaraq bağlanması, işinin
təhlükəsiz şəkildə
dayandırılması və
radioaktiv tullantıların
ciddi beynəlxalq nəzarət altına alınması üçün
təcili tədbirlər
görməyə çağırılıb.
Lakin Ermənistan beynəlxalq təşkilatların
“Metsamor” AES-in fəaliyyəti ilə bağlı narahatlıqlarına
belə əhəmiyyət
verməyib, bu stansiyanın fəaliyyətini
2026-cı ilə və
ondan sonrakı müddətə qədər
uzadıb”, - deyə S.Əlliyeva vurğulayıb.
Eyni zamanda, Ermənistanın iri mədən müəssisələri
– Qacaran mis-molibden zavodunun və Qafan filiz emalı
kombinatının, o cümlədən
Ley-Liçkivaz qızıl
yataqlarının kimyəvi
tərkibə malik sularının uzun illər ərzində transsərhəd çay olan Oxçuçaya axıdılması bölgədəki
bütün su ehtiyatlarının keyfiyyətinə
mənfi təsir göstərir ki, bu da insanların
yaşamaq və sağlam ətraf mühitdə yaşamaq hüquqlarını birbaşa
təhlükə qarşısında
qoyur.
Ermənistanın su
mənbələrini qərəzli
şəkildə çirkləndirməsi
faktlarından biri də əkinçilik üçün yararlı
torpaqların suvarılmasını
təmin edən Sərsəng su anbarıdır. Yeri gəlmişkən, Avropa Şurasının Parlament
Assambleyasının qətnaməsində
Sərsəng su anbarının texniki parametrlər baxımından
uyğunsuzluğunun insanların
həyat və sağlamlığı üçün
potensial təhlükə
yaratdığı, eyni
zamanda, ciddi fəlakətlərə yol
açacağı vurğulanmış,
Ermənistanın hərəkətləri
qlobal ekoloji problemlərə gətirib
çıxaran təcavüz
aktı kimi qiymətləndirilib.
Araşdırmalar göstərir
ki, işğaldan azad olunmuş torpaqlarda məhv edilmiş ekosistemin bərpası üçün
uzun illər və külli miqdarda vəsait tələb olunur. Ölkəmiz üçün
aktual məsələyə
çevrilən, çoxsaylı
insan itkilərinə və xəsarətlərə
səbəb olan mövcud mina problemi yüz minlərlə keçmiş
məcburi köçkünün
doğma yurdlarına təhlükəsiz qayıdışını
ləngitməklə yanaşı,
işğaldan azad edilmiş ərazilərimizdə
aparılan genişmiqyaslı
tikinti-quruculuq və bərpa işlərinə,
eləcə də sülhə maneə yaradır.
“Minalanmış ərazilərin,
o cümlədən kütləvi
məzarlıqların dəqiq
xəritələrinin ölkəmizə
təhvil verilməsi ilə bağlı mütəmadi şəkildə
beynəlxalq təşkilatlara
və aidiyyəti qurumlara müraciətlər
etsək də, əfsuslar olsun ki, Ermənistan hökuməti hələ
də dəqiq mina xəritələrinin
təhvil verilməsi istiqamətində hər hansı bir real addım atmır, müxtəlif bəhanələrlə bu
işdən boyun qaçırır. Əksinə,
beynəlxalq səviyyədə
heç bir təzyiqə məruz qalmadığından daha
da ruhlanaraq Azərbaycanın BMT tərəfindən
tanınmış və
hazırda işğaldan
azad olunmuş ərazilərində təxribat-diversiya
qrupları vasitəsilə
minalama prosesini davam etdirir, öz əməlləri ilə insanların həyat və sağlamlığına, o cümlədən
ətraf mühitə
ciddi təhlükə
yaradır. Bütün
bunlar isə, ilk növbədə, Ermənistanın ətraf
mühitlə bağlı
tərəfdar çıxdığı
beynəlxalq konvensiyalara
və digər beynəlxalq müqavilələr
üzrə öhdəliklərinə
də məqsədli şəkildə əməl
etmədiyini bir daha sübut edir.
Azərbaycan ombudsmanı olaraq ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını Ermənistanın törətmiş olduğu ekoloji cinayətlər nəticəsində yaranmış qlobal və regional ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi sahəsində mövcud beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və gələcəkdə bu kimi əməllərin təkrarlanmaması məqsədilə birgə qətiyyətli addımlar atmağa dəvət edirik”, - deyə müraciətdə vurğulanıb.
Azərbaycan.-2023.- 18 iyul.- S.8.