Böyük
qayıdışın köçü
də böyük olur
İşğaldan azad
edilmiş ərazilərimizin
dirçəldilməsi, bərpa
edilərək yenidən
qurulması bu gün Azərbaycan dövlətinin prioritet fəaliyyət sahəsidir.
Təsadüfi deyil ki, Böyük qayıdış proqramı
çərçivəsində ermənilərin viran qoyduqları yurd yerlərimiz sürətlə
simasını dəyişir.
Əslində, Böyük
qayıdışın ilk
qaranquşları Cocuq
Mərcanlı kəndinin
sakinləri olmuşlar.
Yeddi il əvvəl - 2016-cı ildə
Aprel döyüşləri
zamanı Lələtəpə
yüksəkliyi azad ediləndən sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam
imzalamışdır. Həmin
sənədə əsasən,
ilkin olaraq 50 mənzil və 100 şagirdlik məktəb binası tikilmiş, müvafiq infrastruktur yaradılmışdır. Bundan
sonra 50 ailə kəndə köçürülmüşdür.
Beləliklə, Cocuq Mərcanlıya qayıdış
yurd həsrətinə
son qoymağın qığılcımı, qayıdışın
isə başlanğıcı
olmuşdur. Bu qayıdışla el-oba həsrətini, yurd yerlərinin nisgilini inam, ümid dolu sevinc əvəzləmişdir.
Təkcə qaçqın,
köçkün insanların
qaysaq bağlamış
yarasının sağalması
deyildi bu dönüş, həm də bütünlükdə
Azərbaycan xalqının
gözünə işığın
gəlməsi idi.
Cocuq Mərcanlıdan
6 il sonra qayıdışın davamının
növbəti ünvanı
Həkəri çayının
sol sahilində yerləşən Ağalı
kəndi oldu. Dövlət başçısının
şəxsi nəzarəti
sayəsində ərsəyə
gələn Ağalı
"ağıllı kənd"ə
çevrildi. Sakinlərin
ixtiyarına yaşayış
evləri ilə yanaşı, ən zəruri infrastruktur obyektləti, o sıradan məktəb
və xəstəxana
verildi, "Azərpoçt"
MMC-nin, "ASAN xidmət",
DOST, həmçinin KOBİA-nın şöbələri
yaradıldı. Bu gün doğma kəndlərinə dönmüş
ağalılılar həyatlarından
razıdırlar. Onu da qeyd edək
ki, 200 evdən ibarət olacaq Ağalı heç bir beynəlxalq qurumun, xarici dövlətin yardımı
olmadan ərsəyə
gəlir. Bu barədə Prezident İlham Əliyev ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə də
demişdir: "Biz hər şeyi planlı şəkildə
edirik, orada ən yüksək standartlar tətbiq edilir və edilməlidir. Bütövlükdə
nəzərdə tutulmuş
investisiya proqramı əsasında bu ilin sonuna qədər
Qarabağ və Şərqi Zəngəzura
biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin
edəcəyik. Onu da bildirməliyəm ki, görülən bütün işlər Azərbaycanın hesabına
həyata keçirilir.
İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın
büdcəsi hesabına
və Azərbaycanın
dövlət şirkətləri
tərəfindən həyata
keçirilir. Eyni zamanda Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki,
onları əsaslı
şəkildə bərpa
edir". Artıq 420 nəfər - 86 ailə bu hesaba hər
bir şəraiti olan evlə təmin edilib.
Çox
keçmədən Tərtər
rayonunun Talış kəndi də Böyük qayıdışın
daha bir ünvanı oldu. Azərbaycan hökuməti
Talışda da bərpa və quruculuq işlərini qısa müddətdə
yerinə yetirdi. Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda müvəqqəti məskunlaşmış
20 ailə (90 nəfər)
Novruz bayramı ərəfəsində öz
dədə-baba yurdlarına
köçdülər. Əvvəlcədən
Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsi
kənddə məskunlaşdırılacaq
20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri
əsasında ev bölgüsü aparmaq üçün püşkatma
keçirmişdi. Püşkatma
nəticəsində ailələrin
hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilmişdi.
Təbii ki, 20 ev Talışın ilk dönüş ocaqlarıdır. Kənddə
yaxın zamanda daha 178 ev tikilib
istifadəyə veriləcək.
Ağalı və
Talış kəndlərində
Böyük qayıdış
proqramı çərçivəsində
yerli sakinlərin məşğulluğuna dəstək
tədbirləri də
həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət
Məşğulluq Agentliyi
tərəfindən bu
kəndlərdə artıq
190 nəfər aktiv məşğulluq proqramları
ilə əhatə olunub. Onlardan 19 nəfəri Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi
(KOBİA) ilə birgə
təşkil olunan biznes təlimlərinə
cəlb edilib və təlimlərdən
sonra aktivlər alaraq kiçik təsərrüfatlarını yaradıblar. Bundan əlavə, 21 nəfər
peşə hazırlığı
kursu keçəndən
sonra, 13-nəfər isə
"İşəgötürənlə
birgə işçilərin
əməkhaqqının maliyyələşdirilməsi"
proqramı üzrə
işlə təmin olunub.
Qarabağ və
Şərqi Zəngəzurda
aparılan yenidənqurma
və bərpa işlərinin sürəti
imkan verir deyək ki, işğaldan azad olunan digər ərazilərə də tezliklə köç başlayacaq. Laçın
rayonunun inzibati ərazisinə daxil olan Zabux və
Sus kəndləri artıq öz sakinlərini qəbul etməyə hazırlaşır.
Azərbaycan hökuməti
qarşıdakı qısa
zamanlarda həmin kəndlərin sakinlərinin
öz dədə-baba
torpaqlarına qovuşması
üçün hər
cür şərait yaratmağa çalışır.
Nəzərdə tutulur
ki, ilin sonuna kimi Zabux
və Susda 296 ailə məskunlaşsın.
Dövlət başçısının
adıçəkilən müşavirədə
söylədiyi fikirlər
də yerinə düşür: "Biz bütün güclərimizi
səfərbər etmişik.
İlin sonuna qədər Laçın
şəhərinin Zabux
və Sus kəndlərinə də
keçmiş məcburi
köçkünlər qayıdacaqlar.
Qayıdış proqramı
ardıcıllıqla aparılır
və beləliklə,
ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə
- bir şəhər və dörd kəndimizdə vətəndaşlar
öz dədə-baba
torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə
Böyük qayıdış
proqramının birinci
mərhələsində 100 yaşayış məntəqəsinin
yenidən qurulması
nəzərdə tutulur.
Mən şəxsən
30 yaşayış məntəqəsinin
- 8 şəhər, 22 qəsəbə
və kəndin təməlinin qoyulmasında
iştirak etmişəm.
Baş planlar hazırlanıb təsdiqlənib,
bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə
infrastruktur layihələri
icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara
bilmərik. Eyni zamanda yaşayış evlərinin inşası sürətlə gedir. Mən Laçın şəhərinin timsalında
bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük
hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən
çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər
hazırlanır. Laçın
şəhərinin gələcək
inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq". Daha sonra isə Ağdamın 3 kəndinə,
eləcə də Hadrut qəsəbəsinə
və Tuğa köçün reallaşacağı
planlaşdırılır.
Böyük qayıdışın
köçü də
böyük olur. Bu köç yurd yerlərinə qayıdışın təkcə
30 illik həsrətinə,
nisgilinə son qoymur, həm də illərin mənəvi-psixoloji sarsıntısını
yox edir, insanları mənəvi əzab-əziyyətdən qurtarır.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2023.-
18 iyul.- S.10.